Tələbələr arasında yeni müsabiqə elan olundu

telebeler-arasinda-yeni-musabiqe-elan-olundu
Oxunma sayı: 633

1993-cü il fevral ayının 26-da İstanbulda 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QİƏTPA), 1998-ci ildə isə bu əməkdaşlıq çərçivəsində Rumıniyanın Konstantsa şəhərində Qara Dəniz Universitetlər Assosiasiyası yaradılıb.

20 illik fəaliyyəti dövründə QİƏTPA üzv ölkələr arasında siyasi və iqtisadi münasibətlərin daha da yaxınlaşmasına yeni imkanlar açıb. Təşkilat bölgədə iqtisadi əlaqələrin, o cümlədən üzv ölkələr arasında işbirliyinin genişlənməsinə, özəl sektorun, ticarətin, mədəniyyətin, turizmin inkişafına təkan verib.

BDU-nun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 2013-cü ildə yaranmasının 20-ci ildönümü qeyd edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası tələbələr arasında “Qara dəniz regionu 20 il ərzində” mövzusunda esse müsabiqəsi elan edir. Müsabiqənin şərtləri ilə QİƏTPA tərəfindən tərtib olunmuş elanda tanış olmaq olar.

Esselər 1 dekabr 2012-ci il tarixinə qədər Azərbaycan Respublikası üzrə müsabiqə komissiyasına təqdim olunmalıdır. Müsabiqə komissiyasına Azərbaycan Parlamentinin üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının vitse-prezidenti, AMEA-nın müxbir üzvü, professor Asəf Hacıyev sədrlik edəcək.

Müsabiqənin Azərbaycan üzrə qalibi 2013-cü ildə keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Yubiley mərasimlərində iştirak etmək hüququ qazanacaqdır. Bununla yanaşı qaliblərin esseləri QİƏTPA-nın 20 illiyinə həsr olunmuş xüsusi kitabda və “Letters from the Black Sea” (BSUN) Beynəlxalq jurnalda çap olunacaqdır.

Tələbələr tərəfindən yazılmış esselər iki nüsxədə (elektron variantı ilə birlikdə) 1 dekabr 2012-ci il tarixə qədər aşağıdakı ünvana təqdim olunmalıdır: Bakı Dövlət Universiteti, Z.Xəlilov küç.,23, Əsas bina, Tədrisin təşkili və təlim texnologiyalı üzrə prorektorluq.

Nigar Məmmədli