Tövləyə bax!...

tovleye-bax
Oxunma sayı: 4915

Nərmin Dadaşova

Mən  həmişə özünü qatarın altına  atmış adamı ölümdən  xilas edən maşinisti qınamışam. Yetişkin  bir insan  gözünü qırpmadan özünü qatarın altına ata bilirsə, kimsənin onu xilas etməyə haqqı yoxdur, ölmək istəmək də bir seçimdir, özümüzlə bağlı verə biləcəyimiz bir qərardır deyə düşünmüşəm. Ona görə də, intihar xəbərlərini hər nə qədər ürək ağrısı ilə oxusam da, intihar edən kəsə  yox, intihar həddinə çatdıranlara  qəzəblənmişəm... 

Son iki gündə iki intihar xəbəri var gündəmimizdə. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və Ağdaş rayon sakini 2005-ci il təvəllüdlü  İsmayıl Adıgözəlov. Hər ikisi intiharlarından əvvəl  məktub yazıblar və məktublarında  doğmalarından onları bağışlamalarını istəyiblər. Deməli, belə olurmuş, 66 yaşlı kişi ilə 12 yaşlı uşaq eyni hissləri yaşaya bilirmiş...

Balaca İsmayıl hansısa bir qəzada, təbii fəlakətdə yaxud xəstəlikdən ölsəydi  bəlkə də nə mənim, nə də sənin xəbərin olmayacaqdı onun ölümündən. Bizi yandıran odur ki, heç yeniyetmə belə sayılmayan,  ibtidai sinfi təzəcə bitirmiş ana quzusu, gedib tövlədə özünü asıb. Heç nə yaşamadan,  heç bir həqiqətə çatmadan, qazanmadan, məyus olmadan.  

Məktubunda sevimli Peyğəmbərimizin yanına getdiyini, valideynlərini çox sevdiyini deyib, yaxınlaşmaqda olan bacısının toyunu təxirə salmamalarını xahiş edib İsmayıl. Nə qəribədir, balacaca canı ilə belə olğun bir məktub yazıb ailəsinə. Ancaq ən sondakı o dəhşətli  “Tövləyə bax” cümləsi onun uşaqlığını, yaşını və safığını ələ verib. Məni məktubun ən çox o hissəsi qəhərləndirdi. Çox üzüldüm.

Mənə görə intiharın bir səbəbi var- yorğunluq. İnsan ancaq bitkin olanda hər şeyə son qoya bilər. Sevgidir, ayrılıqdır, sosial problemdir, odur-budur- “qalanı xatirədir”, yəni. Bir körpəni bu qədər nə yora, nə bitirə bilər deyə düşünürəm dünəndən bəri? Valideynləri günahkardır deyirlər, məktubdan görünür ki ailə bağlarında zədələr olmayıb, hətta xalalarına da salam göndərib İsmayıl. Əgər məsələ ilk cümlədəki “Peyğəmbərimin yanına gedirəm” dirsə,  İsmayılın sevdiyi  Peyğəmbər, inandığı din intiharın tərəfində deyil axı.  Belə ağıllı məktub yazmış uşaq  intihar edənlərə Peyğəmbərin yanının vəd olunmadığını  bilmirdimi sizcə?!

Nə etmək lazımdır, necə qorumaq lazımdır balaca-balaca adamları kəndirdən, ölüm-ölüm oyunlarından?  

Gəlin, belə edək, bu işi, bu həssas məsələni  içimizi yeyən “bəlkə”lərin, əsaslı yaxud əsassız iddiaların,  “ola bilər”lərin ümidinə qoymayaq. Məni qınamayın, bu hadisədən intihar qoxusu gəlmir, deyəcəm. Ailəsinə belə düşkün olan, bacısının toyunu belə düşünən bir uşaq özünü asmaz. Gəlin hamımız birlikdə istintaqı izləyək, onlardan sonucları bizimlə, media ilə paylaşmalarını tələb edək, məktubu yenidən incələmələrini, sonuncu cümlə ilə birinci cümlədəki fərqə dönə-dönə baxmalarını rica edək. Bəlkə bu ölüm bizi hansısa böyük bəladan qurtaracaq. Bəlkə bu ölümdə kütləviləşmiş uşaq intiharlarının səbəbi gizlənir? Onların beyinlərini yuyan maddənin adı var bəlkə burda? 

Bu iş bizi aşar, dostlar. Olduqca həssas və mürəkkəb vəziyyət yaranıb. 

Hər şeyin günahkarı həm də bizik. Uşaqlarımızı texnologiyanın cənginə buraxan da, özünü kəşf etməmiş körpələrin beynini cəhalətlə, dinlə dolduran da özümüzük.  Kəndirin ucunu onlara biz özümüz vermişik, dostlar.  Gəlin elə edək ki, o biri ucunu gördükləri ilk qarmağa keçirib yaşamadan ölməsinlər. O kəndirlə həyata  tutunmağı öyrədək onlara. Böyüsünlər, adam olsunlar, şəxsiyyət olsunlar, özləri, öz ixtiyarları ilə qərar verə biləcək gücə çatsınlar. Sonrası öz seçimləri olsun...