Tofiqin 1 zənginə 3 dəqiqəyə evdə olan qadının bayramı

Tofiqin 1 zənginə 3 dəqiqəyə evdə olan qadının bayramı
Oxunma sayı: 4316

Günel Hacı

Artıq birmənalı olaraq belə bir hal yaranıb ki, hər il Sevgililər Gününün gəlişini təqvimdən yox, sosial şəbəkələrdə düzülmüş ağlaşma statuslarından hiss edirik. Qardaş ölkədə ən azından məsələni incə yumorla düz-qoş edib fikrin məğzini bilavasitə yolla çatdırsalar da, bizimkilər birbaşa olaraq “sevgilim yoxdur” deyib göz çıxarırlar. Bəs ölkəmizdəki sevgilisizlər il ərzində nə itirir?

Düzü, müşahidələrimdən sonra bu suala tək bir cavabım var: “Mişka”. Qalan çox şeydə onların daha qazanclı olduqlarını düşünürəm. Bu düşüncəyə gəlməyimin əsas səbəbkarları da artıq uzun müddətdir sosial şəbəkədə izlədiyim bir qrupun əksər üzvləridir.

Deməli, sosial şəbəkədə aktiv olan qadınların böyük bir hissəsinin cəmləşdiyi bu qrupda qadınlar müxtəlif mövzularda müzakirə açıb məsləhətləşirlər. Əvvəlcə yaxşını deyim ki, həmin qrupdan bəzən həyatımda da istifadə edə biləcəyim praktik çox şey öyrənmişəm, xeyli xəbər mənbəyi də tapmışam, həm iş, həm də ailəni birlikdə idarə edən güclü qadınlarla rastlaşmışam. Ancaq...

Ancaq əfsuslar olsun ki, 90% hallarda elə düşüncə tərzləri görürük, bir anlıq beynimiz yanır. Düzdür, biz də elə bir haqq-hüquq qazanmış insanlar deyilik. Azadlığımız da arxın o tərəfində məhdudlaşır. Ancaq ən azından evimizin içinə girəndə nəfəs almağa bir macal tapırıq. Odur ki, həyatını yaşaya bilməyən insanların sevgisindən böyük “mişka”larla dolaşması qəribə gəlməsin sizə...

Bu günlərdə bir xanım sevgilisi ilə şəklini paylaşıb və yanındakı şəxsin onu ülvi məhəbbətlə sevməsindən yazmışdı. Fotodakı yazığı bir az qısa geyinib deyə qara yuyub, elə qara da sərdilər. Biri yazır: “sevən belə geyimə icazə verməz”. Bu cavaba əvvəl bir az hiddətləndim, sonra bir az fikirləşəndən sonra haqq qazandırdım.

Əslində xanım düz deyir. Ölkəmizdəki sevgi qanunlarına görə, sevmək qıçını qırıb evdə oturmaq, Tofiq zəng vuranda evdə olmaq üçün 3 dəqiqəyə mağazaya gedib qayıtmaqdır. Hardasa əylənən ərinə xoş görünmək üçün özü bayıra ayaq basmamaqdır. Sevmək qadının gözü açılmasın deyə oxumamaq, bəzən bildiyini də unutmaqdır. Bir qapazı soldan vuranda, sağ üzünü çevirməkdir. Sevmək utanmaqdır, hətta özündən belə. Bax, sevən adam belə olar.

Vallah, bu sadaladıqlarım vecimə belə olmaz, əgər döngəni döndüyümdə baş tacı etdikləri nişanlı, ər, sevgililər bizə söz atıb dodaqaltı mırıldanmasa, əri qısqanır deyə biləyini örtən qadının qıllı gədəsi ağzını açıb üstümüzə gəlməsə, sırf bu qadınların sevgi adlandırdığı qara dəlik onlarla yanaşı bizi də içərisinə hopdurmasa... Bir qadın olaraq hər dəfə küçəyə çıxanda kimlərinsə söz atmasını, axşam bir az gec olanda narahatlıq yaşamağı, geyimimi zövqümə görə yox, cəmiyyətin zövqünə görə seçməyi istəmirəm. Yox, belə olan halda, o yalançı gün də mənə lazım deyil.

Bu qadınlar sabah ərləri kimi övlad yetişdirib yenə küçələrə tökəcək. Şəxsən mən qızımın belə bir cəmiyyətdə formalaşmasını həzm edə bilmərəm. Nərmin Kamal demiş, qızımın gələcəyini hansısa sarsaq kişinin mətbəxində yox, dünyanın ən yaxşı universitetlərində görürəm.

Ancaq yenə də, bütün bu çətinliklərə baxmayaraq cəmiyyətin qəddar “olmaz”larında öz sevgisini yaşamağa və qorumağa çalışanların bayramını təbrik edirəm!


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi