“Toyumdan bir gün qabaq mesaj yazdım ki, sən də gəl” - Video

toyumdan-bir-gun-qabaq-mesaj-yazdim-ki-sen-de-gel
Oxunma sayı: 11293

Müğənni Elçin Cəfərovun “Qafqazinfo”ya müsahibəsi:

- Elçin, siz şou-biznesdəki fəaliyyətinizə xeyli fasilə verdiz. Son olaraq “Sevgili yarım” klipini təqdim etdiz, ancaq iki həftəyə baxış göstəricisi o qədər də yüksək deyil. Müasir estrada bəstəkar musiqilərinə rəqabətdə niyə uduzur?

- Keyfiyyətli musiqiyə bir qədər az qulaq asırlar. Bunun günahını təkcə bəsit musiqilərə qaçanlarda görmürəm. Burada bizim də günahımız var. Bir müddət az işlədik, hamımız yatmışdıq. Hər kəs bunu deyirdi ki, şou-biznes yoxdur. Allah İlhamə Quliyevaya rəhmət etsin. Ondan sonra hamı yuxuya getdi. İndi isə hamı işləmək istəyir, inkişaf var. Biz də indi başlamışıq. Düzdür, bu, yaxşı bir hal deyil. Biz yatan vaxtı bəsit musiqi ifa etməklə məşğul olanlar işlədilər, öz musiqilərini təqdim etdilər. İnsanlar da onları sevməyə başladı. Azərbaycan xalqının musiqi duyumu var, amma hamı musiqiçi deyil. Sonda belə nəticə alındı. İndi də keçid dövrünü yaşayırıq. Təxminən 1 ildir ki, bu prosesi gedir. 

- Buna qarşı açıq şəkildə mübarizə aparanları çox az görürük. Sizin bir neçə müsahibənizi görmüşəm. Sizdən əlavə, Tünzalə Ağayeva da açıq mübarizəyə atılıb. Bəlkə də ad çəkmədən tənqid etdiyiniz üçün nəticəni görə bilmirsiz. Mənimlə razısız?

- Axı onlar çoxdur. Bəlkə də efirə ehtiyac qalmayıb. Mahnılarını evdə yazırlar, hardasa oxuyurlar, təqdim edirlər. Söhbət musiqili meyxanadan getmir, bayağılıqdan gedir. Müğənnilərin əksəriyyəti də ifa tərzini dəyişiblər. Axın hara gedirsə, o istiqamətdə iş görürlər. Bu, düzgün bir şey deyil. Hansı xarici ifaçı öz açdığı yoldan çıxıb? Hamı öz yolunda davam edir. 

- Sualdan bir qədər yayındız, suala yenidən qayıdıram. Həmin şəxslərin azarkeşləri tərəfindən kobud desək, linç edilməkdən qorxursuz? 

- Dinləyici bizim fikirləri düzgün başa düşmür. Damladan hamı danışdı, bir mən qalmışdım. Qoy mən də fikirlərimi deyim (Gülür). Damla mənim Mədəniyyət və İncəsənət Universitetində demək olar ki, qrup yoldaşım olub, 1 kurs aşağı oxuyub. İstedadlı ifaçıdır, səsi də gözəldir. O vaxtlar bu tərz mahnılar oxumurdu. Müəllimlər ona hansı tipdə mahnılar verirdisə, elə də ifa edirdi. İndi isə o yolu seçdi, belə də davam edir. Türkiyədə də belə ifaçılar var. Müğənni Naside Göktürk var, “Sakın ha” mahnısını ifa edib. Düşünürəm ki, Damla da bu xətti özünə götürüb. O musiqiyə qulaq asan anlayar ki, həmin boğazlar Damlada var. Bu boğazlar 70-80 faiz kütlə tərəfindən bəyənilir. İnsanlara maraqlı deyil ki, təbii və süni şəkildə ifa edirsən. Əsas içdən gəlir və hayqırtı ilə oxuyursan. Deyirlər ki, ürəkdən oxuyur. Biz isə tərz arxasıyla qaçırıq. Zamiq Hüseynov, Ayaz Qasımov və başqaları. Biz məktəb keçmişik, hər şeyin qaydasında olmasını  istəyirik. Amma digərləri birbaşa ürəkdən oxuyur. Bu səbəbdən insanlar onları tez eşidir. 

- Fasilə verdiyiniz dövrdə ATV kanalında sizi görmürdük. Səbəb nə idi, keçmiş kanal rəhbərliyi ilə ədavət, “zapret”, yoxsa?..

- Hə, düzdür. O, bir dönəm idi. Mənə elə gəlir ki, hər bir müğənninin başına belə şeylər gəlib. Bu da bir etapdır. Aygün Kazımovadan tutmuş, hər kəsin həyatında yaşanıb. Mən bu məsələnin arxasıyla düşmədim. Fikirləşdim ki, belə şeylər ola bilər. Elə bir insan deyiləm ki, işimi həll etmək üçün başqalarına zəng vurum. Belə şeyləri özümə sığışdırmırdım. Niyə belə şeylər olmalıdır?! Səbəbini təxmini bilirdim. İnsanlar var idi ki, qarşımı kəsirdilər, bururdular. Elə olurdu ki, verilişə gəlmişəm, zəng gəlib ki, bizdən icazəsiz Elçini niyə efirə buraxmısız? Şəxsi maraqlara görə belə edirlər. Bir şəxsin qərəzliliyi ucbatından müğənni ilə xalq arasında səd çəkirsən. Günahdır. 

- Ailə qurduqdan sonra sanki daha çox işləməyə başlamısız. Səbəbi toydan sonra kütləni itirmə qorxusu ola bilərmi?

- Mənim belə xasiyyətim var ki, çoxluğun axın etdiyin yerin əksinə gedəcəm. Camaat saçını sağa darayırsa, mən sola darıyacam. Bir qədər haşiyəyə çıxım. Bəylərin əksəriyyəti saqqal saxlamağa başlayıb. Bu, məni çox narahat edir, fərqli addımlar atmağı düşünürəm. Bir qədər seçilməyi sevirəm. Mahnılarımda öz tərzim var idi. Azərbaycan və Türkiyə estrada musiqilərini qarışdırmağı sevirəm. Amma zaman-zaman belə mahnılar çoxaldı, adiləşdi və tərzimi dəyişmək istədim. İndi də dəyişə-dəyişə gedirik. 

- Adətən azərbaycanlı kişilərdə xanımlarını gizlətmək kimi bir xüsusiyyət olur. Amma siz bunu etmədiz… Toyqabağı fotosessiyalar, videolar paylaşıldı və sairə.

- Məni Allah belə yaradıb. Müğənniyəm, xalqa maraqlıyam. Düşünürəm ki, insanlara maraqlıyamsa, hər bir şeyim ilə onlara maraqlı olmalıyam. Biri saçımı, biri geyim tərzimi, digəri ifamı bəyənir. Hər şeydə bir yol seçmək lazımdır.  Həyatda amalım, məqsədim nümunə olmaqdır. Biz ekran qarşısındayıqsa, ailəmizlə də nümunə olmalıyıq. Çox şükürlər olsun ki, pis rəy almadıq. İnsanlar mənim haqqımda demədi ki, Elçin ailəsini göstərdi. Zaman-zaman şəkillər də paylaşıram, ayıb bir şey yoxdur. Müğənni qapalı olmalıdır bəyəm? Normal səviyyədə ailəni göstər, burada ayıb bir şey yoxdur. 

- Deyəsən ailə mövzusunda belə düşünən tək-tük kişi müğənnilərindənsiz. 

- Ya gizlədirlər, ya da aşırı dərəcədə özlərini göstərirlər. Mən həyatda necəyəmsə, istəyirəm ki, insanlar bunu görsün. 

- Maraqlıdır, siz Aydan xanımla necə, hansı şəraitdə tanış olmusuz? 

- Zaman gəldi və düşündüm ki, artıq ailə qurmaq vaxtıdır. Bir il ərzində özümü hazırladım, özümü bəzi məqamlardan çəkindirdim. Ürəklə Allahdan nəsə istəyirsənsə, onu qarşına çıxarır. Türkiyədə Həmrəylik Günü ilə bağlı tədbir var idi. O xanım da ailə üzvləri ilə orada iştirak edirdi. Tədbirdən öncə həmkarım Günay İbrahimli ilə bir restoranda yemək yeyirdik. Onlarla üzbəüz oturmuşduq. Düşündüm ki, elə mənim ailəm bu imiş ki,..

Mənim həyatımda son dövrlər maraqlı məqamlar baş verir. Onu görəndə alnıma yazıldı ki, ailə… 

- Həyat yoldaşınızın atası Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlıdır. Ondan qız “almaq” çətin olmadı? 

- Normal bir şeydir. Heyif ki, müğənnilər özlərini çox sərbəst aparırlar. Çoxu haqda ailə sözü səslənəndə, yaxşı şeylər yada düşmür. Düşünürlər ki, müğənnilərin xanım pərəstişkarları çoxdur. Bu, normal haldır. Söhbət ifaçının özünü aparması, davranış qaydalarından gedir. Qarşı tərəfdə bu fikirlər var idi, onları da narahat edirdi. Ancaq zaman-zaman hər şey qaydasına düşdü. Kimdən məni soruşdularsa, pis rəy eşitmədilər. Əvvəlcədən özümü aparma qaydalarım mənə kömək oldu. Biz etiraz olmadan ailə qurduq. Yenə deyirəm, “müğənnidir, necə olacaq?” sualları var idi. Sevgi, düzgünlük olandan sonra insan problem yaşaya bilməz. 

- Hazırda sizin 34 yaşınız var və oğlunuz Can dünyaya gəlib. Bir ata kimi sizi “Şipşirin Elçin” kimi təqdim etməklərindən narahat olmursuz?

- 3-4 il bundan qabaq bu, məni çox narahat edirdi. Aparıcılar düzgün təqdim etmirdilər. Ola bilər ki, mahnımla tanınmışam. Amma çox şişirdilmiş şəkildə deyirdilər. Başa düşürəm, məni istəyib elə deyirlər. Amma düzgün deyil. 

- İndi də yazılı mətbuatda sizi çox vaxt “Sabir Rüstəmxanlının kürəkəni” kimi təqdim edirlər. 

- Bu, məni hazırda həqiqətən də çox narahat edir. Niyə? Bu insan həqiqətən çox dəyərli biridir. Mənim qayınatam olduğu üçün yox, bir xalq olaraq, hamımız üçün. Hər bir xəbərdə onun adını çəkmək olmaz. Axı bu kişi insanlar üçün əmək verib, şeirlər yazıb, kitab çıxarıb. Yüngül bir xəbərdə onun adını yazmaq doğrudurmu? Hər məsələyə görə bu kişini narahat etməyin. Bu haqda mənə heç nə deyilməyib, sadəcə olaraq özüm narahatam.  

- Sabir Rüstəmxanlının şeirinə mahnı oxumaq fikriniz var?

- Bir mahnı oxumuşam, ancaq hələ ortaya çıxmayıb. Doğum günü ilə bağlıdır. Çox bəyəndiyim sözləri var. Ümumiyyətlə, Sabir bəy yazanda duz-çörəkdən, səmimiyyətdən danışır və belə şeylər məni çəkir. 8 şeirini qaralamışam, onlar üçün mahnı yazacam. Ancaq hələ özünün xəbəri yoxdur. Amma bəzi şeirləri mənə çox ağır gəlir. Bəlkə də müəyyən yaşdan sonra həmin mövzuda mahnı yazıb oxuyacam. Amma 40 yaşımdan sonra da bu sənətdə qalmağım sual altındadır. 

- Deyəsən şou-biznesdən getməyə meyillisiz. 

- Mənim babama 40 yaşında məclisdə kimsə “dayı” deyib. O da sənəti ataraq pedoqoq kimi fəaliyyət göstərməyə başlayıb. Məndə də belə xarakter var. Bir ara şou-biznesdə, məclislərdə neqativ şeylər gördüm, çox narahat oldum. Elə olurdu ki, məclislərə getmirdim. Süniliklər çoxdur. Sonradan düşünürəm ki, hər kəs özünə bir yol çəkir. Hər kəsi başqa cür tanıyırlar. Hamı eyni ola bilməz ki,.. Ətrafımızda olan neqativliklər birbaşa bizə təsir edir. Ona görə də bir qədər uzaqlaşdım.  

- Bayaq oğlunuz Candan danışdıq. Bir il övladınızın üzünü gizlətdiz. Sizin kimi hər şeyə açıq bir müğənni bu mövzuda niyə qapalı oldu?

- Birincisi, oğlum çox körpə idi, canıyla əlləşirdi (gülür). Üzü formalaşmamışdı.  Doğulandan iki ay sonra uşaq tamam fərqli biri olur, dəyişə-dəyişə böyüyür. Müğənni kimi də insanları intizarda qoymağı sevirəm. Axı onu qorumasaydım, 1 yaşında belə maraqlı olmazdı. Bir il onun fotosunu paylaşmağa icazə vermədim.

- Buna plan və düşünülmüş bir layihə demək olar?

- Bəli, layihə demək olar (gülür). 

- Əksər müğənnilər deyir ki, daha da parıldamağım üçün ailə qurmalıyam. Evliliklə gündəmi zəbt etmək olur? 

- Olur. Bizim toyumuzdan da çox danışdılar və indi də müzakirə edirlər. Sosial şəbəkələrdə hələ də fotolarımızı paylaşırlar. Əgər reklamı düşünüb evlənirsənsə, bu nikahı apar tulla! Həqiqətən belədir. Bəs bunun sonrası? Birinci deyəcəklər ki, nə əcəb bunlar evləndi. Hər dəfə tamaşaçıları aldadırsan, daha sonra yalanın ortaya çıxır və tamaşaçı sənə etibar etmir. Bu, nə dərəcədə doğrudur? 

- Mənə maraqlıdır, keçmiş prodüseriniz, aktyor Elşən Orucovla (Elişko) barışmısız? Uzun illər davam edən küsülülüyün səbəbi nə idi?

- Küsməklə incimək arasındakı fərqləri sonradan anlamışam. Küsmək bir qədər xanımlara məxsus xarakterdir. İnsandır, qəlbinə dəyirlər, inciyir. Normal bir şeydir. Ancaq həmişə özümə bir yol seçmişəm. Pisə də yaxşı olmuşam. Bu, mənim insanlıq borcumdur. İncidiyim insanları özüm tapıram, barışıram. Elşənlə barışmışam. “Şeron” qrupunda solist olmamışdan qabaq onu tanımışam, dost olmuşam. Düşünməmişdik ki, işbirliyimiz olsun. Çalışdıq, sonra aramızda inciklik yarandı. Bilmədim, bəlkə kimlərsə araya girdi. Belə şeylər çox oldu, iyrəndim. Yenə də özüm addım atdım. Toyumdan bir gün qabaq mesaj yazdım ki, sən də gəl.

- Gəlmədi? 

- Yox, gəldi! Niyə incik olaq? O da sağ olsun toyumda iştirak etdi, ürəyim açıldı. Fikirləşirəm ki, bilmirik sabahımız necə olacaq. Bəlkə onun, bəlkə mənim başıma bir iş gəldi. Ona görə də küsülü qalmağı xoşlamıram. 

- Azərbaycanda ən çox şiddət görən təbəqələrdən biri də müğənnilərdir. İstər kişi, istər qadın… Eyni zamanda müğənni, tanınmış kişilərlə evli olanlar da zorkalılığa məruz qaldıqlarını deyirlər. Bəs siz qadına şiddətlə bağlı nə düşünürsüz?

- İnsanlar öz davranışlarına görə belə şeylərlə rastlaşırlar. Deyirlər ki, filan müğənni döyüldü. Niyə? Çünki ağzına gələni danışıb. Səbəbsiz insanı döyürlər? İçkili insanı məclisdə yola verməlisən. Bundan əlavə, həm kişi, həm də qadın müğənnilər özlərini necə aparırlarsa, elə də cavablarını alırlar. Ola bilər ki, xanım olarsan, açıq-saçıq geyinərsən, amma özünü “star” kimi apararsan! Bu zaman sənə heç kim, heç nə deyə bilmir. Bu geyimi ona görə geyinirsən ki, müğənnisən, ulduzsan! Bunu belə qəbul edəcəklər və artıq bir kəlmə söyləməyəcəklər. Amma bunu süni yaradırsansa, daxilin geyiminlə düz gəlmirsə, muğam oxuyan zaman qısa və açıq paltardasansa, görəcəklər ki, uyğunluq yoxdur, vəhdət təşkil etmir. Bir də dil məsələsi vacibdir. Dilə görə insanın başına çox iş gəlir. Gərək insan dilini qorusun, ağlına nə gəlirsə, onu danışmaq olmaz. Belə çox rahat danışıram, bilmək olmaz sabah başıma nələr gələcək. 

- Qadın sadaladığınız hərəkətləri etsə belə, onu niyə döyməlidirlər ki?! 

- (Gülür). Düz deyirsiz. Qadına şiddət olmaz. Çünki kişi onsuz da bilir ki, qadını döyə biləcək. Niyə döysün ki onu? Xanım da anlamalıdır ki, necə davranmaq lazımdır.  Belə şeylər olmaz. Məclisə çağıran bilməlidir ki, kimi dəvət edir. Daim olaraq qısa geyinən biri guya, onların məclisinə fərqli geyinəcək? Millət bunu başa düşməlidir ki, estrada ulduzu belə olmalıdır. Rihanna, Beyons, Cennifer Lopez, Dua Lipa kimi sənətçilər belə geyinir, sərbəstdilər. Sonra çağırıb məclisdə döymək düzgün deyil. Təsəvvür edin ki, çağırıblar Ceniffer Lopezi, toyda salırlar təpiklərinin altına (gülür).  

- Ümumiyyətlə, Elçinin ictimaiyyət gizlətdiyi çox sirri var? Kulisdə çox şey danışırlar, amma öz dilinizdən az eşidirik. 

- Mənim haqqımda danışırlar? Ola bilər! Əvvəlkindən fərqli olaraq, indi gizlinlərim yoxdur. Əvvəl sərbəst və gənc idim. Ancaq özüm haqqında fikirləşirdim. Əslində indi də gəncəm, 34 yaş nədir ki? Məndə ki bu sima var, heç vaxt qocalmır. “Baby face” dəyişmir.

Elvin Elxan

Fotolar-Video: Nuran Məmmədov