Tərbiyəsizliyin sonu

terbiyesizliyin-sonu
Oxunma sayı: 5625

Rövşən Naziroğlu

Üzü marketə dayanıb səsini içində qarışdıra-qarışdıra ağlayan balaca qızın siçan quyruğuna oxşayan hörüklərinin ucuna kəpənək formasında ağ lent bağlanmışdı. Əlindən, ətəyindən tutub şirniyyat satılan tərəfə çəkmək istədiyi qadın anasıydı yəqin. Bu çəkhaçəkdən və səs-küyə yığışmış adamların iynəli baxışlarından bezən qadının barmaqları kirimək bilməyən qızın başında yaylım atəşi kimi açıldı. Kəpənəklərdən biri qopub düşdü yerə. Qadın, göz yaşları yanaqlarına ləkə salmış uşağın əlindən tutub keçdi yolun o biri üzünə. Kəpənək qaldı ayaqlar altında...

Bayaqdan olub bitənləri kirimişcə seyr eləyən sifəti südlü sıyığın üzü kimi yığılmış göyərti satan arvad uşağını küçədə, insanların gözləri önündə tənbeh eləyən qadının arxasınca yanıqlı səslə “Kül sənin ana başına, pudra-kraskasına pul tapa bilir, amma uşağı bir şey istəyəndə canı çıxır əlini cibinə salsın” deyib köksünü ötürdü. “Sillə-qapazla tərbiyə olmaz, döyüldükcə uşaq daha da sırtıqlaşır. Uşağını evdə başa salmalısan ki, pul yoxdu, dükanda məndən heç nə istəmə. Anlamırsa, tək çıxmalısan bazarlığa. Mən müəlliməyəm, bilirəm”-bu sözləri də əlində pul tutub yeddi dəstəsi 1 manata göyərti almaq istəyən qadın dedi. Sellofan torbadakı göyərtiləri zənbilə qoymağa kömək eləyən rəfiqəsi müəllimənin fikri ilə razılaşmadı: “Uşağımın istədiyini ala bilməsəm, həmin gün çərləyib ölərəm. Bütün gün evin altını üstünə çevirir, dinmirəm. Küçədə hansısa diliyanmışdan söyüş eşidib. Hərdən məni də söyür, atasını da. O boyda kişi uğunub gedir gülməkdən. Mənimsə vurmaq nədi, üstünə qışqırmağa da ürəyim gəlmir.” Göyərti satan “Allah saxlasın, böyük oğlan olsun” dedi yaltaq-yaltaq. Rəfiqələr bir ağızdan “Amin! Allah sizinkiləri də saxlasın” deyib uzaqlaşdılar.

Evin altını üstünə çevirən oğlunun tərbiyəsizliyindən həzz alan qadının sözləri nədənsə yadıma Kərimin anası Şəfiqəni saldı...

Təzə köçmüşdülər məhləmizə. Birinci mərtəbədə olurdular. Şəfiqə yarımüryan gəzərdi evdə. Həyətə baxan pəncərənin pərdəsi açıq olardı çox vaxt. Evlərinə girib çıxan kişilərin heç biri Kərimin atası deyildi. Yayın qızmarında Şəfiqə ocağın üstündən yenicə götürdüyü qaynar sula dolu çaydanı oğluna verərdi ki, aparıb pəncərələrinin altındakı qarışqa yuvasına töksün. Kərim qaynar suyla yandırdığı qarışqaları söyəndə anası sinəsi atlana-atlana gülərdü. Kərim məhlədə söydüyü söyüşlərə görə tez-tez döyülüb ağlaya-ağlaya qaçardı anasının qucağına. Şəfiqə eyvana çıxıb bütün məhləni salardı abırdan. Kərim küçədən tapdığı küçüklərin qulağını kəsib, pişiklərin gözünü mismarla deşəndə Şəfiqə oğlunun üstünə qışqırardı ki, bitdən, gənədən ehtiyatlı olsun.

Quşbaz Ağabalanın quşxanasından oğurladığı göyərçinlərin başlarını üzüb zibilliyə atmışdı Kərim. Ağabala Şəfiqəgilin qapısını döyüb ölmüş göyərçinlərin hesabını istəmişdi. Vəziyyətin çıxılmaz olduğunu görən Şəfiqə koftasının yaxasını göbəyinə kimi cırıb həşir salmışdı ki, qonşular, qoymayın, Ağabala məni zorlamaq istəyir! Qoca quşbaz kor-peşman evlərinə qayıtsa da, yarım saatdan sonra milislər gəlib onu aparmışdılar bölməyə. Bir də Ağabalanı məhlədə iki gündən sonra yorğun və əzgin halda görmüşdülər. Bilmədən ayağını tapdalayan adamları belə anasına şeytanlayan Kərim futbol xəstəsi olduğundan oyun zamanı baş verən heç bir şeyi meydançadan kənara çıxarmazdı. Ağabalanın böyük oğlu hulqumuna etibar elədiyi bir-iki nəfərə söz verib, and içmişdi ki, Kərimin ayağını sındıranı bazlığa aparacaq. Şəfiqənin oğlunun sümüyü it sümüyündən də bərk idi...

Sonra Kərim narkotikayla tutuldu. Cəzasını çəkib qayıdandan sonra evlərində heç bir həftə də qalmadı. Sənədlərini qaydaya salıb Urusetin yolunu tutdu. Moskvada da dinc durmamışdı Kərim. Parkların birində çantasını soyduğu yaşlı qadını boğub öldürmüşdü.

Eyvanın qapısı ağzında yıxılıb qalan Şəfiqənin ölümündən 3 gün sonra xəbər tutmuşdu qonşular. Rəhmətliyin üstü doluymuş qarışqalarla...