Tərcümədə itən yazıçılar…

tercumede-iten-yazicilar
Oxunma sayı: 2604

İradə Musayeva


Tərcümə millətlərin ən yaxşı danışıq dilidir. Tərcümə vasitəsilə dünyadan xəbər tutur, dünyaya inteqrasiya oluruq. Bədii tərcümənin tarixi bizdə qədimlərə, konkret faktlara əsaslansaq, orta əsrlərə gedib çıxsa da, bu gün ən çox narahatçılıq doğuran ədəbiyyat məsələlərindən biri olaraq qalmaqdadır. Q.Q.Markes tərcüməçiliyi qədir-qiyməti bilinməyən, ən çətin və haqqı ən pis şəkildə ödənilən peşə adlandırmışdır.

Lakin müxtəlif dillərə tərcümədə özü ilə qarşılaşmada çox zaman çaş-baş qalan Markes yazırdı ki, ġəxsən məndən ötrü ən xoşagəlməz iş – bildiyim üç dildə öz əsərlərimin tərcüməsini oxumaqdır. İspancadan başqa o biri dillərin heç birində özümü tanıya bilmirəm. Düzdür, Qreqori Rabassanın ingiliscəyə çevirdiyi bir neçə kitabı oxuyarkən, etiraf edim ki, hətta mənə ispanca olan orijinalın özündən də qat-qat xoş gələn yerlərlə rastlaşdım. Rabassanın tərcümələri belə təsir bağışlayır ki, sanki o, kitabı başdan-ayağacan əzbərləyib, sonra onu birinci sətirdən sonuncu sətrədək ingiliscə təzədən köçürüb: onun orijinala sadiqliyi hərfi tərcümədən daha mürəkkəb şeydir. Rabbasanın çevirmələrinin uğuru onunla şərtlənir ki, o heç vaxt sətiraltı qeydlərin köməyinə arxalanmır; əfsuslar ki, naşı tərcüməçilər daha çox elə məhz bu metoda üz tuturlar. Bu baxımdan, mənim portuqal dilinə çevrilmiş bir kitabımı misal göstərmək olar. Əsərin mənası da, səslənişi də, heç şübhəsiz ki, onu çevirənin vicdanının öhdəsinə qalır. Misalçün, səhifənin altındakı qeydlərin birində astromeliya sözünə belə izah verilib: “Q.Q.Markesin uydurduğu fantastik çiçək”. Halbuki bu söz elə portuqal dilinin məhsuludur, üstəlik də astromeliya çiçəyinin mövcudluğu bizim Qəraibdə hamıya bəllidir...

Doğrudan da ədəbi yaradıcılığın ən çox zəhmət tələb edən, xüsusi spesifik qanunlarla yaradılan sahəsi kimi bədii tərcümənin müəllifləri subyekt olaraq çox zaman (bəlkə də həmişə) “görünməyən zəhmətkeş” taleyi yaşayırlar. Bu “görünməyən” müəlliflərin isə mütaliə prosesində ən çox xatırlanması iki halda baş verir: Ya çox pis tərcümə olanda, ya da çox gözəl çevirmələrdə. Oxu zamanı dilimiz ilişəndə, düşüncələrimiz qarışanda, cümlələrin başını-ayağını dolaşdıranda əsəbi halda titul vərəqinə qayıdır və tərcüməçinin kimliyini bir daha dəqiqləşdiririk. (Hətta əvvəlcədən bunu bilsək belə...)

Bir də bizim zamanımızdan və məkanımızdan, dilimizdən, dinimizdən, adət-ənənələrimizdən çox-çoz uzaq məsafələrdə olan yazarların bizə doğmadan-doğma bədii mətnində rahatca gəzişəndə bu dəfə minnətdarlıq hissi ilə titul vərəqinə, tərcüməçinin adına qayıdırıq...

Aydındır ki, bədii tərcümə tərcümənin ən ağır və xüsusi yaradıcılıq istedadı tələb edən sahəsidir. Bu tərcümə növündə dil estetik mahiyyət kəsb edir. Sözlər yeni çalar, yeni rəng, avaz, intonasiya və sətiraltı məna ilə yüklənməli olur. İki dilin qanunları ilə işləyən tərcüməçi tərcümə etdiyi müəllifin və əsərin əsirinə çevrilir, onun da dünyasına, mətninə “baş əyməli” olur. Mətnin dilini yox, ruhunu, ideya və konsepsiyasını, hətta “iddiasını” tərcümə etmək kimi mürəkkəb və ağır bir zəhmət varmı? Sonda isə çox zaman orijinalın müəllifləri tərcümənin müəlliflərindən narazı qalır və hətta onlardan mümkünsüz bir iş tələb edənlər də olur, məsələn, Borxes kimi: “Dediyimi yox, demək istədiyimi tərcümə edin”...

Bu gün Azərbaycan gerçəkliyindəki ədəbi boşluq dünya ədəbiyyatından edilən tərcümələr vasitəsilə “konpensasiya” olunur. Bizim ədəbi-estetik “aclığımızı” naşirlər və nəşrlər, redaktorlar tərcüməçilərin əli, “qazancı” ilə doyurmağa çalışırlar. Biz dünya sivilizasiyasına can atırıq və bu canatma bizə insan, fərd və cəmiyyət kimi inkişaf etməyimizdə böyük situmul verir. Biz bəşəri dildə danışmaq, düşünmək və hətta o “dildə” xəyala dalmaq, arzulamaq, bəzən isə elə o “dildə” böyümək, tanınmaq istəyirik. Və bütün bunların hamısı tərcüməçilərin vasitəsi ilə reallaşır. Tərcüməçilər mədəniyyət, maarif, inkişaf və sivilizasiya ötürənlərdir. Onlar dünya ədəbiyyatında, fəlsəfi düşüncəsində kəşf olunan hər yeni, qlobal və intibahi sözün, fikrin, baxış və nəzəriyyənin daşıyıcılarıdır. Puşkin obrazlı şəkildə bunu belə demişdir: “Tərcüməçilər maarifin poçt atlarıdır”... Bu yaxınlarda televiziya kanallarının birində bizim tərcüməçilərdən biri isə yarızarafat, yarıciddi “tərcümə işsizlərin peşəsidir” - dedi... Doğrudan da bu gün Azərbaycanda sosial-təminat şöbəsinə yollanacaq işsizlərin bir qismi bu “əlverişli” üsuldan yararlanaraq tərcüməçilik edir. Ən pisi isə odur ki, ədəbiyyat sahəsində fəaliyyətdən belə çəkinmir, məsuliyyətsizcəsinə belə bir məsuliyyətli işin altına girirlər...

Bəlkə ədəbiyyatımızın bugünkü qədər tərcüməçi qüvvəsi, bəlkə də “ordusu” olmamışdır. Amma bu qüvvənin fəaliyyəti bizi- biz Azərbaycan oxucusunu qane edirmi? Dünya ədəbiyyatı ilə bizim aramızda ünsiyyət quran bu vasitəçilər hansı təhriflərlə bizim münasibətimizə xələl gətirir?

Mən yuxarıda Markesin tərcüməçiləri ilə “konflikti” məsələsinə toxundum. O, bildiyi dillərə tərcüməsindəki problemləri az qala faciə kimi qəbul edirdi. Bu məqamda adam sevinir ki, rəhmətlik Markes yaxşı ki, Azərbaycan dilini bilmirmiş, yoxsa, məsələn, ən çox sevdiyi əsərini –“Patriarxın payızı”nı bu dildə oxuya bilsəydi...

Mən “Patriarxın payızı” (tərcüməçi-A.Məsud) və “Yüz illik tənhalıq” (tərcüməçi –G.Mövlud) əsərlərini oxuyan zaman hər iki əsərin müəllifinin eyniliyinə inanmaq istəmədim. Tərcümə dilində oxuduğum əsərlərin əks-sədasına əsaslansaydım birinci əsərə görə Markesi əsla dahi saymazdım. İkinci-“Yüz illik tənhalıq”əsərinin tərcüməsi isə Markesə bizi yaxınlaşdıra bilib. Halbuki, Markes özü dönə-dönə vurğulayırdı ki, onun ən böyük əsəri, onun ruhunun, əqlinin əsəri “Patriarxın payızıdır”. “Yüz ilin tənhalığı” mənim digər kitablarımdan populyar olsa da, belə hesab edirəm ki, “Patriarxın payızı” daha əhəmiyyətlidir və qəti əminəm ki, məni unudulmaqdan xilas etməyə qabil olan əsərim, məhz elə “Patriarxın payızı”dır. Mən bu fikirdəyəm ki, təkcə “Yüz ilin tənhalığı” yox, əvvəl yazdığım əsərlərin hamısı “Patriarxın payızı”nın prelüdüdür. Başqa sözlə desək, mənim, daim axtarışında olduğum və yazmaq istədiyim əsər “Yüz ilin tənhalığı” yox, “Patriarxın payızı”olub. Bu roman, oxucudan müəyyən ədəbi hazırlıq tələb edir ki, məhz həmin bu cəhətinə görə də bu əsəri çox yüksək qiymətləndirirəm. Üstəlik də, mən onu öz işimdən ləzzət ala-ala yazmışam: tələsmədən, özümü zorlamadan. “Yüz ilin tənhalığı”nı yazarkən isə, təəssüf ki, belə imkandan məhrum idim”. Ömrünün çon çağlarında isə jurnalistin ona ünvanladığı “Sehrbaz olsaydınız, nə edərdiniz? - Özünüz üçün...?” –sualına cavabında demişdi: "Yüz ilin tənhalığı"nın bütün nəşrlərini, nüsxələrini yığışdırardım. Ən pis halda, onu təzədən yazardım. Mən bu əsərimdən utanıram, çünki bir sıra səbəblərdən onu lazım olduğu kimi yaza bilməmişəm...”

Beləliklə, Markesin ən çox sevdiyi əsəri (“Patriarxın payızı”) ilə birlikdə ədəbi-estetik ruhumuza, düşüncə və intellektimizə, siyasi təfəkkürümüzə tərcüməsindəki uğursuzluqlara diqqəti cəlb etmək istəyirəm. Bəri başdan deyim ki, A.Məsudun Markeslə Azərbaycan oxucusunun ünsiyyətindəki tərcümanlığı baş tutmayıb. Dünya dillərinə usta tərcüməçilər tərəfindən sənətkarlıqla tərcümə olunan Markes bizim dildə “uduzdu”...
“Həftənin sonuna yaxın quzğunlar, pəncərələrin dəmir qəfəslərini söküb prezident sarayına doluşdular, qanadlarını çırpa-çırpa, saray otaqlarının uzun müddətdən bəri dəyişilməyən kifsəmiş havasını çalxaladılar və öz çürük əzəməti ilə bir əsrlik ölüm yuxusuna getmiş şəhər, bazar ertəsinin ala-toranında nəhayət ki, yuxudan ayıldı...” s.5 Artıq kitabı açan kimi ilk cümlədəki iki dolaşıqlıq diqqətimizi mətnin məzmunundan ayırdı. “Qəfəs” fars sözüdür, həqiqi mənasında 6 tərəfdən də (sağ-sol, ön-arxa, yuxarı-aşağı) bağlı, qapalı olan bir qurğu anlamını ifadə edir, məcazi, obrazlı mənada isə, “əsirlik”, “məhbusluq”, “məhkumluq” kimi sıxıntılı ovqatı əks etdirən bədii sözdür. Heyvanların azadlığını məhdudlaşdıran bu qurğunun adından ədəbiyyatımızda bədii vasitə kimi saysız-hesabsız ədəbiyyat nümunələrində istifadə ediblər. Hətta “Can gedib, qalıb quru qəfəs”, “Ürəyim qəfəsdəki quş kimi çırpınır” və s. bu kimi məsələ çevrilmiş xalq deyimləri də eyni məzmunu, mənanı ifadə edir. “Pəncərənin dəmir qəfəsləri” ifadəsində isə elementar yanlışlıq (təbii ki, əslində “pəncərənin dəmir barmaqlıqları” olmalıydı) bədii situasiyaya daxil olma prosesində əngəl yaratdı. Tərcümənin növbəti səhifələrində də bu yanlışlıq təkrarlanır: “söyüdlərdən sonra onun balaca sarayı – çərçivələri, dəmir qəfəsləriylə bir kökündən qoparılan pəncərələrində hələ də quzğunlar vurnuxan möhtəşəm, qəzəbli evi ucalırdı; bizə, qapıları sındırmaq lazım olmadı, onlar elə öz-özünə, elə bil səsimizin gücünə açıldılar və biz, daş pillələrə salınmış, inək dırnağı altında tapdanıb eybəcər kökə düşən təmtəraqlı, teatral xalçaların üzəriylə qalxaraq, binanın əsas mərtəbəsinə daxil olduq” s.6

“öz çürük əzəməti ilə bir əsrlik ölüm yuxusuna getmiş şəhər” – birləşməsini isə istər leksik, istərsə də morfoloji, sintaktik baxımdan təhlil edəndə qəribə vəziyyət yaranır. Məsələn, “Hansı şəhər bazar ertəsinin ala-toranında nəhayət ki, yuxudan ayıldı?” – sualının cavabında “özçürük əzəməti ilə bir əsrlik ölüm yuxusuna getmiş” –feli sifət tərkibi ilə ifadə olunmuş təyini obrazlılıq baxımından qeyri-dəqiq və semantik baxımdan isə qüsurludur.

Təhlil boyu bu cür qüsurlara qayıdacağıq. Lakin təsvirlərdəki qeyri-dəqiqlik, səliqəsizlik, cümlə strukturlarındakı uyğunsuzluqlar, üzvlərin uzlaşma əlaqələri prinsiplərindəki uzlaşmazlıqlar tərcümənin oxunuşunu mümkünsüz edir:

“biz, ötüb keçən əsrə qədəm qoyduq, sakitliyinin özü belə köhnə və kövrək olan, içindəki əşyalarıyla bir bu kövrəkliyin və ilğımın içində dumanlanan bu qəsrin xarabalıqlarında az qala boğulduq; döşəməsi, az qala buludlara dirənən qanqalın ağırlığından çatlayıb cadar-cadar olmuş birinci həyətdə biz, saray qarovulunun, qəfil düşən qovhaqovdan, tələm-tələsik ora-bura atıb qaçdığı silah-sursatı, həyətin ortasındakı uzun, taxta stolda yarımçıq qalan naharın niməçələrdə çürüyən artıqlarını, bir vaxt dəftərxana yerləşən yarıqaranlıq tikilini, bu tikilinin divarlarını basmış rənbərəng, zəhərli göbələkləri, uzun müddətdən bəri yaddan çıxdığından, gedişatı məzmunsuz həyatın özündən də uzun çəkən, lakin baxılmadığından, qovluqlarının araları araları mamır bağlayan şəxsi işləri, qüllələri az qala buludlara dirənən bu sarayda üzü qədimdən bu yana yaşamış beş nəslin xaç suyuna çəkildiyi iri çəni, həyətin lap qurtaracağında vitse-kralın anbarı kimi işlədilən tövləni, orda güvə dumanı içində qaralan Böyük Qalmaqal dövrünün karetini, Taun dövrlərindən qalan üstübağlı faytonu və Dünyanın Birinci Əsrinin əfsanəvi limuzinini gördük; bunların hamısı yaxşı vəziyyətdəydi, hər biri milli bayraq rəngində rənglənmiş halda, qalın tozun və hörümçək torlarının altında bozarmaqlarına davam edirdilər; o biri həyətdə isə, dəmir çəpərin o biri üzündə, sanki ay tozundantökülmüş gümüşü rəngli qızılgüllər açmışdı; bir vaxtlar bu güllərin kölgəsində cüzamlı xəstələr sığınıb yatardı, indi isə baxımsızlıq üzündən, bu əfsanəfi gül kolları çoxalıb az qala bütün həyəti bürümüşdü və bu səbəbdən, havadan da qızılgül ətri gəlirdi… bu ətrə, bağın dərinliyindən yayılan digər üfunətli iylər də – toyuq hininin, mal təzəyinin, qatı əsgər sidiyinin iyləri qarışmışdı; biz qızılgül kollarının boğanağından keçib, içinə qərənfil, ətirli astra, inciçiçəyi basdırılmış dibçəklərlə dolu tacşəkilli artırmaya çıxdıq; bura onun, qadınlarıyla əyləndiyi yer idi, üst-üstə qalanmış qarmaqarışıq tullantılardan, müxtəlif növ zir-zibildən və saysız-hesabsız tikiş maşınlarından təxminən bilmək olurdu ki, bu barakda nə qədər qadın və nə qədər, bəlkə də azı minəcən vaxtından tez doğulan uşaqlar yaşayıb; biz həmçinin, çoxdannan bəri işlənməyən kimsəsiz mətbəxlərdəki iyrəncliyi - ləyənlərdə qalıb iylənmiş yaş camaşırı, kişilər və qadınlar üçün genişləndirilmiş ümumi ayaqyolunu, bir vaxtlar Kiçik Asiyanın torpağında bitib göyərən, həmin torpaqla da doldurulub nəhəng çəlləklərdə gətirilmiş, yarpaqlarının üstü sanki narın şeh bağlamış vavilon söyüdlərini də gördük;” s5

Markes bu qədərmi ürəksıxan və anlaşılmaz yazıçı imiş? Yəqin ki yox... Halbuki onun dilimizə yaxşı tərcümə olunan publisistik və bədii əsərlərində hər cümlənin ifadə etdiyi məna-məzmun və ədəbi-estetik, bədii-fəlsəfi qənaətlər bizi çox tez təsirləndirə bilir.

“Kövrək və köhnə olan sakitlik”, “döşəməsi, az qala buludlara dirənən qanqalın ağırlığından çatlayıb cadar-cadar olmuş birinci həyət” (həyətin döşəməsi necə olur görəsən?, Həyətə nəsə döşənə bilər, amma “döşəmə”, “tavan” kimi anlayışlar evə, otağa aiddir, təbii ki . Onda kimsə desə ki, məsələn, “həyətin tavanını rənglədim”, gərək təəccüblənməyək...–İ.M) “gedişatı məzmunsuz həyat”, “baxılmadığından, qovluqlarının araları araları mamır bağlayan şəxsi işlər”, “güvə dumanı içində qaralan Böyük Qalmaqal dövrünün kareti”, “ay tozundan tökülmüş gümüşü rəngli qızılgüllər”, “bir vaxtlar Kiçik Asiyanın torpağında bitib göyərən, həmin torpaqla da doldurulub nəhəng çəlləklərdə gətirilmiş, yarpaqlarının üstü sanki narın şeh bağlamış vavilon söyüdlərini də gördük;”

Elektron tərcüməni xatırladan bu cümlədə diqqət yönəldilən təsvir “söyüd”dür. Sual veririk, aydınlıq üçün. Hansı söyüd? Cavab belə alınır: “bir vaxtlar Kiçik Asiyanın torpağında həm bitən, həm göyərən söyüd”, “həmin torpaqla da doldurulub (? –İ,M) nəhəng çəlləklərdə gətirilmiş söyüd”, “yarpaqlarının üstü sanki narın şeh bağlamış söyüd”, “vavilon söyüd”... Bu yazıçı, sənətkar tərcüməsi kimi canlılığını, nəfəsini, havasını, ruhunu itirmiş bir çevirmədi, bu maşın, kompüter tərcüməsidir, elektron çevirmədir, sanki...

“...biz, sınıq domino və bilyard stollarını, üstləri, inəklərin sanki indicə otlayıb yalın qoyduqları yamyaşıl çəməni xatırladan açıq yaşıl rəngli mahudu, künclərin birində, öz doğma sahillərindən ayrı düşən ev sakinlərinə dəniz həsrətini unutdurmaq üçün işlədilən küləklər maşınını - dəniz küləyinin səsini çıxaran əcayib qurğunu, bir də, hələ ötən həftədən üstünə yaylıq atılıb yaddan çıxmış quş qəfəslərini gördük;saysız-hesabsız pəncərələrdən isə şəhərin özü – hələ ki, qədəm qoyduğu taleyüklü bazar ertəsinin ciddiliyini dərk eləməyən nəhəng əjdaha görünürdü… şəhərdən sonra isə, bir vaxtlar dənizin yaşıl suları dalğalanan, indi isə ay külünə bənzər kələ-kötür yarğanlar və vulkan dəlikləri açılan ucsuz-bucaqsız çöllər uzanırdı;onun gizli iş otağından isə, bizlərdən yalnız bəzilərinin, hələ bu hadisədən bir qədər əvvəl ürəklənib daxil olduğu yerdən üfunətli çürüntü və cəmdək iyindən boğulub təngiyən quzğunların nəfəsieşidilirdi və biz, bu üfunətli qoxunun iziylə qartalların ardınca gedib, iclas zalına çıxdıq və orda da yenə həmin inəkləri - bu dəfə, zavallı heyvanların qurd basmış cəmdəklərini, bu cəmdəklərin, zalın nəhəng güzgülərində birə on artmış ayrı-ayrı əzalarını gördük; sonra biz, onun iş otağına aparan gizli qapını - arxa qapını itələdik və orda nəhayət ki, onun özünü – orden-medalsız hərbi səhra geyimində, sol tayında qızılı mahmız işıldıyan həmin uzunboğaz çəkmələrində tapdıq; o, Yer üzünün bütün canlılarından qoca vücuduyla, qurunun və suyun ən qədim heyvanlarından da ulu qədimliyi ilə, üzünü balışa basan tək, ovuclarına basıb gizlətmiş vəziyyətdə, döşəmədə üzü ütə uzanmışdı; olsun ki, həmin bu görkəmdə o, öz qəddar -kahin ömrünün neçə-neçə saysız-hesabsız, bitib-tükənməz, gecələrini yatmışdı;” s6

Əziz oxucu, siz əgər bu mətn parçasından bir şey anladınızsa, lütfən, bizi də başa salın... Diqqət edirsinizsə, biz hələ də ikicə səhifə oxuya bilmişik. Səhifə 5-dən başlayan mətnin 6-cı səhifəsinə də tam olaraq keçə bilmirik, dönə-dönə geri qayıtmalı oluruq, başgicəlləndirən cümlələr isə Markesi bizə yaxın buraxmır... Beləliklə, Markes mütaliəsi sevdası baş tutmadı, niyyətimiz uğursuzluğa düçar oldu...

Əlbəttə bu minvalla tərcüməni sona qədər təhlil və tənqid edə bilərik, (çünki mətn axıra qədər elə bu dil, bu üslub, bu anlaşılmazlıqla da davam edir) ancaq bunu itirilmiş vaxt hesab edirəm. A.Məsudun tərcüməsi elə ciddi qüsurlarla doludur ki, bu kitabda biz artıq Markes üslubu, mövzu və ideyası, Markes ruhu haqqında danışmağın mümkünsüzlüyünü etiraf etməli oluruq...

A.Məsud yalnız sözləri və dili yox, (hərçənd ki bu da alınmayıb) həm də Markesi tərcümə etməliydi. Markes sənətinin böyüklüyünü azərbaycanlı oxucu onun ən çox sevdiyi bu əsərində özü üçün kəşf etməli idi. Dünyanın bütün dillərində, bəşəri ruhda danışa bilən Markes bizim dildə düz-əməlli dillənə bilmədi, kəkələyib, kəkələyib susdu. Bu mətndə bizim Markeslə görüşümüz baş tutmadı, susqun-susqun, çaşqın-çaşqın bir-birimizin üzünə baxdıq, o bizi anlada bilmədiyi üçün bizdən xəcalətli, biz də onu anlaya bilmədiyimiz üçün ondan...

Tərcüməçi obyektini-tərcümə etdiyi yazıçını bütün cizgiləri ilə öyrənsəydi, onu hətta səsi, nəfəsi, məişəti, siyasi görüşləri, publisistikası və s. bu kimi ümumi ləşmiş obrazı ilə tanısaydı “Markes oxucusu” formalaşdıra bilərdi...

“Pinqvin”in klassiklər seriyasından “Yad” əsərinin tərcüməçisi Sandra Smis oxucuların Albert Kamyu və “Yad” əsəri haqqında suallarını cavablandırarkən deyirdi: “ Mən eşitdim ki, Parisdə Kamyunun fransız radiosunda kitabı başdan ayağa oxumasının səs yazması var. Dərhal CD-ni tələb etdim. Onun səsini Albert-Camus-Yad-son-189x300 dinlədim, onun intonasiyası, pauzaları, tənəffüsü, xüsusi vurğuladığı hissələr ilə tərcümə etməyə çalışdım. Bu çox kömək etdi”.

Publisist-yazar Eduarda Qaleano isə deyirdi ki, doğrudan da, tərcümə zamanı sözlərin orijinal musiqisi itir. Lakin məxəz mətnin musiqisinə hörmət bəsləyən, orijinala sadiq qalan tərcüməçi duyduğu musiqiyə uyğun yeni bir musiqi yaradır. Tərcüməçi öz işi zamanı köməkçi yazıçı rolunu oynayır. Bu da tərcüməni yaradıcı işə çevirir. Olduqca yorucu işdir. Bütün dünyada tərcüməyə qul əməyi kimi baxıldığından tərcümə nadir hallarda sənətə çevrilir. Yalnız çevirdiyi mətnlə bütünləşəndə tərcüməçi alacağı ödənişə əhəmiyyət vermədən yeni musiqi yaradır. Tərcüməçilik çox çətin, incə, müasir dünyada lazımınca qiymətləndirilməyən bir sənətdir.

Böyük ideyaların və mətnlərin tərcüməsi cəmiyyətləri dəyişə də bilir. Necə ki XVI əsrdə Martin Lüterin “Bibliya”nı alman dilinə tərcüməsi düşüncələrdə, təsəvvür və təxəyyüllərdə çevrilişə, oyanış və inkişafa səbəb oldu. Q,Q,Markes böyük ədəbi güc, qüvvədir. Onun tərcümanı olmaq üçün tərcüməçi ilk növbədə onun sənətini, fəlsəfəsini, baxış və ədəbi-estetik görüşlərini mənimsəməli idi. Tərcüməçi Markesin zaman, məkan, hadisə və cəmiyyət əlaqəsi kontekstindəki siyasiləşmiş, sosiallaşmış, tarixiləşmiş, ancaq çaşqın və təbəddülatlı, cahil, sanki zamanı dondurub hadisələri eyni çevrədə dolandıran patriarxal insanının mahiyyətini və ya mahiyyətsizliyini azərbaycanca doğru-dürüst ifadə etmək üçün bu dildə həm də obrazlı düşünməyi bacarmalı idi...

Markesin yazı prosesində yaşadığı hala bənzər bir halı tərcüməçi də tərcümə zamanı yaşamalı idi.
Alman dilinin görkəmli tərcüməçisi Ralf Maheim tərcüməçini müəllifin obrazına girib onun demək istədiklərini öz dilində oxuculara çatdıran aktyora bənzədir.

Doğrudan da tərcüməçi orijinalın müəllifinin obrazını öz yaradıcı simasında əks etdirməyi, onun oxşarı, “aktyoru”, “dublikatı” olmağı bacarmalıdır. Bu tərcümədə A.Məsud Q.Q.Markes ola bilmədi...
Markesin səsi isə qulağımızda əks-səda verir: “Əsərin mənası da, səslənişi də, heç şübhəsiz ki, onu çevirənin vicdanının öhdəsinə qalır”...

Mən bu məqaləni yazmaya da bilərdim, ancaq biləndə ki, “Patriarxın payızı” romanının Azərbaycan dilində ikinci bir tərcümə variantı yoxdur, istədim ədəbi mühitdə bu barədə bir narahatçılıq yaradım. Bəlkə ədəbi-estetik, fəlsəfi-intellektual düşüncəmiz və sosial-siyasi, tarixi-ideoloji təfəkkürümüz üçün təsirli əxzetmə mənbəyi olan bu romanı Markes ruhuna uyğun şəkildə gözəl Azərbaycan dilinə kimsə tərcümə edəcək...