Tikintiyə cəlb olunan vəsaitin məbləği açıqlandı

tikintiye-celb-olunan-vesaitin-meblegi-aciqlandi
Oxunma sayı: 1378

2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11482,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz az vəsait yönəldilib, sərf edilmiş vəsaitin 69,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 16,7 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 18,2 faiz artıb.

Ümumi sərmayənin 69,1 faizi məhsul istehsalı sahələrinin, 22,6 faizi xidmət sahələrinin, 8,3 faizi isə ümumi sahəsi 1684,4 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 62,1 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,2 faiz, bank kreditləri 13,0 faiz, büdcə vəsaitləri 26,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,9 faiz, sair vəsaitlər isə 0,7 faiz olub.