“Tonqal” restoranındakı zəhərlənməyə görə cinayət işi açıldı

tonqal-restoranindaki-zeherlenmeye-gore-cinayet-isi-acildi
Oxunma sayı: 3638

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri “Tonqal” restoranında baş verən zəhərlənmə hadisəsi ilə bağlı birgə açıqlama yayıblar.

“Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənərək Klinik Tibbi Mərkəzə və 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Qida Təhlükəsizliyi Agentliyinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi restoranda aparılmış müvafiq epidemioloji araşdırmalarla bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verildiyi müəyyən olunub və müayinə aparılması məqsədi ilə ayrı-ayrı qida məhsullarından nümunələr götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.