“Təyyarədə gözüm Şeyxə sataşdı...” – Səfər

teyyarede-gozum-seyxe-satasdi-sefer
Oxunma sayı: 709

3 yanvar 2013-cü il... Heydər Əliyev Beynəlxalq Hava Limanından Gürcüstana uçan təyyarəmiz bir saat sonra Tbilisi Beynəlxalq Hava Limanında enəndə qəlbimdə qəribə hisslər keçirirdim. Hətta qulaqlarımda tanınmış gürcü müğənnisi, məşhur "Mimino" filmindəki baş rolu ilə şöhrət qazanmış Vaxtanq Kikabidzenin özünəməxsus məlahətli, bir qədər xırıltılı səslə ifa etdiyi və dillər əzbəri olan "Moi qoda - moe boqatstvo" mahnısı səslənirdi. Gürcü aksentinin güclə duyulduğu bu mahnı illər öncə yazılsa da, elə bil məhz bu gün nümayəndə heyətimizi qarşılamağa gələn Ümumgürcüstan Katolikos-Patriarxı, 80 yaşlı II İlyanın mənalı ömür yoluna həsr edilmişdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə təyyarənin pəncərəsindən postsovet məkanının ən qocaman dini liderlərindən olan ağsaqqal dostunu görcək narahatçılıq hissi ilə, həm də heyrət içində köks ötürdü və üzünü bizə tutub dedi:

- Dönə-dönə ondan xahiş eləmişdim ki, bizi qarşılamağa zəhmət çəkib gəlməsin. Amma bu yaşında yenə durub gəlib.

Bu hörmətin qarşılığında Şeyx həzrətləri təyyarənin pilləkənindən enən kimi ehtiram əlaməti olaraq yaşlı həmkarının əlindən öpdü. Sonra onlar mehribancasına qucaqlaşıb öpüşdülər. Bir-birinin hal-əhvalını xəbər aldılar.

II İlya başda olmaqla ruhanilər və rəsmi şəxslər hava limanında mənimlə bərabər Milli Məclisin deputatı Cavanşir Paşazadənin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin və digər rəsmi şəxslərin olduğu nümayəndə heyətimizi çox səmimi qarşıladılar.

Onu da deyim ki, Şeyx həzrətlərinin başçılıq etdiyi nümayəndə heyəti dövlət başçısı möhtərəm İlham Əliyevin göstərişi ilə ayrılmış xüsusi təyyarə ilə Tbilisiyə Ümumgürcüstan Katolikos-Patriarxı II İlyanın anadan olmasının 80 və ali dini vəzifəyə seçilməsinin 35 illik yubileyləri münasibətilə təşkil olunan mərasimlərdə iştirak etmək üçün getmişdi.

Səmimi görüşdən sonra hava limanının yüksək səviyyəli qonaqların qarşılanması üçün nəzərdə tutulan salonunda KİV nümayəndələrinin iştirakı ilə iki dini lider arasında qısamüddətli söhbət oldu. Gürcüstanın Katolikos-Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam həzrətlərinin Tbilisiyə gəlişini yüksək qiymətləndirdi, bu kimi səfərləri iki qonşu xalqı birləşdirən etibarlı körpü adlandırdı. Hacı Allahşükür Paşazadə jurnalistlərin suallarına cavab verərkən vurğuladı ki, hər iki dini rəhbəri birləşdirən amil onilliklərlə davam edən ali ideallara xidmətdir. II İlya ilə xeyli müddətdir dostdurlar və onu böyük qardaşı hesab edir:

- Gürcüstan Patriarxının bizə qarşı isti münasibətini tez-tez hiss edirik və mən onun ad gününə gəlməyə bilməzdim...

Sonra nümayəndə heyətimiz Baş nazirin iqamətgahına yola düşdü. Həmin gün Gürcüstanın Baş naziri Bidzina İvanişvili və parlamentin sədri David Usupaşvili ilə görüşdük. Patriarx II İlya da orda idi. Şeyx həzrətləri Hacı Allahşükür Paşazadə Baş nazir Bidzina İvanişviliyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırdı. Patriarx II İlyanın dövlətlərimiz, xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsindəki mühüm rolundan danışdı.

Söhbət zamanı o bildirdi ki, Patriarx II İlya Qafqazın ağsaqqalı, nüfuzlu dini lideridir və bu gün, hər iki xalqın rastlaşdığı eyni problem, təcavüz və separatçılıq qarşısında onun kimi tanınan və eşidilən insanın sözü olduqca vacibdir. Həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışan və bunun Azərbaycan xalqı üçün həyati əhəmiyyət daşıyan məsələ olduğunu dilə gətirən möhtərəm Şeyxin fikrincə, dini liderlər separatizm və aqressiya ilə mübarizəyə öz tövfəsini verməlidirlər:

- Biz həmişə bir-birimizə dəstək veririk. Gürcüstanda yaşayan etnik azərbaycanlılara qarşı haqsızlıq ediləndə Patriarx haqq səsini ucaltmışdır. O, bizim soydaşlarımıza daim dayaq olmuşdur. Eyni zamanda, biz də hər zaman Azərbaycanda yaşayan gürcü icmasına kömək etmişik və bundan sonra da edəcəyik.

Bidzina İvanişvili Şeyx başda olmaqla nümayəndə heyətimizi salamlayaraq Bakıya rəsmi səfərindən söhbət açdı. Prezident İlham Əliyevlə çox səmərəli danışıqlar apardığını bildirdi.

- Yaşca mən böyük olsam da, cənab İlham Əliyevin təcrübəsi daha çoxdur və mən ondan bir sıra məsələlərə dair dəyərli məsləhətlər aldım. Biz qərara gəldik ki, iki ölkə arasındakı yüksək əməkdaşlıq və qarşılıqlı anlaşmanın səviyyəsini qoruyub saxlayaq, gələcəyə istiqamətlənən fəaliyyətimizə mane olan hər bir problemin öhdəsindən birgə gələk.

Zaman hər şeyi nizama salacaq

Səmimi və dostluq şəraitində keçən görüşdə Ümumgürcüstan Katolikos-Patriarxı II İlya dəvətini qəbul edib Tbilisiyə gəldiyinə görə Şeyxülislama bir daha səmimi-qəlbdən minnətdarlıq etdi. Cənubi Qafqazdakı münaqişələrə münasibət bildirən Patriarx dedi:

- Mən heç vaxt belə bir fikirlə razılaşa bilmirəm ki, biz torpaqlarımızı itirmişik. Əsla yox, sadəcə, müvəqqəti olaraq biz bu ərazilər üzərində nəzarət etmirik. Lakin yalan ayaq tutsa da, yeriməz, zaman hər şeyi öz yerinə qoyacaqdır. Abxaziya və Cənubi Osetiya əzəli Gürcüstan torpağı olduğu kimi, Dağlıq Qarabağ da tarixən Azərbaycanın olub və olacaq da. Bu yolda biz dualarımızı əsirgəməyəcəyik.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseynovun da iştirak elədiyi görüşdə mən də çıxış etdim. Nümayəndə heyətimizi çox səmimi və isti qarşıladığına görə Baş nazir Bidzina İvanişviliyə Milli Məclisimiz adından təşəkkürümü bildirdim. Qeyd etdim ki, rus dilində "JZL" seriyasından nəşr edilən və mənim həmmüəllifi olduğum "Heydər Əliyev" kitabının gürcü dilinə tərcümə olunmasında təşəbbüs göstərdiyinə görə, ona və gürcü həmkarlarıma minnətdaram:

- Əminəm ki, kitabın gürcü dilində təqdimat mərasiminə bizi dəvət edəcəksiniz.

Baş nazir razılıqla gülümsünüb, "Əlbəttə, dəvət edərik" - dedi. Sonra cənab Baş nazirə bildirdim ki, Tbilisidəki K.Marcanişvili adına Dövlət Akademik Teatrında mənim əsərim əsasında səhnələşdirilmiş "Mən qayıdacağam" tamaşası nümayiş etdirilir. Tamaşada Cənubi Qafqazda baş vermiş münaqişələr nəticəsində doğma yurdlarından didərgin düşmüş insanların qaçqınlıq problemləri, yaşanan ağrılar öz əksini tapır. Bidzina İvanişvili sevinc hissiylə dedi ki, mən mütləq gedib o tamaşaya baxacağam...

O, əminliklə Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini bildirdi:

- Bizim dostluğumuz digər ölkələrə nümunə olmalıdır. Mən bunu əminliklə deyə bilərəm ki, hər iki ölkənin maraqları eynidir və biz heç vaxt imkan vermərik ki, bir ölkənin marağı üçün digər ölkəyə ziyan dəysin. Biz Azərbaycan Prezidenti ilə belə razılığa gəlmişik. Biz çox dostcasına ayrıldıq. Gələcəkdə iki ölkə arasında dostluq və qardaşlığımız daha da inkişaf edəcək...


Sözsüz ki, belə rəsmi görüşlərdə Gürcüstan ilə Azərbaycanı birləşdirən tarixi əlaqələrdan çox danışmaq olar. Axı bizim ulu babalarımız həmişə qonşuluq və qardaşlıq şəraitində yaşayıblar. Qədim bir gürcü məsəli də bunu təsdiq edir: "Tatarits şeni dzmaa" - yəni azərbaycanlı sənin qardaşındır. Xalqlarımız arasındakı dostluq münasibətlərinə bir çox misalları nümunə göstərmək olar.

Azərbaycan xalqına mənsub Koroğlu dastanındakı Gürcüoğlu obrazı da xalqlarımızın qədim dostluğunun təcəssümüdür. Bəşəri dəyərləri özündə birləşdirən "Əli və Nino" əsəri gürcü-azərbaycanlı dostluğuna daha bir nümunədir.

Xalqlarımız arasındakı mənəvi yaxınlıq bədii yaradıcılığa da təsir göstərib. VII əsrdə gürcü şairi Sabanidze milli qəhrəmanımız Babəkin azadlıq uğrunda mübarizəsini tərənnüm etmişdir. Nizami Gəncəvi gürcü elinin barlı-bərəkətli torpağını, cəsur oğullarını vəsf edib. XII əsrdə dünya poeziyasının ən parlaq nümunəsini yaratmış Şota Rustaveli "Pələng dərisi geymiş cəngavər" əsərində "qəhrəmanlar insanlıq üçün gərəklidir" hissini aşılamaqla yanaşı, Naxçıvandakı Gilan şəhərini mədəniyyət və ticarət mərkəzi kimi təqdim edir. 1819-cu ildə görkəmli Azərbaycan alimi və yazıçısı Abbasqulu ağa Bakıxanov Tiflisdə Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcümanı vəzifəsinə qəbul olunub, 26 il bu şəhərdə fəaliyyət göstərib. Onun köməyi sayəsində 1832-ci ildə Tiflisdə çap olunan "Tiflis əxbarı" Azərbaycan dilində çıxan ilk qəzetdir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə 1834-cü ildə Tiflisdə Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunub və ömrünün sonuna qədər burada çalışıb. Naxçıvanlı maarifçi Məhəmmədağa Şahtaxtlı XX əsrin ilk Azərbaycan qəzeti olan "Şərqi-Rus" qəzetini, böyük ədib Cəlil Məmmədquluzadə isə məşhur "Molla Nəsrəddin" jurnalını Tiflisdə nəşr etdirərək buradan bütün Şərq dünyasına yaymışlar. Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Tbilisi rəssamlıq məktəbində yetişərək formalaşmışdı.

Tiflis həm də ötən əsrin əvvəllərində Cənubi Qafqazın mədəniyyət mərkəzi kimi tanınırdı. Azərbaycanın müstəqillik bəyannaməsinin məhz burada elan olunması da təsadüfi deyildi.

İki qonşu xalqın yaxınlaşmasında mühüm rol oynayan nümunələrdən biri də məhz 1823-cü ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Tiflisdə təşkili idi. Böyük tarixi əhəmiyyət kəsb edən bu dini qurumun yaranmasından söz açan Şeyx həzrətləri Baş nazirdən və Patriarx II İlyadan Tbilisidə yaranan ruhani idarəsinin arxivinin Azərbaycana verilməsini xahiş edəndə hər ikisi böyük məmnunluq hissi ilə razılıqlarını bildirdi.


Allahımız bir, keçmişimiz bir, gələcəyimiz bir

Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin adından Tbilisidə şam yeməyi - ehsan verildi. Məhərrəmlik ayının 40-cı günü münasibətilə keçirilən bu təziyədarlıq mərasimində Gürcüstan patriarxlığının nümayəndələri, parlamentin azərbaycanlı və gürcü deputatları, gürcü nazirlər, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynov, Azərbaycanın və gürcü ictimaiyyətinin nümayəndələri, din xadimləri - Gürcüstandakı məscidlərin imam və axundları iştirak edirdilər.

Müqəddəs Qurandan ayələr oxunmaqla başlayan bu mərasimdə iki xalq arasında səmimi münasibət, qarşılıqlı hörmət və etiramın bir daha canlı şahidi oldum. Hacı Allahşükür Paşazadə çıxışında Kərbala şəhidlərinin, Qarabağ və Abxaziyada gedən döyüşlər zamanı həlak olan qəhrəmanların vətən və torpaq üçün dünyadan getdiklərini bildirdi və hamıya dərin hüznlə başsağlığı verdi:

- Biz 21 ildən çoxdur ki, Allahsız bir dövlətdən, sovet rejimindən ayrılıb müstəqil dövlətlər olduq. Bu müstəqillik həm Gürcüstana, həm də Azərbaycana xoşbəxt anlar gətirib. Bunu istəməyənlər Qarabağda, həmçinin Gürcüstan torpaqlarında problemlər yaratdılar. İnanırıq ki, Kərbəla şəhidləri kimi torpaq uğrunda tökülən qan yerdə qalmayacaq!.. Uzaq keçmişin mənəvi nümunələri bugünün müşküllərinin həlli üçün açardır. Azərbaycan kimi Gürcüstan da separatçılıq, terror və doğma torpaqlarının işğalı ilə üzləşib, qanlı müharibə minlərlə oğul və qızlarımızın həyatına son qoyub. Xalqlarımızın oxşar problemləri bizi mənən daha da yaxın edir və belə olduğu halda keçmişin rəşadət nümunələrindən gənclərin tərbiyəsində istifadə etmək olduqca vacibdir.

Şeyxülislam gürcü və Azərbaycan xalqlarının arasında tarixi bir bağlılığın olduğunu və bunun bu gün də davam etdiyini qeyd edərək dedi:

- Bu ölkələri həm də mənəvi bağlılıq birləşdirib. Gürcüstanda azərbaycanlılar və Azərbaycanda gürcülər yaşayırlar. Biz iki dini lider olaraq istəyirik ki, onlar özlərini yaşadıqları ölkənin tamhüquqlu vətəndaşları hiss etsinlər, hər iki ölkənin çiçəklənməsinə çalışsınlar... Baş nazirlə görüş məndə yaxşı təsir və gələcəyə böyük inam yaradıb. İnanıram ki, Gürcüstanla Azərbaycan arasında bütün sahələrdə əlaqələr genişlənəcək. Biz II İlya ilə birlikdə Allahımız bir olduğu üçün hər iki xalqın rəhbərliyi üçün dualar edirik. Biz torpaqlarımızı bütöv görmək istəyirik.

Şeyxülislam Azərbaycandakı mövcud vəziyyətdən, dövlət-din münasibətlərindən, bütün dinlərin təmsilçilərinin bir ailə kimi yaşadıqlarından söz açdı, bütün dinlərə hörmət və ehtiramla yanaşıldığını vurğulayaraq bildirdı:

- Bildiyiniz kimi, biz Tbilisiyə böyük qardaşımın, nüfuzlu din xadimi, Zati-müqəddəsləri Katolikos-Patriarx İkinci İlyanın yubiley təntənəsində iştirak etmək üçün gəlmişik. Bu gün mənim Patriarx həzrətləriylə görüşüm olub. Söhbətimiz həmişə olduğu kimi, yenə də Qarabağ, Abxaziya, Cənubi Osetiya problemləri məcrasına yönəldi və mən həm öz adımdan, həm də hörmətli Patriarxın adından tam əminliklə deyə bilərəm ki, istər Gürcüstanın, istərsə də Azərbaycanın əzəli torpaqlarının qaytarılması vaxtı çox uzaqda deyil. Allah bu işdə bizə kömək olsun!

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Katolikos-Patriarx II İlyanın 80 illik yubiley mərasimində QMİ-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakından şərəf duyduğunu, Gürcüstanda xristian və müsəlman dinlərinin qədim köklərə malik olduğunu bildirdi. Dövlət naziri birgə dəyərlərə hörmət zəminində ölkələrimizin daha böyük uğurlar qazanacağına əminliyini ifadə etdi.

QMİ Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev də Hacı Allahşükür Paşazadə və II İlyanın arasındakı dostluq münasibətlərindən söz açdı. O, QMİ-nin Qafqazda 200 illik tarixə malik olduğunu, bu idarənin Gürcüstandakı nümayəndəliyinin 50 ildir ki, fəaliyyət göstərdiyini bildirdi.

"Qeyrət" xalq hərəkatının sədri Əlibala Əsgərov çıxışında yeni hakimiyyət nümayəndələrindən xahiş etdi ki, keçmiş hakimiyyətin Gürcüstanda yeni dini qurum yaratmaq haqqında olan səhvini düzəltsin.


Ziyarət

Səfərin növbəti günündə - yanvarın 4-də nümayəndə heyətimizin üzvləri ümummilli lider Heydər Əliyevin Tbilisinin mərkəzində - Cümə məscidinin yaxınlığında ucaldılmış abidəsini ziyarət etdi. Şeyx həzrətləri ilə birlikdə abidənin önünə əklil və tər güllər qoyduq.

Kür sahilində salınmış Heydər Əliyev parkı yerli sakinlərin sevimli istirahət və görüş yeridir. Əcnəbi turistlər də buranı tez-tez ziyarət edir, abidənin önündə xatirə şəkilləri çəkdirirlər. Tbilisinin "Meydan" adlanan bu məhəlləsində bir çox tarixi abidələr diqqəti cəlb edir. "Narin qala", "Şah Abbas hamamı", Tiflisin əsasını qoyan Vaxtanq Qorqasalinin heykəli, XIII əsrə aid Metexi kilsəsi...Vaxtilə "Şeytanbazarı" adlanan bu ərazidə yaşayanların böyük əksəriyyəti Azərbaycan türkləri olub. Şəhərin yuxarısında isə müsəlman qəbiristanlığı yerləşir. Botanika bağı adlanan kiçik xiyabanda M.F.Axundzadə, M.Ş.Vazeh, mollanəsrəddinçi şair Əliqulu Qəmküsar, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Fətəli xan Xoyski, Həsənbəy Ağayev dəfn ediliblər...

1996-cı ilin martın 9-da ulu öndər Heydər Əliyevin burada Fətəli xan Xoyskinin abidəsinin açılışı mərasimindəki nitqini xatırlayıram: "Azərbaycanın dəyərli oğulları Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski dünyalarını dəyişəndən sonra da məhz Tbilisidə - Gürcüstan torpağında əbədiyyətə qovuşmuşlar. Fətəli xan Xoyski burada - Tbilisidə ilk Azərbaycan Demokratik Respublikasının baş naziri vəzifəsinə seçilmiş və 1920-ci ildə erməni terrorçularının gülləsindən Tbilisi torpağında həlak olaraq burada dəfn edilmişdir. Azərbaycan xalqı gürcü xalqına daim minnətdardır və daim minnətdar olacaq, bir də ona görə ki, Azərbaycanın görkəmli şəxsiyyətləri Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh və Fətəli xan Xoyskinin məzarlarını on illərlə, yüz illərlə burada qoruyub saxlayıb. Azərbaycanın görkəmli şəxsiyyətləri bu müqəddəs torpaqda əbədiyyətə qovuşublar və beləliklə, bu müqəddəs torpaq, Gürcüstanın bu gözəl guşəsi - indi bizim olduğumuz bu guşə Azərbaycanın da bir hissəsini təşkil edir".

Tbilisidə gördüklərim məni xəyalən 17 il əvvələ aparıb çıxarmışdı... Doğrudan da, indi bura - ulu öndərin abidəsi olan park Azərbaycanın bir guşəsidir. Nümayəndə heyətimiz ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edəndən sonra Mirzə Fətəli Axundzadənin Tbilisidəki ev-muzeyinə baş çəkdi və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin paytaxtda inşa olunan binasında aparılan işlərlə tanış oldu.

Hacı Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin Tbilisidəki ofisində azərbaycanlı icmasının nümayəndələri ilə görüşündə Şeyxülislam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan soydaşlara, o cümlədən Gürcüstan azərbaycanlılarına daim qayğı və diqqətindən söz açdı, ulu öndər Heydər Əliyevin siyasi kursunun varisliyə sədaqət ruhunda uğurla davam etdirdiyini bildirdi. QMİ sədri qeyd etdi ki, Azərbaycan-Gürcüstan münasibətlərinin yaxşılaşdırılması dost ölkədə yaşayan soydaşlarımızın durumuna müsbət təsir göstərəcəkdir. Görüşdə Gürcüstandakı məscidlərin imam və axundları da çıxış edib dinlərarası münasibətlərdən söhbət açdılar.

Marneuli rayonundakı Daştəpə kəndindən Seyid Eldəniz, rayonun Sadaxlı-Xuldərə kəndlərinin imamı Etibar Eminov və başqaları Gürcüstan azərbaycanlılarına yüksək qayğı və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Allahşükür Paşazadə söhbət zamanı dedi:

- Qafqazın ağsaqqalı, dostum, qardaşım, Ümumgürcüstan Katolikos-Patriarxı II İlya ilə bu illər ərzində münasibətlərimiz daha da dərinləşmiş, biz bir-birimizə qardaş, dost, arxa olmuşuq. Mən II İlyanın Azərbaycan xalqına, ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə xoş münasibət bəslədiyini bilirəm. O, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə görüşlərinin xoş təəssüratları barədə mənə dəfələrlə danışmışdır... II İlyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə Azərbaycanın haqq işini dəstəklədiyinin, konfranslarda, müxtəlif tədbirlərdə onun daim bizim mövqeyimizə tərəfdar olduğunun şahidiyəm.

Şeyx həzrətləri onu da bildirdı ki, Gürcüstanın Baş naziri və parlamentin sədri ilə görüşlərdə də II İlya diqqəti Cənubi Qafqazdakı münaqişələrə cəlb etmiş, Azərbaycanda və Gürcüstanda mövcud münaqişələrin hər iki ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bir daha diqqətə çatdırmışdır. O, çıxışında Gürcüstanda çoxsaylı azərbaycanlıların yaşadığını, ölkələrimiz arasında iqtisadi, siyasi münasibətlərin yaxşı inkişaf etdiyini vurğuladı və mənəvi münasibətlərin də yeni səviyyəyə qaldırılmasını arzuladı.

Gürcü xalq məsəllərinin birində deyilir: "Odu elə söndür ki, tüstüsü çıxmasın". Keçmişdən ta bugünəcən Qafqaz xalqlarının qonşuluq və dostluq münasibətlərinə kölgə salan araqızışdıranlar da az olmayıb. Bununla bağlı Şeyxülislam narahatlığını dilə belə gətirdi:

- Azərbaycanlılar, istər vətəndə olsun, istərsə də burada, heç vaxt dini ayrı-seçkiliyə yol verməyiblər. Tarixən Gürcüstanda sünnilərlə şiələr qarşılıqlı hörmət və mehriban şəraitdə yaşayıblar ki, bu da sizin və bizim ən böyük sərvətimizdir. Lakin sirr deyil ki, iki məzhəb ardıcılları arasında nifaq salmaq istəyənlər hər zaman olub, bu gün də var və sizin din xadimləri kimi ən ümdə vəzifəniz ümməti bu uçuruma aparan yoldan uzaqlaşdırmaqdır. Sizin bu işdə Allah və ümmət qarşısında olan məsuliyyətiniz olduqca böyükdür. Sünnilərlə şiələr arasında ayrılıq axtaranlar isə su üzərində əbəs yerə xətt çəkənlərə bənzəyirlər. Onlar nə qədər buna cəhd göstərsələr də, həmin xəttin ömrü bir an belə olmur. Odur ki, bir-birinizdən möhkəm yapışın, yaşadığınız dövlətin - Gürcüstanın layiqli vətəndaşı olun. Biz isə öz növbəmizdə sizin burada rahat yaşamağınız üçün əlimizdən gələni əsirgəməyəcəyik.

QMİ sədri bu günlərdə Gürcüstanın Baş nazirinin Bakıya səfərinin, onun Azərbaycan Respublikasının Prezidenti ilə görüşünün nəticəsi olaraq münasibətlərimizin yüksək səviyyəyə qaldırılacağına əmin olduğunu dedi. Görüşdə Gürcüstan parlamenti sədrinin də Azərbaycan ilə münasibətlərin daha yüksək səviyyədə qurulmasına tərəfdar olduğunu qeyd etdi. Bütün bunlar dost ölkələrimizin əlaqələrinin gücləndirilməsinə müsbət təsir göstərəcəkdir.

Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan azərbaycanlılarının bu ölkənin vətəndaşı kimi tam hüquqa malik olmalarını, öz dövlətlərinin qanunlarına riayət etmələrini, bununla yanaşı, azərbaycanlı olduqlarını da unutmamalarını arzuladı.


Səfərin sonuncu günün əsas tədbirinə qalan vaxtda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ona ayrılmış iqamətgahda Gürcüstanın reinteqrasiya naziri Paata Zakareişvilini qəbul etdi. Söhbətdə Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin siyasi və ictimai həyatında daha yaxından iştirakı məsələsinə toxunuldu. Daha sonra Şeyxülislam həzrətləri Roma Katolik kilsəsinin Qafqazdakı Apostol administratoru Cuzeppo Pazottonu, Gürcüstan Baptistlər İttifaqının sədri Malxaz Sonqulaşvili və digər dini qurumların rəhbərləri ilə görüşüb söhbət etdi. Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyasının rəhbəri Yepiskop Vazqen Mirzaxanyan Katolikos İkinci Qareqinin Şeyxülislam Allahşükür Paşazadə ilə Azərbaycan-Ermənistan sərhədində görüşmək arzusunu Şeyx həzrətlərinə çatdırdı.


Ziyafət

Günün ikinci yarısında nümayəndə heyətimiz Gürcü Pravoslav Kilsəsi başçısının iqamətgahında təşkil olunan qəbul mərasimində oldu. Baş nazirin xanımının, Müqəddəs Sinodun üzvlərinin, bir sıra nazirlik və təşkilatların rəhbərlərinin qatıldığı qəbulda Bidzina İvanişvili və Şeyxülislam Allahşükür Paşazadə çıxış etdilər. Baş nazir çıxışında müsəlmanların yaşayış tərzinin yaxşılaşdırılması, rahat ibadət üçün hər cür şəraitin yaradılması məsələlərini xüsusi qeyd etdi:

- Azərbaycanlıların ölkənin ictimai həyatında oynadıqları rolun əsaslı şəkildə artmasından danışmamaq olmaz. Onlar səmimi və zəhmətkeş insanlardır, vətənləri Gürcüstana sadiqdirlər. Seçkiqabağı kampaniya vaxtı mənim azərbaycanlılarla çoxsaylı görüşlərim olub və onların qabarlı, zəhmətə alışmış əllərinin hərarətini hələ də hiss edirəm. Mən özüm də kəndli ailəsində boya-başa çatmışam və yaxşı bilirəm ki, yer şumlayan, əkib-becərən əllər məhz belə olmalıdır. Bizim azərbaycanlılar həmin əllərlə Gürcüstan adlanan vətənlərinə şöhrət gətirirlər.

Sonra bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın adından Şeyxülislam həzrətlərinin şərəfinə verilən ziyafətdə iştirak edən ölkənin Baş naziri Bidzina İvanişvili, parlamentin spikeri David Usupaşvili, ölkədə akkreditə olunan bir sıra xarici dövlətlərin səfirləri, Gürcüstanın görkəmli ictimai, elm və mədəniyyət xadimləri çıxış etdilər. SSRİ və Gürcüstanın xalq artistləri Nani Breqvadze və Tamara Qvardcitelinin, Patriarxiya ruhani seminariyasının xorunun gözəl ifaları ziyafət işirakçılarının zövqlərini oxşadı.


II İlya nüfuzlu ruhani kimi öz yurdunu, dinini, dilini mənsib olduğu xalqa sevdirə bilib! 80 illik ömrünün 35 ilini ölkəsində ən ali dini vəzifənin - Ümumgürcüstan Katolikos-Patriarxı rütbəsinin icrasına həsr edib. Məhz 80 illik yubiley təntənəsinin miqyası onun - II İlyanın xalqına, vətəninə, dininə məhəbbətindən rişələnərək, qol-budaq açıb şaxələnmişdi. Onun xidməti dövründə Gürcü kilsəsinin yeparxiya və monastırlarının sayı 48-dən 1000-dək artıb, ölkədəki məscidlərin sayı isə 200-ə çatıb... 2012-ci ildə o, İlin adamı elan olunub.

II İlya - dünyəvi adı İrakli Qeorqiyeviç Qudaşauri-Şiolaşvili - Moskva Ruhani Seminariyası və Akademiyasında təhsil aldıqdan sonra, 1977-ci ilin dekabrın 23-də bütün Gürcüstanın Katolikos-Patriarxı seçilib, iki gün sonra - dekabrın 25-də isə onun ali dini taxt-taca çıxması mərasimi keçirilib.

Ziyafət başa çatdı. Bidzina İvanişvili II İlya ilə xudafisləşəndə dərin ehtiramla dizini yerə qoydu və din xadiminin kaftanının ətəyini, sonra əlini öpdü. Məncə, bu xristian ənənəsi olsa da, Gürcüstan qarşısında təzim idi, gürcü xalqının və onun milli-mənəvi dəyərlərin qarşısında təzim idi.

Maraqlı ştrixlərlə yaddaqalan Tbilisi səfərimizin ən unudulmaz səhnəsinə dəqiqələr qalırdı. Axşamüstü hotelin qarşısında nümayəndə heyətimiz üçün ayrılan maşınlar səfər proqramında nəzərdə tutulduğu kimi, Baş nazir və onun komandasının, həm də Gürcüstan patriarxının maşın karvanına qoşulub Dövlət Filarmoniyasına doğru üz tutdu. Biz filarmoniyanin zalına daxil olanda gurultulu alqış sədaları qopdu. Zalda iynə atsan yerə düşməzdi. Harda oturmasından asılı olmayaraq bütün baxışlar II İlyaya dikilmişdi. Patriarx filarmoniyaya Baş nazir və parlamentin spikeri ilə birlikdə gəlmişdi. Hamı, hətta balaça uşaqlarla gələnlər onların üzərində xaç çevirirdilər. Konsert çox maraqlı keçdi. "İavnana" Fondunun təşkilatçılığı ilə keçirilən konsertdə Gürcüstanın görkəmli artistləri milli simfonik orkestr və xor kapellasının müşayiəti ilə müxtəlif sənət incilərindən parçalar ifa etdilər. Moskvanın Böyük Teatrının solistləri, İtaliyanın Milan şəhərindəki məşhur "La Skala" teatrından sorağı gələn müğənnilər rəngarəng çıxışları ilə Gürcüstan Patriarxını təbrik etdilər. Tədbirdə iştirak etmək üçün Tbilisiyə gələn Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri Paata Burçuladze və SSRİ xalq artisti Zurab Sotkilavanın çıxışları nə qədər maraqlı olsa da, II İlyanın bəslədiyi "Məryəm ana" əsəri hamını daha çox riqqətə gətirdi. Məşhur incəsənət ulduzlarının çıxışları səhnədə quraşdırılmış nəhəng monitorda əks olunan birbaşa bağlantılarla əvəz olunurdu.

Ən maraqlısı II İlyanın doğulduğu kəndlə canlı bağlantı idi. Onun 80 yaşını uşaqlıq və gənclik dostları, həmkəndliləri təbik etdilər və ona fəaliyyətində uğurlar arzuladılar.

Sonra monitorda Tbilisinin mərkəzində ən böyük kilsə və məbədlərin qarşısında böyük izdiham göründu. Əllərində tutduqları şamlarla isinən insanlar soyuq yanvar gecəsi öz dini rəhbərinə - xalqa və Yaradana xidmətdə olan adama ən səmimi ürək sözlərini deyir, hörmət və ehtiramlarını bildirirdilər. Böyük bayram izdihamında 17 min körpə uşağın olduğu bildirildi. Bu uşaqların xaç atası II İlya sayılırdı. Xristian qanunlarına görə o, evlənməmişdi, lakin xaç suyuna saldığı uşaqlar ona övlad məhəbbəti bəsləyir, şükranlıq edirdilər. Sən demə, iqtisadi vəziyyətin ağrlığından Gürcüstanda bir neçə il əvvəl təbii artım aşağı düşəndə, Patriarx gürcü analara müraciət edərək belə deyib: "Əgər hansı gürcü qadın 3-cü uşaq dünyaya gətirsə, mən özüm həmin uşaqları xaç suyuna salacağam."

Budur, indi Patriarxın çağırışından sonra dünyaya göz açan 17 min uşaq onun 80 illik yubileyini bayram sevinciylə qarşılayırdı. Əlbəttə, bu, gürcü xalqına olan sonsuz qayğının və sevginuin qarşılıqlı təzahürü idi.

Təntənəli yubiley mərasiminin ən unudulmaz məqamı möhtərəm Şeyximizin və hörmətli səfirimizin səhnəyə dəvət olunması idi. Səfir Azər Hüseynov dövlət başçı cənab İlham Əliyevin Patriarxa təbrik məktubunu oxudu. Şeyxülislam Allahşükür Paşazadənin çıxışı dəfələrlə gurultulu alqışlarla qarşılandı. Çıxışının sonunda o, Qafqaz regionunda, MDB məkanında və dünya miqyasında mədəni əlaqələrin, dinlərin və millətlərarası dialoqun inkişaf etdirilməsində böyük şəxsi töhfəsinə, Gürcüstan Pravoslav kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi, gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki görkəmli xidmətlərinə görə II İlyanı "Şeyxülislam" ordeni ilə təltif edəndə bütün zal ayağa qalxdı.

Bundan bir neçə dəqiqə sonra təntənəli mərasım başa çatdı. Qəlbimdə gürcü xalqına əhsən deyə-deyə filarmoniya binasını tərk etdim. O gecə nümayəndə heyətimiz ayrı-ayrı maşınlarda filarmoniyadan birbaşa hava limanına yola düşdü. Təqribən yarımsaatlıq yolboyu Tbilisinin gecələrinə baxa-baxa düşüncələrə dalmışdım. Və bu düşüncələrimdə Azərbaycan və gürcü xalqını, Şeyxülislamla gürcü Patriarxını, Bakıyla Tbilisini müqayisə edirdim. Düşünürdüm ki, Qafqazda həmişə ağsaqqala hörmət olubdur. Bizim həm oxşar, həm də fərqli cəhətlərimiz çoxdur.

Etiraf edim ki, uşaqlı-böyüklü gürcü xalqının öz dini liderinə necə rəğbət bəslədiyini görəndə təəssüf hissi də keçirirdim. Çünki bizim dini liderimiz Şeyx həzrətlərinin ünvanına bəzən milli mətbuatımızın səhifələrində hədyan yazıları, atmacaları, böhtanları yada salanda içim doğranırdı. İslami dəyərlərə, o cümlədən, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə qarşı aparılan çirkin kampaniya dəfələrlə ölkə ziyalıları və din adamları tərəfindən haqlı narazılıqla qarşılanıb.

Sözsüz ki, heç bir ölkə cəmiyyətin taleyinə biganə insanlardan sığortalanmayıb. Belələri özlərini kənardan müşahidə etmək qabiliyyətindən məhrumdurlar. Əgər bir insan mənsub olduğu dinə və onun liderinə hörmətsiz yanaşırsa, onda onun öz xalqına hansı sevgisindən, böyük-kiçiyə hansı sayğısından danışmaq olar?!

Gürcülərin bir-birini sevdiyini çox eşitmişdim. Bu, doğrudan da belə idi və mən bunun canlı şahidi oldum. İnsan mənsub olduğu xalqı sevməyi bacarmırsa, başqa xalqı necə sevə bilər? Bu sevgi evin kandarından, etiqad etdiyin dindən başlayır. Yəni biz öncə islamı sevməliyik, sonra başqa dinlərə ehtiramla yanaşmalıyıq.

Artıq təyyarədəyik, Bakıya qayıdırıq. Gözüm Şeyx həzrətlərinə sataşdı. Görəsən, Tbilisi səfəri barədə o, indi nə düşünürdü? Şübhəsiz, II İlyanın möhtəşəm yubiley təntənəsi hamımız kimi, onun da yaddaşında silinməz izlər buraxmışdı.

Şeyxülislamı çox həyəcanlı, həm də narahat gördüm. Sual dolu baxışlarını bizə dikərək dərin düşüncələrə dalmışdı...

- Hər şey yaxşı oldu. Gözəl alındı - dedik.

Şeyx həzrətləri qonşu olkədə dini-ictimai xadim kimi Azərbaycan dövlətini, xalqımızı və islam dinini ləyaqətlə təmsil etmək üçün iki gün idi ki, böyük əmək sərf edirdi. Ümumiyyətlə, bütün səfərlərində olduğu kimi, Tbilisi görüşlərində də çox ağır, çox məsuliyyətli bir işin öhdəsindən şərəflə gəldi...

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı - dramaturq