Telman İsmayılov və Monika Beluççidən danışdı - - Müsahibə

telman-ismayilov-ve-monika-belucciden-danisdi-
Oxunma sayı: 2022


Şoumen Murad Dadaşov “formaggio.az” saytına müsahibə verib. “Qafqazinfo” müsahibəni ixtisarla təqdim edir:

-  Yadınızdadırsa, bir dəfə söhbətimizdə etiraf etdiniz: “bu vaxta kimi heç kim mənə baxıb, “kaş Murad kimi sevgilim olaydı” demədi. Elə dedilər, “kaş belə qardaşım olaydı”, “kaş belə oğlum olaydı”... Kişilərdə də orta yaş sindromu olduğundan, bəlkə siz də nəhayət, ideal sevgili obrazına çatmaq üçün arıqlamaq qərarına gəldiniz.

- Siz lap adamı boşatdırarsınız… qoyun, oturmuşuq (gülür). Yox. Həyatda nə baş verirsə, gərək bir az ləyaqətlə olsun. Mən yoldaşıma da etiraf etmişəm ki, gözəl qadın görəndə özümü idarə edə bilmirəm. O da məni başa düşür. Məsələn, Monika Beluççi sevgisi… yeri gəlmişkən, arıqlamağım Monikanın boşanması ilə üst-üstə düşüb. Ola bilsin, onunla aramızda nəsə alınsın.

- Axı Monikanın boşanmasını başqa həmyerlimizlə əlaqələndirirlər?

-  Həəə… Telman İsmayılov olan yerdə mənim şansım yoxdur (gülür). Sizə bir sirr açım, o məsələni Monika ilə biz düzüb-qoşmuşuq. Əslində, hər şey mənə görədir.

- Nə vaxt gətirirsiniz onu?

-  O məni aparacaq özüylə. Burda qala bilmərik.

-  Axır vaxtlar evdə tapılmırsınız, səyyaha çevrilmisiniz. Gəzdiyiniz ölkələrdən hansının mətbəxini sevdiniz?

-  Əlbəttə, bir çoxları kimi mən də deyirəm: “Azərbaycan mətbəxi çox zəngindir, genişdir, şübhəsiz, dadlıdır, kalorilidir”. Amma bu yaxınlarda öz mətbəximiz barədə yeni qənaətə gəlmişəm, bu, mənim fəlsəfəmdir (gülür), ilk dəfə də sizə deyirəm: razılaşmaya bilərsiniz. Mənim fikrimcə, Azərbaycan mətbəxi Azərbaycan qadınına qarşı işgəncədir. Bizim mətbəx analarımızın, xanımlarımızın bütün ömrünü-gününü alır. Dəfələrlə - sizdə də olub yəqin, - anamı görməyə gedirəm, nə qədər deyirəm: ay ana, gəl otur, bəsdir mətbəxdə vurnuxdun… Ananın işi qurtarmır: aş, dolma, düşbərə, salat, qutab… O dolmanı ki gecədən səhərə kimi xırda-xırda bükürlər, stola gələn kimi, bir uduma qurtarır, vallah əziyyətinə dəyməz. Hələ bunun aşı var, bozbaşı var… 

- Çoxları hələ də gözləyir ki, Murad pəhrizini açıqlayacaq, biz də arıqlayacağıq.

- Mənim pəhrizim fərdidir, bunu əcnəbi həkim təyin etdi. Amerikadan başladı, Almaniyada davam edir. Burda orqanizm, mədə quruluşu, çəki, qan, psixoloji amillər nəzərə alınır. Müəyyən dərman tabletləri də var. Mən pəhrizimi heç vaxt ümumi stifadəyə çıxara bilmərəm. Kifayət qədər bahalı, üzücü prosesdir. Mən sənə dostum kimi bir sirr açım: 7 il idi ki, mən 3 rəqəm idim, 1 həftədir ki, 2 rəqəmli olmuşam: 90 kq. Bu bir həftədə siz inanmazsız mən necə də xoşbəxtəm. Kimin üçünsə adidir, mənim üçün həyatımın mənasını dəyişdi bu hadisə. Və yenidən o 3 rəqəmə qayıtmaq istəmirəm. Mən “öküz” ölçüsündən “gombul” ölçüsünə düşdüm, qalır normal insan ölçüsünə düşmək: azı 70 kq-a. Buna nail olandan sonra arıqlamaq barədə telelayihə hazırlayıb, sağlam qidalanmaqla yeni həyata başlamağı təbliğ edəcəm.