Təzə nazir…

teze-nazir
Oxunma sayı: 10947

Raminə Eyvazqızı

Bizim halva, quymaq, hədik kimi yeməklərimiz var ki, onların hazırlanması xüsusi mərasimlərin səbəbindən ortaya çıxır. Əcəb adət etmişik bunu. Mən halvanı şirniyyat kimi arzulasam, deyəcəklər ki, “kiri, dinmə ölü arzulayırsan”, ya quymaq istəsəm, “deyəsən doğmaq fikrin var” və ya “xəstəxana arzulayırsan” sualına tuş gələcəm. Ya da hədik el adətinə görə, ilk dişi çıxan körpənin şərəfinə (dişi bərkişin deyə) hazırlanır. Yaxud da, imam ehsanı adı ilə bişililib paylanılır. Görəsən, hansısa yeməyi mütləq hansısa səbəbdənmi yemək lazımdır? Heyrətdir, doğrusu. Tək onu deyə bilərəm ki, xalqımız ağzının dadını əvvəldən bilib və enerjiverən qidalara ta qədimdən bələddir. Əhsənə layiqik.

İndi həmin xalqımız fikir içindədir. Hamı bir aya yaxındır davam edən nüfuzlu nazirliyin tuthatunu, qovhaqovunu izləyir. İnternet kabellərini ara-sıra “siçan”lar dişləsə də, o biri nazirimiz haqqında hələ ki, qabaqkı kimi dəhşətli faktlar eşitmirik. Milli təhlükəsizliyimizi qorumaqdan başqa hər işlə məşğul olan nazir və adamlarının aqubəti hamının gözünü qorxudub. İndi boş qalmış nazirlik və nüfuzlu postlarda gözü olanlar da təşviş içindədir. Göz boş kreslodadır, amma ürəyin ritmi günbəgün artır. Az qala vəzifəyə gəlmək arzusu sindromunu çözmək üzrəyik. Deyəsən, son “zəlzələ” vəzifə arzulayanları “ta bəsdi, həvəsdi” etirafını etməyə məcbur edir. Zarafat deyil, ölkə rəhbərinin qəti addımlarına ram edilən kəslərdən sonra çətin ki, kiminsə cürəti vəzifədən sui-istifadəyə çatsın. Vəzifə üçün vaxtilə növbəyə duran, yuxularında ətrafdan “hörmətli nazir...” müraciətiylə göylərə uçan kişilərin çoxu indi yuxunu da arzulamır. Səhər əl-üzünü isti suyla yuyub (soyuq su ilə yuyunsa bəlkə də özünə gələrdi), isti evdə isti yeməyini yeyib ilbəil yekələn bəzi kəslərin şalvarları da əynindən düşər olub, fikir adamı arıqladır axı.

Deputat Fəzail Ağamalının müəlliflik hüququnu pozmadan təzə fikrini xatırladım. “Vəzifə müstəqil pul yığmaq yox, müstəqilliyə yaramaqdır.” Bizim deputatlardan da ara-sıra təəccüblü, amma ağlabatan fikirlər çıxırmış. Sədası yaxşı gəlir. Müstəqilliyi müstəqil pul yığmaqda görən kişilər bu gün də var. Sözsüz, həmişə də olacaq. Məsələ onların bu istəyinin vəzifəyə gələndən sonra artmasından gedir. Bir də işçilik qabiliyyətinin, bizi ağ günə çıxarmağından da çox şey asılıdır. Axı bizim başımız belə vəziyyətlərdən çox çəkib. Misal üçün, eks təhsil naziri Misir Mərdanovu taxtdan salmaq üçün hərtərəfli tənqidlərə başlayanda böyük ümidlər içində idik. Amma yeni nazir Mikayıl Cabbarovla nazirlik haqqında qeyri-adi, sistemli dəyişiklik hiss etmədik. Əksinə əlil məktəbli uşaqlara göstərilən insafsızca davranışlar, onların təhsilinə maneələr kimi neqativlər könlümüzü xoş tutmadı. Təhsil nazirinin sabiq nazirdən üzəçıxdı sayı da xeyli azdır.
Deməli, bizim qarşıda görəcəyimiz günlər var. Təzələrin sabiqlərdən güclü və işlək olmasını dua etməliyik. Köhnələrin halvasını yeyib, təzələrə yeri gəlsə lap quymaq da yedizdirməliyik ki, özlərinə gəlsin, enerjiləri aşıb-daşsın. Biz işləyən istəyirik, puldan enerji alan və ya pul üçün enerji xərcləyənləri yox, haqlı cəzalananı istəyirik.

Və biz necə də çarəsizik.