Televiziyada “kim çox pul verdi” yarışı…

televiziyada-kim-cox-pul-verdi-yarisi
Oxunma sayı: 7286

Raminə Eyvazqızı

Ölkədə eşidilən və yazılan ən maraqlı fikir “tibbi xidmət pulsuzdur” məsələsidir. “Pulsuz təhsil”in nəticəsində meydana gələn həmin səhiyyə bacarıqları da pulsuz ola bilərdi, amma heç cür olmur. Biz kormuşuq, biz görə bilmirik,  çiçəklənən tibbin gül-çiçəyi bizi bihuş edə bilmir. Deyəsən, bizim qoxu reseptorlarımızda problem var. Ya kütləvi şəkildə burnumuz da gözümüz, zövqümüz kimi korlanıb, ya da müalicəsi yarımçıq qalmış adamlarıq. 

O gün çıxış edən bir rəsmi şəxs “Azərbaycanda bütün xəstəliklər tam müalicə  olunur” şüarını səsləndirdi. Görünür çoxdandır, həmin şəxs canının dərdindən xarici səfərə getməyib hələ. Çünki el arasında xaricə müalicə üçün getməyən məmura birtəhər baxırlar. Müalicəyə getmirlər, sadəcə müalicənin düz getdiyini təsdiqlətməyə gedirlər. Müşahidələr  onu göstərir ki, xaricə sağlamlıqla bağlı gedən insanların çoxu sadəcə ona qoyulan diaqnozu dəqiqləşdirmək istəyir. Bəziləri bu diaqnozun tərs cavabını alır, bəzisi şad xəbərini. Bütün hallarda sosial şəbəkə və tv kanallarda biçarə xəstə insanlar üçün  kiməsə pul üçün ağız açmağa məcbur oluruq, çünki “pulsuz səhiyyə” nin bu müalicəyə gücü çatmır.

***

İndi bütün dünyanı ağuşuna alan xəstəliklər arasında ən dəhşətlisi xərçəngdir. Xəstəlik barədə ayıq-sayıqlığımız ancaq doğma-yaxınlarımız bu bəlaya düşəndə olur. Bəzisi bu dərdi aşana qədər sınaqdan keçir, bəzisi heç sınağı yaşamadan gecikmiş olur.  Allah heç kəsi bu dərdlə baş-başa qoymasın!

El arasında sayılıb-seçilən insanın bu xəstəliklə vuruşması çoxumuzu kədərləndirir. Bir qismi səssizcə kənara çəkilir, bəzisi də... Bu bir insan ağrısıdır və bu dərdlə yaşayan insanlar arasında fərqin qoyulması da başqa faciədir. Necə ki, bir müddət əvvəl Hacı Nuranın xəstəliyinin yenidən alovlanması ilə bağlı  baş verənlər, xəstəxana otağında ponisinin davranışları, Almaniya səfəri eninə-boyuna müzakirə  obyektinə çevrildi. Eyni xəstəliyi yaşayan insanlar, sıravi vətəndaşlar Hacı Nuran olmaq istədilər, o sevgidən, diqqətdən, qayğıdan arzuladılar. Onkoloji Mərkəzin qapısında, koridorunda ümidlə  yaşayan insanların  bağrı göynədi, axı onlar da insandır. Onlar da eyni xəstəliklə savaşırlar. Sizcə qara bazarda dərmanını  axtaranların haqqı pozulmadımı? Bu pozuntu bu gün də davam edir! Xəstələrə statusuna görə yanaşmaq bəlası!

Günlərdir,  əməkdar artist Tünzalənin ATV kanalındakı “pul toplama kampaniyası “davam edir. Tünzalənin xəstəliyi ilə bağlı maddi problemləri olduğu qeyd olunur, bəli, xərçəng  müalicəsi bahalı dərddir. Amma o  telekanalda evinin ipoteka borcunun ödənilməsi ilə bağlı sıxıntısından danışır.  ATV Zauru da hər gün bir siyahı ilə çıxıb filan müğənni bu qədər  pul göndərdi, deyə-deyə, avaz-avaz aktrisaya göstərilən maddi yardımdan söhbət açır. Çirkin formada, gülünc formatda. ATV-yə baxmıram, amma o məlum siyahının səslənməsi ilə bağlı baxdığım kadrlar rüsvayçı idi. Xatirə İslamın maraqla siyahıya baxması, studiyadakıların ianə edənlərin verdiyi pul məbləği arasındakı fərqi avtomatik hesablamaları üzlərindən hiss olunurdu. Bu  həm də tv mədəniyyətimizin bərbad səhnəsi idi. Nəyin hesabı verilirdi? ATV-nin məqsədi nədir? Müğənni, toy adamlarının səxavətinin sınağa çəkməkmi? “Kim çox pul verdi” yarışımı? Kimisə əksiltmək, kimisə yüksəltmək hədəflənirmi? 

Studiyada hüznlü dəqiqələri tamaçı gözünə soxmaq, yazıqlıq fonu yaratmaq, ağlamaq şousu- yenə də ATV-nin köhnə ampulasında qaldığı sübuta yetirilir. 

Neçə gündür, elə hey gözləyirdim ki, bir həkim çıxıb etirazmı, ya fikirini bildirsin. Desin ki, bu xəstəliklə insanların gözünü bu qədər qorxutmayın. Axı dünyada bu xəstəliyi aşmış, onu dəf etmiş saysız insan hekayələri var. Bizdə də bir neçə nümunəvi şəxslərin videoları var. İnsanları ağlatmaqla, onun psixologiyasını dağıtmaqla  sadəcə xəstəlik  yaratmaq olar. Axı xərçəng düşüncələrdə, fikirlərdə olanda daha qorxulu olur. Necə ki, bu formada kütləni yetişdiriblər. Bu işdə tv kanallara böyük mükafat düşür! 

Sükut pozuldu. Baş onkoloq axır ki, sözünü dedi.” Aktrisanın müalicəsi gedir, vəziyyətin yaxşılaşacağı proqnoz edilir. Bəs məsələ nədir?”  Səbəb budur:  ATV xəstəlik haqqında maarifləndirmə, xəstəliklə mübarizə əvəzinə böyük şou layihəsi hazırlayıb və Tünzalə də bu şounun bir parçasıdır. Yığılan pulların məbləği reklam olunmaqla yeni axmaq, dedi-qodu müzakirələri açılır. Amma bir nəfər qalxıb sual vermir ki, ölkədə bu qədər onkoloji xəstə var,  bəs onların maddi sıxıntaları  yoxdurmi? Axı onlar ev, maşın pulu dərdindən çox dərman pulu, dərmanının tapılmasını arzulayırlar. Ay insanlar! TV kanaldan oyunbaz dilənçi papağı kimi istifadə etməzlər axı!