Telefonu da özündən ağıllı...

telefonu-da-ozunden-agilli
Oxunma sayı: 2405

Qan Turalı

Google 9 mayda yeni məhsulu Google “Dublex”-i təqdim etdi.

Nədir bu?

Demək, “Dublex” vasitəsi ilə telefonunuz sizin yerinizə digər insanlara zəng vura və danışa bilir.

Əlbəttə, “Dublex” vasitəsi ilə kiməsə Haydeggerdən danışa, ya da sevgilinizə saatlarla şeir oxuya bilmərsiz.

Proqram hələlik taksi çağırmaq, restoranda yer ayırmaq, otel rezervasiya etmək kimi sadə məsələlərdə işə yararlıdır.

Təqdimat mərasimində “Dublex”in qadın bərbərinə zəng vurub özü üçün yer saxlatdığı nümayiş etdirildi.

Bərbərxana əməkdaşı “Dublex”in istədiyi tarixdə yer olmadığını desə də “Dublex” başqa bir saat istədi və o saata yazıldı.

Səs orijinala yaxındır və zəng vuranın robot olduğu bilinmir.

Bu da bir az mübahisələr yaratdı.

Google robot səsinin “Terminator” kimi danışacağı halda insanların üşənəcəyini dedi.

Lakin etiraz dalğası dayanmadı.

Bir çox insan özləri ilə danışanın real insan yox robot səsi olduğundan narahat olduğunu qeyd edir.

Google çarəni belə tapıb: “Zəng vuran proqram özünü süni zəka olduğunu deyəcək”.

Bu cür olsa belə bu situasiya bir çox insanı qorxudur.

Əlbəttə, psixoloji məqamdır.

Sizinlə danışanın gerçək insana yox süni zəka olduğunu bilmək sizi əlbəttə ki, narahat edəcək.

Üstəlik, filmlərdən bizə bəlli olduğu kimi bir çox insan süni zəkanın inkişafından çox qorxur.

Ən müxtəlif qorxu ssenariləri var, ən dəhşətlisi isə süni zəkanın insanları idarə edəcəyi haqdadır.

Hələlik isə “Dublex” adi məişət situasiyalarında bizə kömək edəcək.

Biz isə 9 May günü almanların qalib gəldiyi halda Mersedes sürüb-sürməyəcəyimiz barədə dərin fəlsəfi mübahisələrə dalmışdıq.

Bizdə Dublexə ehtiyac olacaqmı?

Məncə, lazımdır.

Çünki əsl zəka çox azalıb, indiki zəka səviyyəmizi “Dublex” asanlıqla idarə edə bilər.

Biz əzbərdən danışmağa öyrəşmişik.

Yəni, düşünmədən danışmağa...

Politoloqumuz Paşinyanı “ermənipərəst” adlandırır.

Bu çıxışı Dublex də asanlıqla edə bilər.

Sadəcə olaraq ona “Paşinyan ermənipərəstdir”, “Putin ruspərəstdir”, “Ruhani iranpərəstdir” alqoritmalarını yükləmək kifayətdir.

Hərçənd Dubleksin zəkasının yanında politoloqun zəkası süni görünür.

Ya da bir çox jurnalistlərin yazılarını da Dublex asanlıqla yaza ya da bir çox şərhçilərin çıxışlarını da edə bilər.

Eləcə də bir çox şairlərimizin asanlıqla təkrarlaya, hətta onlardan daha yaxşı şeir yaza da bilər.

Misal üçün, elə indicə Siriyə (İphonedəki virtual köməkçiylə) ilə belə bir söhbət elədim

Çox doğru demirmi?

Status deyiriksə, Dublex çoxumuzdan yaxşı yazar.

Ən azı “da”, “də”ni yerində işlədər.

Bunun özü də böyük uğurdur.

Bir də zırramalar var, Mirzə Cəlilin dediyi o adamlar.

Hələ də sağdılar.

Onlarla ünsiyyətdə “Dublex” çox işə yaraya bilər.

Sadəcə “Dublexi aç” və işinlə məşğul ol, o özü adamı yola verəcək.

Arada “Hə, hə”, “Sən, Quran?”, “De, sən öl” deyər, çətinə düşəndə Googleyə girib söhbəti ölməyə qoymaz.

Bəlkə ölən elə zırramanın özü olar.

Bizə Dublex lazım!!!