Toydan şikayət

toydan-sikayet
Oxunma sayı: 2595

Nadir Qocabəyli

Günümüzün qaçılmaz reallIqlarından biri də toydur. Cəmiyyətdən təcrid olunmaq istəməyən kəs bu şirin, həm də acı gerçəkliyi gözardı edə bilməz. Ayda iki, üç, bəzən hətta beşlə on arası dəvətnamə alan orta statistik azərbaycanlını çıxılmaz duruma salan toylarımız həm də onun, demək olar ki, yeganə şadlıq, əyləncə mənbəyidir. Restorana, bara, diskotekaya, gecə və gündüz klublarına, müxtəlif panellərə, ziyafətlərə gedə bilməyən sadə insan üçün toy bunların hamısıdır. Necə deyərlər, hamısı birində... Son getdiyim toyda ərləriylə rəqs edən qonşu qız-gəlinlərin üzlərindəki xoşbəxt ifadəni hələ də unuda bilmirəm, axı onların toydan başqa getdikləri heç bir əyləncə yerləri yoxdur...

Toya gedən sadə azərbaycanlı yeyib-içib əylənməklə, oynayıb-stres atmaqla bərabər, həm də öz övladının gələcəkdəki “xeyir işi” üçün bir növ sərmayə yatırmış olur. Bu əslində kasıb adam üçün çox sərfəlidir, hətta mən deyərdim ki, göydəndüşmədir, çünki uzun illər qonum-qonşunun, qohum- əqrəbanın, dost-tanışın xeyir işində iştirak etməyən kasıb adam cibinin puluyla heç cür dəbdəbəli toy edə, şadlıq evlərinə beş-on min manatı saya bilməz. Toya gələnlərin yardımı olmadan heç “palatka toyu” da edə bilməz. Azərbaycanlılar bir-birinin övladlarının toyuna nəmər yazdırmaqla, yəni pul salmaqla mükəmməl bir yardımlaşma sistemi qurublar və məhz bunun sayəsində övladlarının nikah mərasimlərini qismən də olsa gənclərin arzusuna uyğun yola verə bilirlər.

Ancaq hər şeyin bir neqativ yönü olduğu kimi, toylarımızın da xeyli mənfi tərəfi var. Bəzilərinin ikicə dəfə salam verdiyi adamı toya çağırması, başqalarının yazdıracağı vəsait hesabına bahalı menülər sifariş verməsi, iki yüz, üç yüz, hətta bəzən beş yüz nəfərlik toylar, insanların bir-biriylə bəhsə

girib, layiqsiz-bahalı müğənnilər dəvət etməsi, çoxlu zahiri gözqamaşdırıcı bahalı effektlərdən istifadə istər-istəməz narazılıq və ikrah doğurur. İki gəncin izdivacı, yeni ailənin qurulması kimi gözəl bir ənənənın bayramsayağı təşkili sonradan həm o gənclərin, həm onların valideynlərinin, həm də elə toyda iştirak edənlərin cəngindən qurtula bilmədikləri girdaba çevrilir. Elə bir vəziyyət yaranır ki, insanlar toya dəvət ediləndə sevinmək əvəzinə məyus olur, bir həftəlik dolanışıq pulunu toya salmağın sıxıntısını yaşamaq zorunda qalırlar. Doğrudan da, bir həftəlik yeməyi stolun üstünə töküb, bir dəfəyə yemək, sonradan həm fiziki ağrı çəkmək, həm də bütün ailəni maddi məhrumiyyətə salmaq mədəniyyət sayıla bilməz axı! Bu olsa-olsa, pozulmuş, təhrif olunmuş, deqradasiyaya uğramış bir mədəniyyətdir...

Amma əskidən belə deyildi. Mənim yaşım çatan və yaddaşımın qırışlarında ilişib qalan xatirələrdəki çadır toylarında uzağı iki cür yemək (qaralı aş, qovurma), iki cür yüngül salat (göy-göyərti və xiyar-pomidor, turşu), bir də kənd uşaqlarının ləzzətlə qurtumladığı məşhur “Badamlı” verilirdi. İçki içənlərə də iki nəfərə yarım litrlik araq qoyulurdu. Artıq istəyənə verilib-verilməməsi isə toy sahibinin müstəsna səlahiyyətiydi. Özünü imkanlı, varlı-hallı sayanlar kabab və limonad da əlavə edirdilər. Vəssalam. Amma indi... İndiki menülər hamıya bəlli olduğundan başınızı ağrıtmaq istəmirəm.

Gəlin görək bizi bu hala salan nə oldu? İfrat dəbdəbənin, israfçılığın günah həddini keçib cinayətə çevrildiyi toylar nə vaxtdan, haradan və necə peyda oldu? Bu cür toyların məhz müstəqilliyimizlə, demokratiya və azadlıqla həmyaşıd olduğunu, neft quyularıyla birlikdə fontan vuran korrupsiya sayəsində pis xəstəlik kimi, gündən-günə qol-qanad açıb kritik həddə çatdığını söyləsəm, zənnimcə, heç kəs etiraz etməz. Neft bumu sayəsində varlanan adamlar, onların gənc övladları xaricə – ABŞ-a, Avropaya, Dubaya ayaq açdılar, oradakı dəbdəbəni, parıltını, harınlığı müşahidə etdikdən

sonra, dərhal burada tətbiq etməyə başladılar. Varlıların süfrəsinin qırıntısıyla dolanan kasıb-kusuba isə, öz ağasını yamsılamaq, ya da elə bir “krosna” alıb xarici serialları seyr etmək də kifayət idi. 40 yaşı adlamış gənc yazarlarımız “xaricdə çoxlu yaxşı şeylər də var, bəs onları niyə götürmürük?” ənənəvi sualını verə bilərlər. Doğrudur, ancaq insan, xüsusilə də, ideoloji və mənəvi bazisdən məhrum edilən toplumlar neqativlərə daha çox meyilli olurlar.

Amma və lakin sadə insanları aşağılamaq, lağlağı obyektinə çevirməklə yox, yalnız maarifləndirmək, şəxsi nümunələr göstərməklə bu neqativləri tədricən azaltmaq, aradan qaldırmaq mümkündür. Məsələn, toya dəvət olunan qonaq heç də toy sahibinin sifariş verdiyi menünün qiymətini ödəməyə məcbur deyil, xalqı bu kompleksdən isə yalnız onun müstəqil düşünə bilən ziyalısı çıxara bilər. Sıradan insan bu kompleksdən çıxmaq iqtidarında olmur, ona örnək göstərmək lazımdır. Sadə bir məntiq var: qardaş, şadlıq evi danışanda, menü sifariş verəndə mənimlə razılaşdırmısan? Yox! Toya çağırmısan, gəlmişəm, razı qalmadınsa, bir də çağırma!

Allah mübarək eləsin!