Tərbiyəsiz xatakar

terbiyesiz-xatakar
Oxunma sayı: 2785

Raminə Eyvazqızı

Dünənə kimi ölkədə cərimə sözünü sürücü və yol polisi dilindən daha çox eşidərdik. Sonra məsuliyyətsiz piyadalara da cərimə kəsilməyə başladı. Amma bu cəzalanmayla tərbiyələnənlərin sayını qeyd etmək çətin olardı. Və təəccüblüsü, bu vaxta qədər hökümət statistikasında illik ya aylıq yığılan cərimənin məbləğindən soraq almamağımızdır. İndi biz cərimə fondunu gizləyənlərin özlərini də cərimələyəkmi? Cərimə ödəmək də mədəniyyətdir. Bu mədəniyyəti formalaşdırmamış, vətəndaşa saysız cərimə biçmək absurddur.

Bir az əvvəl dərsdən qalan məktəblinin cərimə haqqı elan olunanda belə bir sualım çıxdı? Əvvəlcə qızlarını məktəbə göndərməyən valideynləri arayıb ortaya çıxarmaq olmazdırmı? Qəsdən qiz uşaqlarını təhsildən yayındıran region, lap şəhər valideyni çoxalıb. Yaxud direktoru ilə “razılaşıb” son sinif uşaqlarını məktəbə yox, repititor yanına göndərənlər isə saysızdır. Bu cərimə “rüşvət”i leqallaşdırmaqdır. Cəriməsini ödəyib dərsdən yayınmaqdan asan nə var ki? Axı pullu kişi üçün cərimə ən ağrısız “cəza”dır. Bu günə qədər təhsil ocaqlarına yaxın mağazalarda şagirdlərə siqaret satanların cəzalandığını heç görmüsünüzmü? Fikrimcə, bu daha vacib məqamdır. İndi güya birdən-birə ölkənin siqaret çəkənləri, “içən”ləri cərimə ödəməli olacaqlar.

Səs-küy salan qonşular hədəfdədir. İnanmıram ki, cərimələr hansısa insanların tərbiyələnməsinə rəvac verə. Qanacaqsız və tərbiyəsiz insanları cərimə ilə adam etmək bizim cəmiyyət üçün çox tezdir. Ona görə ki, hələ də eyvanından zibil tökən, tüpürən, səhər-səhər küçələri öz çirkli ağız ifrazatı ilə “bəzəyən” insanların cəriməsi yoxdursa, çətin ki, çıxardığı səsə görə durub kimsə cibindən pul ödəyə. Halbuki, təkcə Çində yerə tüpürən 800 dollar cərimə ödəyir, Qazaxıstanda 3 gün həbsdə qalır, İspaniyada isə bu cinayət sayılır. Gülməlidir, elə deyilmi? İndi bu məsələ qalmışkən səs-küy edənin 400 manat ödəməsi mümkün deyil. Uzağı səssalan, alt qonşuya cərimənin cüzi hissəsini ödəyib rahatlıqla şuluqluq edə bilər. “Rüşvət”ə naz edən alt qonşunun puldan imtinası 0 %-dir.

Əxlaqsız işverənin qadın işçisinə pis gözlə baxmağı da yenə fərdi məsələdir. Onun cərimə ilə “kişi” olması mümkün deyil. Əxlaq normalarının ən ağır dövrünü yaşayırıq. Həmin qadının əlatından müdirinin başüstünə qalxması da yenə şəxsi istəyidir. Ətrafda saysız nümunə var. Əgər qadın, şikayəti əsasında işverənə elə “iş vermək” istəyirsə, təqsirkar cərimə ilə canını qurtaracaq. Cərimə cəza deyil axı. Halbuki, Kanadada işçisinə əxlaqsızlıq edəni həbs gözləyir. Ədalət, bax budur. Qadın-kişi demişkən, ölkədə 10 aya 10 min-ə yaxın ailə boşanıb. Bir aya min ailə, dəhşət burasındadır. Əslində cərimə boşanmaların azalmasına xidmət etməli və ailələri tez ayıran hakimlərə yönəldilməlidir.

Yeganə sevindirici məsələ, əlil vətəndaşlar kvota üzrə iş üçün müraciət edəndə vəziyyətlərinə görə rədd edilməyəcəklər. Bu yerdə işverənin cəriməsi “halal”dır.

Nəhayət, qanacqalı ölkələrdə cərimə ilə çətin tərbiyə olunanı adam edirlər. Beynəlxalq təcrübə və xaric görənlər də təsdiqləyir ki, cəmiyyət inzibati xətakarı utandırmağı bacarır. Cərimə məsuliyyəti artırır, başqalarına, ətrafına səni qazandırır. Cərimə kimlərinsə ümumi qazancdan çırpışdırdığı pulların yerini doldurmaq üçün kor-koranə tətbiq olunmur. Axı birinin qırdığı qaba görə başqası cibindən niyə pul ödəməlidir? Kiminsə yandırdığı yeməyin pulunu başqası niyə verməlidir?

Vicdanı da cərimələmək olsaydı…