Tonlarla narkotiki oyuncaq bilib sevinənlər... - Video+Fotolar

tonlarla-narkotiki-oyuncaq-bilib-sevinenler
Oxunma sayı: 8887

Oskar, Ançar, Ledi, Prins, Xaski, Bonyayla tanış olmağa gəlmişəm. Elə zənn  etməyin ki, tanış olmaq istədiklərim insanlardır. Bir-birindən şirin və sevimli olan bu itlər bizim sadiq dostlarımızdır. Üstəgəl, onların daşıdıqları ad da ad xətrinə seçilməyib. Xasiyyətlərinə uyğundur. 

Başlarına çəkilən hər sığaldan sonsuz zövq alırlar. Fədakar əmək və qəhrəmanlığa görə hədiyyə olaraq aldıqları qırmızı və ya yaşıl toplardan xoşbəxt olmağı bacarırlar. Simvolik hədiyyələrə sevinməkləri ilə də bizə mənəvi dərs verirlər. 

Əsrlərcə dünyada inkişaf etməyən texnologiya sahəsi qalmayıb. Hətta kosmosa belə uça bilmişik. Amma hələ də narkotik iyini tapıb aşkar edə bilən detektor cihaz istehsal edə bilməmişik. Bu işdə də onların əməyinə möhtac qalmışıq. 

Bəs, necə olur ki, biz ev heyvanlarımıza adi vərdişləri öyrətməkdə çətinlik çəkərkən, onlar narkotikdən tutmuş, ta insan cəsədini belə tapmağı məharətlə bacarırlar?!

Bunların mahiyyətini dərk etmək üçün “Qafqazinfo” olaraq yolumuzu Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzindən salırıq. Suallarımızı mərkəzin rəisi, gömrük xidməti polkovnik leytenantı İlkin Osmanov cavablandıracaq. 

Belə bir mərkəzə rəhbərlik etmək üçün insanda ilk növbədə itlərə dərin sevgi olmalıdır. Heç şübhəsiz ki, İlkin Osmanovda bu xüsusiyyətlər cəmləşib. O, artıq peşəkar olaraq 14 ildir ki, itlərlə çalışır. Onlarla ilk tanışlığı 1996- cı ildə baş tutub. Mərkəzdə olan bütün itlər onun üçün doğmadır.  

Öz evində də illər əvvəl alman çoban iti cinsindən olan “Dərya” ləqəbli iti olub. “Dərya”ya o qədər bağlanıb ki, ölümündən sonra yoxluğuna çətin alışıb. Bu periodu çətin keçirdiyinə görə bir daha özünə söz verib ki, şəxsi iti olmayacaq.  Ona görə də bütün sevgisini mərkəzdə olan itlərə verib. Onlara təlim keçib, yarışlara hazırlaşdırıb, qalibiyyətlərindən qürurlanıb.  

Təlimçilərə isə həmişə mühüm bir tapşırığı var. “İtlərə bağlanın, amma asılılıq yaratmayın!”

“Bağlılıq odur ki, təlimçi itə yaxınlaşır, ona nəvaziş göstərir. Asılılıq isə tamam başqadır. Əgər təlimçi bir itdən asılı olsa və ona tam qapansa digər xidməti itlə kontakt qurub işləməyi çətin olacaq”, - deyə İ. Osmanov qeyd edir.

Biz də əvvəlcə balaca itlərin saxlanma məntəqəsinə gedirik. Onların gələcəkdə vahimə yaradacaq itlərə necə dönəcəklərini düşünürəm. İtlərə nəvaziş göstərərkən içdən-içə qorxduğumu anlayıram. Üstəgəl, yad insan görən kimi ardıcıl hürməyə başlamaları da həyacanımı daha da artırır. Amma İlkin Osmanov danışdıqca  rahatlamağa başlayıram. Onların insana heç vaxt hücum çəkib zərər vermədiklərini deyir. Bunu biləndə onlara qarşı sevgim daha da çoxalır. Dillərini çıxarıb iri gözlərini qabartdıqda qorxu hissim tamamilə yox olur. Başına çəkdiyim sığalla, özü də üzüaşağı yox ha, aşağıdan yuxarı çəkilən sığalla gözlərini yumub bundan məst olduqlarına şahid oluram və keflə davam edirəm.


 
Qeyd edim ki, kinoloqların bir itdə axtardıqları ən böyük özəllik oyuna olan maraq səviyyələridir. Çünki it işin ciddiliyinin əsla fərqində deyil. Tonlarla narkotik vasitə və yaxud partlayıcı tapsa belə oyuncağını tapmış kimi davranır. 

İtləri yoxlayanda xidmətə götürüləsi itin bütün daxili aləmi yoxlanılır. Aqressiyası, insanlarla ünsiyyəti, oyuna olan marağı, axtarış qabiliyyəti, təlimçi ilə kontakt məsələləri müəyyənləşdirilir. Hər bir itin şikarla bağlı bir hissi var. Bu, bəzi itlərdə yuxarı səviyyədə, bəzilərində orta, bəzilərində isə aşağı səviyyədədir. Kinoloqlara lazım olan səviyyə isə yuxarı səviyyədir. Əgər səviyyə orta səviyyədirsə, onu yuxarı səviyyəyə çatdırmaq üçün təlimlər keçirilir. Bütün lazımi prosesləri keçəndən sonra itlər axtarışa cəlb olunur. Təlimə hazır it narkotik axtarışına 3-4 ay müddətində cəlb olunur. Partlayıcı və silah-sursat axtarışı üzrə xidmətə hazırlıq 5 ay ərzində aparılır. Çünki təlimçinin özü də piratexnik vasitələr və partlayıcılarla  tanış edilir və öyrədilir. Pul əskinaslarının axtarışı üzrə cəlb olunan it isə iki ay  yarım müddətinə hazırlanır. Yəni, təlimin ağırlığından, gedişatından asılı olaraq vaxt tənzimlənir. Bir də aktiv it passiv təlimçiyə təhkim olunmur. Çünki təlimçinin passiv hərəkətləri aktiv itin passivləşməsinə gətirib çıxara bilər. 

Ondan sonra it xidməti təlimə götürülür. Əgər sadalananlardan biri yoxdursa, həmin it xidmətə götürülmür. Çünki belə yoxlamalar olmasa, işin keyfiyyətinə zərər gələ bilər. Ortalama olaraq bir xidməti axtarış itinə 5-6 narkotik iyi öyrədilir. Bundan başqa həmin itlərə tütünün də iyini vermək olar. İtlər həmçinin ildə iki dəfə attestasiyadan keçirlər. 8-9 yaşından sonra isə adətən xidməti it balansdan silinir. 

Bu məqamda oxucularımızı yəqin ki, balansdan silinən itlərin gələcək taleyi  düşündürür. Vurğulayım ki, uzun zaman xidmət göstərərək Azərbaycanın gömrük sisteminə fayda verən bu qəhrəmanlar həmişəlik qayğı ilə əhatələnirlər.

“Təsəvvür edin ki, bir təlimçi kinoloq balansdan silinəcək itlə 5-6 il işləyib. Müvafiq sənədləşmələr aparılır və razılaşdırılır ki, bu it həmin kinoloqa verilə bilər. Bizim daimi fəaliyyətdə olan bir komissiyamız var. Onlar xidməti itlərin balansa götürülməsi, balansdan çıxarılması, yaxud müvafiq sənədlər və aktlarla balansdan silinəcək itin ya təlimçiyə, ya da müraciət edən hansısa vətəndaşa  verilməsi işləri ilə məşğul olur. Yaxud da hazırda balansdan silinən itlər var ki, onlar ömürlərinin sonuna kimi burada yaşayır. Onların qidalanması və sağlamlığı məsələsi təsərrüfat bölməsi hesabına həyata keçirilir. Axtarışa yararlı olmayan itlər də müvafiq sərgilərə və yarışlara yönləndirilir. Yaxud onları hücum-mühafizə xidməti üzrə hazırlayırıq”, - deyə İ. Osmanov onların taleyi ilə bağlı narahatlığımıza da son qoyur.

Daha da sevindirici məqam odur ki, kimsə itini saxlaya bilmirsə, yaxud da onu satmaq istəyirsə, Kinoloji Mərkəzə müraciət edə bilər. Sahibsiz küçə itləri isə çoxlu sayda infeksion xəstəliklərin daşıyıcısı olduğundan mərkəzə götürülmür. Çünki onlar 99 faiz xidmətə yaramırlar. Həm xarici görünüşcə, həm də xidmətə lazım olan iş keyfiyyətlərini həmin itlərdə tapmaq çətin olur.

- Bizdə ən çox narkotik axtarışı üzrə itlərin yetişdirilməsi prosesi yayğındır. Bəs ikinci yerdə nə durur? 

- Birinci məqsədimiz narkotik, psixotrop maddələrin və onların törəmələrinin axtarışıdır. Ondan sonra silah-sursat, tütün məhsulları və partlayıcı maddələrin, həm də pul əskinaslarının axtarışı ilə məşğul oluruq. Pul əskinaslarının axtarışı maraqlı məqamdır. Məsələn, Amerikanın pul vahidi olan dollarla, avronu götürək. Bunların hər birinin tərkibində istifadə olunan qatqılar və rənglər ayrı olduğu üçün fərqli iylər verirlər. Hətta 10 dollar əskinasla 100 dollar əskinasın da iyləri də fərqlidir. Biz gömrük keçid məntəqələrində ən çox hansı hallara qarşı mübarizə aparmağın lazımlılığına baxırıq. Astara gömrük-keçid məntəqəsində bugünkü gün ən çox narkotrafik keçidinin çox olduğunu nəzərə alsaq, narkotik maddələrin axtarışı üzrə təlim keçən itləri ora göndəririk. Qırmızı Körpü keçid məntəqəsindən  isə ölkəmizə keçirilən əsasən tütün məhsulları və partlayıcı vasitələrdir. Samur keçid məntəqəsindən də əlavə olaraq silah-sursat keçirilməsi halları baş verir. Pul əskinasları il bağlı axtarış əsasən hava nəqliyyatında olur.

- Pul əskinaslarının axtarışı üzrə cəlb olunan itlər indiyə kimi ən çox nə qədər pul vəsaitini tapa biliblər?

- Biz bu prosesə 5-6 aydır ki, başlamışıq. Əvvəlcə pul əskinaslarının müvafiq sənədləşdirmə işlərini aparmaq lazımdır. Əsasən avro və AZN pul əskinasları ilə bağlı təlimlər keçiririk. Hələ təlim prosesində olduğuna görə, pul tapma məsələsi aşkar olunmayıb. Bilirsiniz ki, gömrük keçid məntəqələrində müvafiq x-ray aparatları, qurğular, təcrübəli inspektorlar var. Hələ onların yoxlanışından sonra pul keçirmə  halı baş verməyib. 

- Partlayıcı maddələrin tapılması prosesinə sizin itlər də cəlb olunurmu? 

- Biz o sahəni işləsək də, bu gün belə hallarla ən çox Fövqəladə Hallar Nazirliyinin Kinoloji Xidməti məşğuldur. Bizim əsasnaməmizdə də partlayıcı maddələrin axtarış məsələsi var. Sadəcə hazırda bir nömrəli məqsədimiz gömrük-keçid nəzarət məntəqələrində təhlükəsizliyi təmin etməkdir. Hələ ki, dünyanın heç bir yerində elə texnologiya yoxdur ki, itin iyvermə qabiliyyətini əvəz etsin. Nə vaxtsa icad olunsa da ona şübhə ilə yanaşaram. Çünki itin iybilmə qabiliyyəti insandan 11 min dəfə çoxdur. İtin beyninin ön hissəsində iybilmə lampası var. Həmin lampa insanın iybilmə lampasından 300-400 dəfə böyükdür. Bu da imkan verir ki, asanlıqla iyləri ayırd etsin, müəyyənləşdirsin və lazım gələndə onlara reaksiya versin. Tarixdə belə insanın qoruqçusu, keşikçisi kimi iti əvəz edən canlı yoxdur.

İnstruktor kinoloq İlyas İsmayılov ləqəbi “Prins” olan 5 aylıq alman çoban itini  hazırda xidmətə hazırlaşdırır. “Prins” 4-5 aydan sonra narkotik vasitələrin axtarış üzrə təlimlərinə cəlb olunacaq. 

O,  4 ildir ki, mərkəzdə çalışır və itlərlə kinoloqlar arasında müəyyən gözə görünməyən bağların olduğunu vurğulayır: “Biz buna bağlanmaq deyirik. Məndə də bir-iki dəfə ki olub ki, bağlandığım itlərin ölümünə şahid olmuşam. Bu zaman çox  pis oluruq və təəssüf hissləri keçiririk. Çünki yoldaşımızı itiririk. O, bizimlə çiyin-çiyinə xidmət göstərib. Heyvanlara qarşı hər bir insanın sevgisi olmalıdır. Çünki insanın ən yaxın dostları itlərdir. Xidməti itlə təlimçi ikisi bir yerdə ayrılmaz hissədir”. 

Kinoloqun özünün isə evdə iti yoxdur. O, evindəki şəraitlə əlaqədər it saxlamağın mümkün olmadığını bildirir. Amma imkan yarananda evdə itinin olmasını çox arzulayır.

Daha sonra təlim meydançasına daxil oluruq və  prosesin necə getdiyi ilə tanış oluruq.

Mərkəzin rəisi artıq xidmətdə yeni bir axtarış xidmətindən istifadə olunduğunu diqqətimizə çatdırır. Belə ki, “Ançar” ləqəbli it bizim iştirakımızla insanların üzərində gizlətdiyi narkotik vasitəni dərhal tapır. Axtardığını tapandan sonra təlimçiyə lazım olan müvafiq siqnal pozasını verir.

“Oskar” isə yeni təlimə başlamış itdir. Onun adının altında gizlənmiş bir məna var.  Maşının nömrə hissəsinin altında gizlədilmiş narkotiki tez zamanda tapır.

Mərkəzlə tanışlığımızı İ. Osmanovla söhbətimizlə davam edirik:

- Ad seçimlərini necə edirsiniz?

- Ümumiyyətlə çalışırıq ki, xidmətdə iki eyni adda it olmasın. Əgər varsa da və o damazlıqdan götürülürsə, bu zaman “Ançar”dan bala alınıbsa, onun adı “Ançar 1” olur. Ancaq çalışırıq ki, həmişə yeni adlar fikirləşək və onlar məna kəsb etsin. O məna da itin özünə aid olur. Çünki it yoxlandıqda onun xasiyyəti haqqında çox şey aşkar olunur. Çalışırıq ki, ona uyğun adlar seçək. Bu da dölün 8 aylığına kimi baş verir. Çünki bəslənmə təlimlərində istifadə adıyla səsləyirik ki, öz adına alışsın.  

- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, narkotik vasitələr tapan itə balacalıqdan narkotik verilir. Bu nə dərəcədə doğrudur?

- Bu, yanlış fikirdir. Seçilmiş axtarış itləri yoxlandıqdan sonra onlara ancaq onun sevimli oyuncağına, xasiyyətinə və xüsusiyyətinə görə bizə lazım axtarışda, lazım olan iylərin qoxuları öyrədilir. Hər bir itin daxilində şikarına qarşı həssaslıq olur. Biz yoxlanış zamanı itin hansı səviyyədə olduğunu hiss edirik. Ondan istifadə edərək müvafiq qoxuları öyrədirik. Yoxsa hər hansı narkotik vasitəni itə vermək söhbəti yoxdur.

- Xidmət zamanı xəstələnən itləri necə əvəz edirsiniz? 

- Bəli, belə hallar olur. O zaman itləri və təlimçiləri əvəz edirik. Təlimçinin yeni it dəyişməsi çətin olur. Ona görə öz itiylə xidmətə gedir.

Mərkəzin baytar həkimi Səbinə Hacıyeva ilə itlərin sağlamlığına necə qulluq edildiyi barədə söhbətləşirik. O itlərdə elə ciddi problemlərin olmadığını vurğulayır: “Yaşlı itimiz var idi. Bu yaxınlarda cərrahi əməliyyatla onun balalılığını və yumurtalığını çıxardıq. 9 yaşı var idi. İndi yaxşıdır. Əsasən çalışırıq ki, profilaktik tədbirləri vaxtında edək. Ən çox itlərin mədə-bağırsaq sistemində pozuntular olur. Mövsüm xəstəlikləri olan gənələrə rast gəlinir. Profilaktikanı vaxtında aparanda isə elə bir problem yaranmır”. 

Növbə itlərin mətbəxi ilə də tanış olmağa çatıb. Məlum olur ki, bələdçilər və təlimçilər baytar tərəfindən təsdiq olunmuş yem normasını tərəzidə uyğunlaşdıraraq hər bir itin özünəməxsus miqdarını müəyyən edirlər. Onların qidalanması məsələsində yay və qış rejiminə də nəzarət olunur. Yay rejmində gündə bir dəfə, qışda isə gündə iki dəfə qidalanırılar. Qış vaxtı ət və toyuq ətindən də istifadə edilir.

Sonda isə qeyd edək ki, DGK-nin Kinoloji Mərkəzi 2003-cü ildə istismara verilib. 2015-ci ildə Ümumdünya Gömrük Təşkilatı ilə Dövlət Gömrük Komitəsi arasında imzalanmış memoranduma əsasən Regional Kinoloji Təlim Mərkəzi statusu alıb. Mərkəz 3 hektar  yarım  ərazini əhatə edir. Burada üç böyük saxlama yeri mövcuddur. Mərkəzdə yüz baş xidməti itin saxlanılması, onlara qulluq olunması mümkündür. 

Mərkəz 2011- ci ildən Müstəqil Dövlətlər Birliyinin (MDB) gömrük orqanlarının kinoloji strukturlarının yarışlarında mütəmadi olaraq hər il iştirak edib. Həmişə də yarışlarda birinci və ikinci yerlərin nailiyyətini əldə edib. Qonşu Gürcüstan da kinologioya fəaliyyətinə ilk olaraq bizim təlim keçdiyimiz itlə başlayıb.

Günel Türksoy

Fotolar-Video: Nuran Məmmədov

Yazı  Dövlət  Gömrük Komitəsinin “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsinə təqdim olunur.