Televiziya heç vaxt səmimiyyəti sevməyib

televiziya-hec-vaxt-semimiyyeti-sevmeyib
Oxunma sayı: 2408

Elxan Xanəlizadə

Televiziya diktorunun unudulması haqqında “Təhminə” filmində kədərli bir dialoq var. Filmin qəhrəmanı Təhminə və iş yoldaşı, telerejissor Muxtar öz işlərinin – verilişlərinin efirdə yayımlandıqdan sonra tamaşaçılar tərəfindən unudulmaları barədə bu sahəyə yad olan Zaura gileylənirlər. Ümumiyyətlə, dünyanın hər yerində tele-radio ulduzlarının ən yaralı yerləri efirdən uzaqlaşdıqdan sonra tamaşaçının yadına düşməmələridir. Hətta, pessimist olan keçmiş tele-ulduzlar televiziyanın nankor sahə, aparıcılığın müvəqqəti başgicəlləndirən peşə olduğunu deyirlər. 

Təbii ki, öz həyat ritmini davam edən tamaşaçı nə vaxtsa, hansısa TV kanalında məşhur olan aparıcının hazırda nə işlə məşğul olduğunu düşünməli deyil. Buna görə heç kimi haqsız yerə qınamaq da olmaz. Amma Azərbaycan televiziya tarixində bu düşüncəni dağıdan, hələ də adını eşidərkən haqqında ehtiramla danışılan bir insan vardı: (“vardı” sözünü bir neçə dəfə yazıb pozdum. – müəllif) Rafiq Hüseynli. 

Haqqında artıq keçmiş zamanda danışmağın nə qədər çətin olduğunu onun tamaşaçısı olan və olmayan nəsil deyil, peşəkar televiziya mütəxəssisi ilə heç olmasa ömründə bircə dəfə ünsiyyətdə olan insanlar bilər. Rafiq Hüseynli ilə ilk dəfə tanış olanda, televiziya haqqında söhbətimiz iki saatdan çox çəkmişdi. Sonrakı və hər dəfəki söhbətlərində Rafiq müəllimdə nadir insanlara xas olan bir keyfiyyəti kəşf etmişdim. Professor güclü intuisiyası ilə növbəti sualın nə olacağını bilirmiş kimi danışırdı və qarşısındakı insan sadəcə ona qulaq asmaqla, sual-cavab etmiş kimi olurdu. Həyatın ona qarşı amansız davranışlarına güclü insan xarakteri ilə duruş gətirən Rafiq Hüseynli bəlkə də bu mənhus xəstəlik olmasaydı, hələ neçə  il televiziya sahəsinə maraq yaradan sehirli müəllim olmaqda davam edəcəkdi.

Sovet tele-şinelindən çıxmasına baxmayaraq, efirdə bayağı pafosu qətiyyətlə rədd edən Rafiq müəllimin ən böyük tərəflərindən biri də onun səmimiyyəti idi. Televiziya özü isə heç vaxt səmimiyyəti sevməyib. Həm efirdə, həm də kadr arxasında – televiziyanın mətbəxində qeyri-səmimilər ordusu olub. Rafiq Hüseynlinin faciəsi də elə bunda idi. Onun hər dəfə efirdən, vəzifədən getməsi televiziyanın vayına oturanları sevindirsə də, sadə tamaşaçının sevimli diktoru unudulmurdu ki, unudulmurdu. Aradan uzun aylar, bəzən illər keçirdi. Rafiq Hüseynli qayıdırdı və onun xoşbəxtliyi onda idi ki, tamaşaçı sanki heç boşluq olmayıbmış, o heç getməyibmiş kimi qəbul edirdi. Bununla da təkrar-təkrar sübut olunurdu ki, televiziyanın yarandığı vaxtdan bu gününədək efirdə yalnız Rafiq Hüseynli etalondur. 

Televiziya(ları)mızın özü boyda bir mütəxəssisi, bütün şüurlu həyatını efirə həsr edən Rafiq Hüseynli artıq aramızda yoxdur. Xatırlandıqca, onun fiziki yoxluğu yaxınlarını, sevənlərini, peşəkarları və ən nəhayət tamaşaçıları hər zaman sarsıtsa da, hamımızın təsəllisi var. Ömrünün müxtəlif illərində efirə hazırlaşdırdığı tələbələri ekranda göründükcə, onların danışıq tonunda, səs tembrində Rafiq Hüseynli xatırlanacaq. Çünki unudulmadığını özü sağlığında görmüşdü. Unutqan cəmiyyətlərdə bu xoşbəxtlik hər televiziya aparıcısına nəsib olmur. Günün tələbatı budur deyib, yalançı reytinqi ilə öyünən çoxunun efirdən uzaqlaşan kimi aqibəti qəddar tamaşaçıların gözü qarşısında əriyib suya dönüb. Özünü tele-ulduz sayanlar bu barədə ciddi düşünməlidir. Professor Rafiq Hüseynli isə daima Azərbaycan televiziyasının emblemi olaraq yadaşlarda dalğalanacaq. 

P.S. Diktor mətni: Azərbaycan televiziya ictimaiyyətinə ağır itki üz verib. Professor Rafiq Hüseynli uzun sürən xəstəlikdən sonra Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Tamaşaçılar ailəsinə, dostlarına və tələbələrinə dərin hüznlə baş sağlığı verir.