Tələbələr arasındakı dava ilə bağlı -Açıqlama

telebeler-arasindaki-dava-ile-bagli-aciqlama
Oxunma sayı: 660

Türkiyənin Anadolu Universitetində tələbələr arasında baş vermiş qarşıdurmanın hər hansı siyasi motivi yoxdur. APA-nın məlumatına görə, bunu Əskişəhərdə yerləşən Anadolu Universitetinin rektoru, professor Davud Aydın deyib.

Rektor bildirib ki, universitetdə 110 ölkədən 20 min əcnəbi tələbə təhsil alır, azərbaycanlı tələbələrin sayı da 300 nəfərdir: “Tələbələr idman meydançasında topla oynayarkən top bir tələbənin üzünə dəyib. Gənclər buna görə dava ediblər. Hadisənin təfərrüatı bundan ibarətdir. Onu da qeyd edim ki, Türkiyə hazırda həssas bir dönəmdədir, ona görə də bu tip hadisələrdə digər səbəblər göstərilə bilər. Amma bu olayın arxasında heç bir siyasi motivi yoxdur”.

D. Aydının sözlərinə görə, hadisə zamanı xəsarət almış azərbaycanlı tələbənin vəziyyəti yaxşıdır və narahatlığa əsas yoxdur.

Universitet rektoru onu da əlavə edib ki, mayın 7-də Anadolu Universitetində “Heydər Əliyev Elm və Araşdırma Mərkəzi”nin açılışı olacaq və Türkiyədə yaşayan 35 azərbaycanlı sənətçinin əsərlərindən ibarət rəsm və karikatura sərgisi açılacaq.