Tetçeri yandıracaqlar

tetceri-yandiracaqlar
Oxunma sayı: 660

Aprelin 8-də insult nəticəsində 87 yaşında dünyasını dəyişən "Dəmir Ledi"nin cənazəsi ötən gecə Vestminster sarayında Müqəddəs Mariya kapellasında saxlanılıb və ailə üzvlərinin iştirakı ilə qısa ayin keçirilib. Cənazə bu gün Vestminster sarayından Müqəddəs Klement kilsəsinə, oradan da artilleriya müşayiəti ilə Müqəddəs Pavel kilsəsinə aparılacaq.

Baronessa titullu Marqaret Tetçerin dəfni dövlət dəfnindən bir pillə aşağı səviyyədə, yəni hərbi şərafətli təntənəli dəfn mərasimi kateqoriyasına aid olacaq. Cənazənin daşındığı yolların kənarında Britaniya ordusunun, hərbi-dəniz və hərbi-hava qüvvələrinin 700-ə yaxın hərbçisi dayanacaq. Vida mərasimindən sonra Tetçerin meyidi yandırılacaq və bu mərasimə onun yalnız ailə üzvləri buraxılacaq.

Sabiq baş nazirin dəfn mərasiminə yerli və xarici diplomatlar daxil olmaqla, 2000-ə yaxın adam dəvət olunub. Mərasimdə Böyük Britaniya kraliçası 2-ci Elizabet və kral ailəsinin üzvləri də iştirak edəcək. Kraliça 2-ci Elizabet 1965-ci ildə Uinston Çörçillin dəfnindən sonra ilk dəfə bir siyasi xadimin dəfnində iştirak etmiş olacaq.

Dəfn mərasimi zamanı Londondakı məşhur Biq-Ben qülləsindəki zənglər də susacaq.

Qeyd edək ki, Marqaret Tetçer 1979-cu ildən 1990-cı ilədək Böyük Britaniyanın baş naziri vəzifəsində çalışıb və ölkə tarixində ilk və hələlik yeganə qadın baş nazir olub. /anspress. com/