Toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib - Fotolar

toxumcularin-ilk-umumrespublika-musaviresi-kecirilib
Oxunma sayı: 2179

Azərbaycanda Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə ölkədə özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirəni Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti təşkil edib.

Tədbirin məqsədi toxum və ting istehsalçılarının qarşısında duran problemləri müzakirə etmək, həlli yollarını axtarmaq və onları ümumi məqsədlərinə çatmaq üçün təşkilatlandırmaq olub.

Tədbirdə Xidmətin rəisi Mirzə Əliyev bildirib ki, bu gün ölkədə toxuma olan tələbatın böyük hissəsinin idxal hesabına ödənilir:

“Görüləcək tədbirlər sırasında toxum və ting istehsalının təşviq edilməsi, toxum və ting istehsalçılarının fəaliyyətlərinin gücləndirilməsinə dəstək verilməsi, istehsalda keyfiyyətə nəzarət sisteminin yaradılması və sertifikatlaşdırma mexanizminin təkmilləşdirilməsi, toxumçuluq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi və başqa bu kimi addımların atılması gözlənilir”.

O, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr çərçivəsində toxumçuluq sektorunun inkişafı istiqamətində gördüyü işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.