Tipik azərbaycanlılar - I

tipik-azerbaycanlilar-i
Oxunma sayı: 1601


Bizim yaşadığımız bu yerdə bir həqiqətə inanmışam: Azərbaycanda hər kəs bir-birini yaxşı tanıyır. Kimin nə işlə məşğul olduğu, necə biri olduğu haqda yalnız bizim insanlar o dəqiqə fikir yürüdə bilir. Bu bizim fövqəltəbii gücümüzün, inanılmaz istedadlı olmağımızın göstəricisidir. 

Burda yaşayan adamlar tamam ayrı dünyanın sakinləridi. Onların görünüşündəki özgəlik şəhərin doğmalığı ilə ziddiyyət təşkil edir. Həmişə çoxluq olan yerdə durub insanlarımızı müşahidə etmişəm. Qarışqa kimi ora-bura tələsən, bir-birini heç vaxt tanımayan bu adamların üzündə eyni ifadə var: burdan çıxıb getmək, daha yaxşı yaşamaq, nələrisə vurub dağıtmaq, hirs, nifrət, sevgi, anlaşılmaz hisslər...

Onları yaxşı tanımıram, sadəcə içimdəki səsi dinləyirəm. Bəlkə elə özüm də onların arasına girəndə kiminsə gözündə bu cür görünürəm. Adamların arasında hər şey eyni görünə bilər. Ancaq mən də bilirəm ki, onların içində həqiqətən də bizi şaşırdacaq insanlar var. Görüntü isə insanı dalana dirəyir, çıxış yolunu tapmaqda maneçilik törədir. Düşünürsən ki, nəyə görə bu qədər insan var və onların içində bu qədər də yalnızlıq, bezginlik var. Özünü tanıya bilməkdə acizlik çəkən, həmişə məniylə qarşılıqlı savaşa girən adam həyatı daha çox dərk etməyə yaxındır. Yoxsa yaşam yalnızca xəyallarımızdan ibarət deyil.

Bizim yaşadığımız yerdə insanlar müxtəlifliyi ilə seçilir. Bir qisim insanımız pul qazanmaqla, gözəl, əxlaqlı bir qadınla evlənməklə, hamının gözündə yalandan da olsa təmiz biri kimi görünməklə öz həyat yolunu bəlirləyir. Onlar “yaxşı oğlan” olmaq dərdindədilər. İstəyirlər ki, həmişə adamlar barmağı ilə onları göstərib desinlər ki, bu yaxşı oğlandı. Nə yazıq ki, bizim bu “yaxşı oğlanlar” daşıdıqları bu “yaxşı” sözündən ayrı cür istifadə edirlər. Bizim “yaxşı oğlan”ın maşını, evi olmalı, tez-tez qız dəyişdirməli, kitab oxuyanları yeri gəldi-gəlmədi masqaraya qoymalı, teatra, kinoya gedənləri geridəqalmış adlandırmalı, əxlaqdan, dindən danışıb özü hər gün insana yaraşmayan hərəkətlər etməli, özünü həmişə musqullu, vurub-tutan kimi göstərməli və ən nəhayətində bunların hamısını düzgün əməl kimi qiymətləndirməlidir.

Ardı var