TeliaSonera Azərbaycanda sərmayə qoymaqda davam edəcək

teliasonera-azerbaycanda-sermaye-qoymaqda-davam-edecek
Oxunma sayı: 649

Azercell-in ev sahibliyi ilə keçən səfər zamanı qonaqlar rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüblər.

“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı P. Blomquist bildirib ki, TeliaSonera daim yenilikci ideyalar tətbiq edərək telekommunikasiya sektorunda önə çıxmağı bacarıb. Azərbaycanda Azercell şirkəti tərəfindən təmsil olunan TeliaSonera ölkədə informasiya texnologiyalarının inkişafına sərmayə yatırmaqda bundan sonra da davam edəcəkdir. TeliaSonera prezidenti Azercell-i “Avrasiya regionunda ən böyük və əhəmiyyətli şirkətlərdən biri” kimi dəyərləndirib. Görüş zamanı qonaqlar TeliaSonera-nın Azərbaycanda yüksək səviyyəli xidmət göstərməkdə davam edəcəyini qeyd ediblər.

Nazir Ə. Abbasov “Azercell”in fəaliyyətini yüksək qiymətləndirərək bu şirkətin adının həmişə ən son və yüksək texnologiyalarla bağlı olduğunu bildirib. Nazirliklə “Azercell” arasında səmərəli işbirliyinin qurulduğunu qeyd edən nazir, gələcəkdə daha geniş sahələrdə əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.

Per-Arne Blomquist bu ilin fevralından TeliaSonera şirkətinin prezidenti və baş icraçı direktoru vəzifəsini icra edir. Telekommunikasiya sahəsində karyerasına 1989-cu ildən başlayan cənab Blomquist 2008-ci ildən etibarən TeliaSonera-nın maliyyə direktoru olmuş, bundan əvvəl isə şirkətin müxtəlif təsisatlarında işləyib.

Əsası 1850-ci ildə qoyulan TeliaSonera-nın hazırda dünya üzrə 183 milyon abunəçisi var. 28 minə yaxın əməkdaşı olan şirkət indi Avrasiyanın telekommunikasiya sahəsində ən böyük sərmayədar hesab olunur. TeliaSonera Baltik regionundan tutmuş Avrasiya məkanına kimi bir çox ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, İspaniya və Nepalda fəaliyyət göstərən bir holdinqdir. Şirkətin məqsədi müştərilərə ən yüksək keyfiyyətli xidmət göstərməklə bu ölkələrin bazarında ən cəlbedici brend olmaqdır.

Nigar Məmmədli