Timoşenko indi də sui-qəsdə ittiham olunur

timosenko-indi-de-sui-qesde-ittiham-olunur
Oxunma sayı: 636

Belə ki, Ukraynanın baş prokurorunun müavini Renat Kuzmin keçmiş hökumət başçısına məxsus şirkətin siyasi motivli qətl sifariş verdiyini iddia edir. Onun sözlərinə görə, 1996-cı ildə hava limanında həyat yoldaşı və köməkçisi ilə birgə qətlə yetirilmiş deputat Yevgen Şerbana qarşı təşkil olunmuş sui-qəsddə Timoşenkonun şirkəti ilə yanaşı, digər sabiq baş nazir Pavlo Lazarenkonun da əli olub.

Renat Kuzmin hazırda bu versiyanın dəqiq müəyyən edilməsi üçün prokurorluğun lazımi araşdırmalar həyata keçirdiyini və bunun üçün Lazarenkonun da dindirilməsinin vacib olduğunu bildirib. Qeyd edək ki, soyğunçuluq və korrupsiyada təqsirli bilinən Pavlo Lazarenko hazırda Amerika Birləşmiş Ştatlarında 9 illik həbs cəzası çəkir. Yuliya Timoşenko isə Rusiya ilə əlverişsiz qaz müqaviləsi bağladığını görə ittiham edilib və 7 il həbs cəzası alıb. Ona qarşı irəli sürülən yeni ittiham əsaslı olsa sabiq baş nazir hələ uzun müddət dəmirbarmaqlıqlar arxasında qalmalı olacaq.