Təzad

tezad
Oxunma sayı: 720

***
Ağlayan təlxək gördünüzmü heç? Təsəvvür edin, balacaları Yeni il şənliyində əyləndirir, sonra nəsə olur və ağlaya-ağlaya uşaqlardan ayrılıb gedir... Gedərkən üzündə təbəssüm donur, gözlərində gülüş. Üzündəki al-əlvan boyalar dərddən yaranan göz yaşına qarışır. Alınan mənzərə həyatın ironiyası olsa, gərək...

Ürək ağladısa, vəziyyət başqa cür olur: təbəssüm... yox, donmur, ölür. Bu şeirimi xatırladım nədənsə:

bəzən başqa cür olar
bu oyunun qaydası
üzündə gülüş doğar
qəlbinə dərd əkilər...
həyatın kiri-pası
al-əlvan boyalarla
təlxəklərin üzünə
sillə kimi çəkilər...

Balaca Nilufər təlxəyin ağlamaq səhnəsini unuda bilmir. Onun nəzərində təlxəklər yalnız gülməyi, əyləndirməyi bacarırdı. Və acı gerçəyi açıqlamaq zorunda qaldım. Başa saldım ki, o da əslində bizim kimi insandı. Onun da başına pis hadisələr gələ bilər: atası, anası və ya başqa bir doğması yaralana, ölə bilər və s. Cavabı yenə də sual oldu: “Atası, anası ölməyən “kloun” olmur?” Uşaq heç cür inanmadı...
Yeni ili baxın, bu ovqatla qarşıladım. Həmin an anladım ki, təlxəklər-kədərlənməyi bacaran insanlardır. Adi insanlar. Bəzən elə məqamlarla rastlaşırsan ki, lap uşaq təfəkkürü ilə düşünürsən: nağıllara inanır, insanlarda başqa ovqat yaratmaq üçün zahirən əynindən insanlığı soyunan təlxəklərin, ayıların, tülkülərin səhnədə göstərdiyi tamaşaların gerçək həyatda baş verdiyinə, o adamlarınsa həqiqətən o obrazlarda olduğuna inanırsan.
***
Bethoven 28 yaşında olan zaman karlığın ilk əlamətlərini hiss edir. Bəstəkar üçün yaradıcılıq baxımından bundan böyük faciə ola bilməzdi. Xəstəlik şiddətləndikcə Bethoven musiqi alətində ifa etməkdə çətinlik çəkir, dirijorluq qabiliyyətini get-gedə itirirdi... İnsanlarla ünsiyyətində problem, nitqində qüsur yaranmışdı. Hətta ömrünün sonlarında nitqi tamamilə itdiyi üçün fikrini vərəğə yazmaqla çatdırırdı. Elə bir zaman çatır ki, o, yaratdığı musiqini eşidə bilmir. Buna baxmayaraq, səhhətindəki ciddi problemlər və tənhalığı onun əzmkarlığına, iradəsinə təsir edə bilmir. Onun daxili aləminin göstəricisi olan əsərlərində yaşadığı həyat tərzindən əsər-əlamət olmur. Tam tərsinə, ümidsizlik, qorxu əvəzinə gələcəyə inam, ruh yüksəkliyi duyulur, insanda qələbəyə inam hissi yaranır...
***
Göz yaşlarının həm sevinci, həm də kədəri ifadə edə bilməsində bir sehr var...
2012-nin “qorxulu” 21 dekabrından sıyrılıb 2013-ə adladıq. Acılı-şirinli bir il də geridə qaldı. Qarşıdan 20 yanvar faciəsinin ildönümü gəlir. Həqiqətən də həyat “ura” deyib yaşayacağımız faciədir...