TeliaSonera dünyanın 100 ən dayanıqlı şirkətindən biri oldu

teliasonera-dunyanin-100-en-dayaniqli-sirketinden-biri-oldu
Oxunma sayı: 640

Azercell Telekom MMC-nin də bir parçası olduğu TeliaSonera şirkəti bu reytinq cədvəlində 13-cü yeri tutub. Azercell-dən “Qafqazinfo”ya verilən məlumata görə, “Qlobal 100-lük” reytinq siyahısı dünən Davosdakı Dünya İqtisadi Forumunda təqdim edilib. TeliaSonera ətraf mühit, sosial və idarəçilik risklərin və imkanların idarə edilməsi sahəsindəən yaxşı telekommunikasiya operatoru hesab edilib.
TeliaSonera-nın korporativ məsuliyyət şöbəsinin rəhbəri Eyya Pitkanen reytinq cədvəlində yuxarı pillədə yer tutmasının şirkət üçün mühüm göstərici olduğunu qeyd edib: “Korporativ məsuliyyət sahəsində göstərdiyimiz səylərin qiymətləndirildiyini görmək yaxşı haldır. Bu, onu göstərir ki, biz düzgün yoldayıq və işimizə münasibətdə nümayiş etdirdiyimiz məsuliyyət yüksək nəticə verir. Bu cür reytinq həmçinin bizə yüksək nümunə üçün mühüm bir göstəricidir.”

“Qlobal 100-lük” Dünyanın Ən Dayanıqlı Korporasiyaları reytinq cədvəlidir. Bu siyahının əsası 2005-ci ildə “Strategic Value Advisors Inc.” adlı beynəlxalq sərmayə-tədqiqat şirkəti və “Corporate Knights Inc.” şirkəti tərəfindən birlikdə təsis edilib. Yüzlüyə daxil olan qurumların adları səhmləri birjalara çıxarılan 3500 şirkət arasında seçilir. Xatırladaq ki, “Qlobal 100-lük” cədvəli hər il Davosda Dünya İqtisadi Forumu zamanı təqdim olunur.

TeliaSonera 2002-ci ildə Telia (İsveç) ilə Sonera (Finlandiya) şirkətlərinin birləşməsi nəticəsində yaranıb. Şirkət dünyanın bir çox ölkələrində, xüsusilə də Skandinaviya və Baltik ölkələrdə, Avrasiya məkanında, o cümlədən Rusiya, Türkiyə və İspaniyada telekommunikasiya xidmətlərini göstərir. Dünyada ilk dəfə olaraq 4G xidmətlərini istifadəyə buraxan TeliaSonera həmçinin beynəlxalq şəbəkə mülkiyyətçisi olmaqla Avropanın aparıcı rabitə xidmətləri təmin edən şirkətdir.

20 ildən də az bir müddətdə TeliaSonera yerli operatordan Avropanın beşinci ən böyük şirkətinə çevrilə bilib.

Nigar Məmmədli