Toy sənayemiz

toy-senayemiz
Oxunma sayı: 1940

Nadir Qocabəyli

Bir qohum xeyli müddət idi iş axtarırdı. O gün eşitdim ki, şadlıq evində tapıb. Digər iki qohumum da uzun zamandan bəri ara-sıra şadlıq saraylarında ofisiantlıq edir, beşdən-üçdən qazanıb başlarını saxlayırlar.

Keçən həftə oğlum gəlib deyir ki, “Ata, icazə verərsən gedim şadlıq evində ofisiant işləyim? Özümə bəzi şeylər, məktəb çantası-filan almaq üçün səndən pul almaq istəmirəm. Evə də müəyyən köməyim olar”.

Bir tərəfdən, doğrusu, sevindim ki, uşaq həyatı anlamağa başlayıb, öz zəhməti ilə yaşamaq, ailəsinə köməklik etmək istəyir. Ancaq digər tərəfdən də düşündüm ki, deyəsən, bu ölkədə artıq şadlıq evlərindən başqa iş yeri yoxdur. Çünki hazırda bizim nəsildən nə az, nə çox, düz dörd nəfər şadlıq evlərində işləməklə dolanır...

Bu yaxşıdır, yoxsa pis? Doğrusu, adam dəqiq cavab verməyə çətinlik çəkir. Əgər şadlıq saraylarının çoxluğu vətəndaşların bir çoxu üçün sabit iş yeri, dolanışıq mənbəyidirsə, məktəb yaşlı uşaqlardan tutmuş tələbələrə, qız-gəlinlərdən tutmuş orta yaşlı qadınlara, müxtəlif yaş qrupundan olan ailəli kişilərə qədər xeyli insan bu müəssisələrdən evlərinə çörəkpulu aparırlarsa, bunun nəyi pisdir?

Hələ musiqiçiləri, müğənniləri, məktəblərdə ədəbiyyatdan dərs deməklə dolana bilməyən tamadaları (bu yerdə deputatımız Hadı Rəcəblini xatırlamamaq olmur) rəqqas və rəqqasələri, fotoqrafları, video çəkənləri, sünnət toylarında uşaqları güldürən və qorxudan klounları, aşpazları, bir müştəri tutmaq üçün səhərdən-axşamacan, yox gecəyəcən sarayların qarşısında gözləyən taksi sürücülərini demirəm.

Toy zamanı süfrələri bəzəyən saysız-hesabsız, çeşidbəçeşid təamları, bəyin az qala bir aylıq maaşına kirayə etdiyi kabrioleti, gəlinin orta aylıq əmək haqqından azı iki dəfə baha gəlinliyini, onların bir-birinə acıq vermək yanğısıyla tüstüləyən qohum-əqrəbasının, digər qonaqların əyin-başlarını, bər-bəzəklərini, xonçaları, fişəngləri, nə bilim, digər zınqırov-zıppıltını da bunların üzərinə gələndə, gözümüz önündə möhtəşəm bir toy sənayesi canlanır.

Axı bunların hamısı puldur, istehsaldır, ticarətdir, alış-verişdir, biznesdir, iş-güc, dolanışıq, güzəran yeri, yüz minlərlə insan üçün qazanc mənbəyi, çörək təknəsidir.

Deməli, insanların şənlənməsini, əylənməsini, deyib-gülərək, yeyib-içərək stress atmasını kənara qoysaq belə, toy sənayesini ən azı buna görə cəmiyyət, əhali üçün faydalı saymaq olar. Burada bir məsələni də qeyd etmək lazımdır ki, artıq Bakı şəhərindəki bir çox şadlıq evləri möhtəşəm, əzəmətli, hər cəhətdən rahat binalarda yerləşir və göstərilən xidmətin səviyyəsi xeyli yüksəkdir ki, bu da böyük peşəkarlıq tələb edir, asan və ucuz başa gəlmir.

Amma və lakin! Bütün bu cah-cəlalın, dəbdəbənin, istər şadlıq saraylarının tikintisinə, müasir üslubda təmirinə və təchizatına sərf olunan maliyyənin, istərsə də əhalinin toylara xərclədiyi vəsaitin mənbəyi nədir? Loru dildə desək, bu pullar haradandır? Digər tərəfdən, əhalinin bir hissəsi üçün iş və dolanışıq mənbəyi olan bu möhtəşəm toy sənayesinin, şadlıq sarayları biznesinin səmərəliliyi, ölkə iqtisadiyyatına, mədəniyyətinə, mənəviyyatına verdiyi fayda, töhfə nədən ibarətdir? Bizim bir millət, cəmiyyət olaraq bunda qazancımız çoxdur, ya itkimiz?

Bütün bu həngamənin xidmətçiliyini, fəhləçiliyini edən insanların qazanclarının ona çəkilən ümumi xərcin müqabilində çox cüzi olduğunu nəzərəq alsaq, əhalinin bu məsələdə elə də uduşlu olmadığını, sadəcə əlacsızlıqdan bu işdə çalışdığını görərik. Başqa tərəfdən, şadlıq evləri qeyri-istehsal müəssisələridir. Onlar nəinki nəsə istehsal edir, hətta istehsal olunanı da bir göz qırpımında israf etmək, havaya sovurmaqla məşğuldur. Kasıb bir ailə bir həftəlik yeməyini bir oturuma yeyir, sonra da müxtəlif xəstəliklərə tutularaq ikiqat artığını təbib-dərmana xərcləməli olur.

Şadlıq evlərinin və toyların istehsal baxımından yeganə müsbət tərəfi orada yeni bir ailənin təməlinin qoyulmasıyla gələcəkdə dünyaya övladların gətirilməsidir ki, bunu daha sadə, hay-küysüz, israfsız etmək, orada çalışan personalı da millətin, cəmiyyətin və dövlətin gələcəyi üçün daha faydalı sahələrə yönləndirmək olar.