“Təmiz Şəhər” növbəti dəfə “Caspian Ecology” sərgisində

“Təmiz Şəhər” növbəti dəfə “Caspian Ecology” sərgisində
Oxunma sayı: 312

Məişət tullantılarından yeni məhsulların hazırlanması... Zibilin yandırılaraq ondan elektrik enerjisi hasil edilməsi... Və ya tullantılardan incəsənət əsərlərinin hazırlanması...

"Qafqazinfo" xəbər verir ki, "Təmiz Şəhər" ASC tərəfindən görülən bu işlər Beynəlxalq “Caspian Ecology” 2017 - 8-сi Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində nümayiş olunur.

Sərgi 14-16 noyabr tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir. Ətraf mühitin mühafizəsi üzrə keçirilən bu sərgidə yerli şirkətlərlə yanaşı, Almaniya, Böyük Britaniya, İsrail, Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edir.

"Təmiz Şəhər" ASC-nin sərgidəki stendində ekologiyanın qorunması sahəsində cəmiyyətin gördüyü işlər nümayiş etdirilir. Müəssisə Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantılar arasındakı müxtəlif növ materialları çeşidləyərək təkrar emala yönləndirir. Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə zibil kütləsi yandırılaraq ondan elektrik enerjisi hasil edilir.

"Təmiz Şəhər" ASC həmçinin, Abşeron göllərinin kompleks bərpası layihəsini icra edir. Böyükşor gölünün bərpası sahəsində artıq birinci mərhələ icra olunub. 1000 hektar sahəsi olan gölün 300 hektarlıq ərazisi və gölün sahili müxtəlif tullantılardan təmizlənib.

Sərgidə ziyarətçilər həmçinin, "Təmiz Şəhər" ASC-nin həyata keçirdiyi sosial və mədəni layihələri ilə də tanış olublar. Belə layihələrdən biri Heydər Əliyev Fondu ilə birgə icra olunan "Tullantıdan Sənətə" Beynəlxalq İncəsənət Sərgisidir. 6 ildir ki keçirilən bu sərgidə 36 ölkənin rəssam və heykəltəraşlarının tullantı materiallarından hazırladığı incəsənət əsərləri nümayiş edilib. Sərgi bitdikdən sonra əsərlər Qala qoruğunda yerləşən dünyanın ən böyük “Tullantıdan sənətə” muzeyinə yerləşdirilir. Sərgi ziyarətçiləri üçün həmin muzeyə 360 dərəcə virtual tur təşkil edilir. Ümumiyyətlə dünyanın istənilən nöqtəsindənwww.tamizshahar.az internet səhifəsinə daxil olaraq muzeyə olan virtual turda iştirak etmək mümkündür.

Bununla yanaşı, sərgidə ziyarətçilərə 22 sentyabr 2017-ci il tarixində Prezident İlham Əliyevin açılışını etdiyi Balaxanı Sənaye Parkı haqqında ətraflı məlumat verilib. 7 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkında məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılıb. Hazırda Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik (PET) butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə fəaliyyətə başlamış 5 rezident tərəfindən ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi