TQDK-dan səhv testlərlə bağlı - Açıqlama

tqdk-dan-sehv-testlerle-bagli-aciqlama
Oxunma sayı: 1081

Müəllif ciddi elmi-pedaqoji fikirlərə söykənməyən, əsassız və qərəzli, hətta bəzi məqamlarda etikadan kənar ifadələrlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının abituriyentlər üçün müxtəlif illərdə nəşr etdirdiyi Azərbaycan dili üzrə test kitabçalarındakı və tam orta təhsil bazası üzrə 2012-ci ildə keçirilmiş buraxılış imtahanlarında istifadə edilmiş bəzi test tapşırıqlarına “irad” bildirib.

“Qafqazinfo”nun TQDK-nın rəsmi saytına istinadən məlumatına görə, müəllif tez-tez tapşırıqların orta məktəb dərsliklərinə əsaslanmadan tərtib olunduğunu vurğulayır, yeri gəldikcə öz subyektiv baxışlarını qəbul olunmuş elmi fikirlər kimi təqdim edir. O, əksər hallarda “irad” bildirdiyi test tapşırıqlarının tam mətnini təqdim etmir, bəzi testlərin isə, ümumiyyətlə, şərtini təhrif olunmuş şəkildə verməklə oxucuda yanlış təsəvvür yaratmağa çalışır.

Məqalə müəllifinin yanlış hesab etdiyi bəzi test tapşırıqlarına diqqət yetirək:

VI sinif test kitabçasında səh. 11, test 7-də o, yanlışlıq görür və tapşırığı “ikicavablı” hesab edir. Tapşırıq belədir:

Cümlələrin birində frazeoloji birləşmə işlənmişdir:

A)İsti yay günlərində hamı dəniz kənarına çıxır.

B)Şuşadan Turşsuya gedən yol çox mənzərəlidir.

C)Xan qızı Natəvan yoxsullara, kimsəsizlərə əl tutar, onlara qəlbən yanardı.

D)O, gözəl, girdəsifət, gənc bir qız idi.

E)Rüstəmin ən böyük arzusu ali məktəbə daxil olmaqdır.

Tapşırığın doğru cavabı C bəndidir. Məqalə müəllifi E bəndində də düzgün cavab “görür”: “...iki cavab var: c) əl tutmaq, qəlbən yanmaq və e) daxil olmaq (otağa yox, ali məktəbə)”. Frazeoloji birləşmələr məcazi məna daşıyan birləşmələrdir və tərkibindəki sözlər ilkin leksik mənalarından uzaqlaşaraq yeni, vahid məna ifadə etməlidir. Elə buna görə də “ali məktəbə daxil olmaq” frazeoloji birləşmə sayıla bilməz.

Səh. 56, 1 saylı tapşırıqda da qüsur tapır. Tapşırıq belədir:

Kooperativ sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri göstərin.

1.Yazılışı ilə deyilişi fərqlənir.

2. Sözdə bir dodaqlanan, üç dodaqlanmayan sait səs var.

3.Ahəng qanunu pozulmuşdur.

4.Dördhecalıdır, vurğu birinci hecaya düşür.

5.Sözdə üç kar, iki cingiltili samit var.

A)1,4 B)2,5 C)1,3,5 D)2,3,4 E)2,4

Bu sözün düzgün tələffüz forması TQDK-nın nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar tərəfindən tövsiyə olunmuş orfoepiya lüğətində əks olunur. Kooperativ sözü [kaperativ] şəklində tələffüz olunur. Aydın görünür ki, bu sözün sonunda karlaşma hadisəsi baş vermir. Tapşırıqda heç bir qüsur görünmür, cavab üzdədir.

Müəllif VI sinif test kitabçasındakı səh.43, 6 saylı tapşırığa da “irad” bildirir. Tapşırığın şərti belədir:

Biri azaltma dərəcəsini əmələ gətirən şəkilçi kimi götürülə bilməz:

A)-ımtıl4 B)-ımsov C)-ca D)-ımtraq E)-sov

Sualda heç bir qüsur yoxdur, tam olaraq dərsliklərə əsaslanır. VI sinif dərsliyində yazılır: “Çoxaltma dərəcəsi də iki üsulla düzəlir:

Morfoloji üsul. Bu üsulun özündə də iki qayda var:

1.Adi dərəcədə olan sifətlərin sonuna şəkilçi şəklində olan –ca2 ədatı artırılır: zorbaca, yaxşıca. Bu zaman əlamət qabardılır, daha da gücləndirilir, sifətin azaltma yox,çoxaltma dərəcəsi yaranır.

(İsmayılov R., Ellazov F. Azərbaycan dili, 6-cı sinif üçün dərslik, Bakı -2008, səh. 92)

Müəllif VIII sinif test kitabçasındakı bir neçə sualda da problem görür.

Diqqət yetirək:

Səh.77, 6 saylı test tapşırığının şərti belədir:

“Güllərin möcüzəli rəngi, su şırıltısı, dağ əzəməti, yarpaq xışıltısı – bir sözlə, təbiət gözəlliyi şairin ilham mənbəyi idi” cümləsində “bir sözlə” nədir?

Tapşırıqdan danışan müəllif qeyd edir ki, “ümumiləşdirici söz dilçilik termini kimi qəbul edilsə də, yekunlaşdırıcı söz mahiyyət etibarilə fərqlənmir”. Tapşırıq tam olaraq dərslik əsasında tərtib olunub və elmi baxımdan sualda heç bir yanlışlıq yoxdur. Sadəcə olaraq, məqalə müəllifi tapşırığa və eələcə də mövzuya münasibətdə öz subyektiv fikirlərini ifadə edir. Bunun isə TQDK-ya heç bir aidiyyəti yoxdur və hər kəs öz fikirlərini bildirməkdə azaddır. Müəllif bu haqda 8-ci sinif Azərbaycan dili dərsliyində (Kazımov Q., Şahbazlı F., Mikayılova A. Azərbaycan dili, 8-ci sinif üçün dərslik, Bakı, “Aspoliqraf”, 2010) 101 və 102-ci səhifələrə diqqətlə nəzər salsa, yaxşı olar.

Müəllifin fikrincə, IX sinif test kitabçasında da bir neçə sual var ki, onlar da qüsurludur və dərsliklərlə bağlılığı yoxdur. Onun bəzi “irad”larına diqqət yetirək: “Təfəkkürə (səh. 8, test 2) deyil, yaddaşa əsaslanan testdir. Şagird üçün vacib olan o deyil ki, qrammatik omonimləri əzbərləsin, əksinə, vacib olan odur ki, nitq hissələrinin qrammatik funksiyalarını fərqləndirə bilsin”(Kursiv bizimdir.). Əvvəla onu qeyd edək ki, səhifəsi və nömrəsi göstərilən test tapşırığında heç bir omonimlikdən söhbət getmir. Həmin test tapşırığının şərti belədir: “Cürətlə” sözünün fonetik təhlili ilə bağlı səhv cavabları seçin. Yox, əgər müəllif həmin səhifədəki 3-cü test tapşırığını nəzərdə tutursa, yenə də subyektivliyə yol verir. Sual belədir:

Hansı cümlədəki işarələnmiş söz omonim ola bilər?

1. Kimi oxuyur, kimi yazırdı.

2. Dünən kimi axtarırdın?

3. Səhərə kimi onları gözlədik.

A) 1,2 B) 2,3 C) 1,3 D) 1,2,3 E) heç biri

İşarələnmiş sözlər cümlə daxilində verilib. Abituriyent məhz təfəkkürünə əsaslanaraq, qeyri-müəyyən əvəzliklə qoşmanı tapmalı və onları omonim kimi götürməlidir. Əgər abituriyent qoşma ilə qeyri-müəyyən və sual əvəzliklərini fərqləndirməyi bacarmayacaqsa, yaddaşa və əzbərçiliyə əsaslanıb bu testin cavabını necə tapacaq, hörmətli Nabatəli Qulamoğlu? Deməli, test tapşırığı birbaşa abituriyentin təfəkkürünü yoxlamağa hesablanıb. Digər tərəfdən, yaddaşa əsaslanaraq qurulan test tapşırıqları nə vaxtdan yanlış və ya səhv hesab edilir?

Müəllifin yanlış hesab etdiyi suallardan digəri 24-cü səhifədəki 4 saylı test tapşırığıdır: “Tabeli mürəkkəb cümlələri əlaqələndirən bağlayıcı sözü müəyyən etmək tələb edilir, lakin dərslikdə belə anlayış yoxdur”. Əvvəla, müəllif tapşırığın şərtini təhrif olunmuş şəkildə təqdim edir. Tapşırığın şərtində bağlayıcı sözü yox, baş cümləyə bağlayıcı sözlə bağlanan budaq cümləni tapmaq tələb olunur. İkincisi, başa düşülmür ki, müəllif hansı anlayışı nəzərdə tutur. Əgər müəllif “bağlayıcı söz” anlayışını nəzərdə tutursa və bunun dərslikdə olmadığını iddia edirsə, onda dərsliyə (Kazımov Q., Mikayılova A. Azərbaycan dili. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik, Bakı – 2010, səh. 48-49) yenidən və daha diqqətlə baxsın, yanlış iddiada olmasın.

Müəllifin fikrincə, yanlış test tapşırıqlarından biri də 28-ci səhifədəki 3-cü tapşırıqdır: “Çaşdırmaq məqsədilə cavab yanlış inşa edilmiş cümlə (Diqqət edin: yanlış inşa edilmiş cümlə) vasitəsilə verilmişdir”. Tapşırıq belədir:

Məqsəd budaq cümləli tabeli mürəkkəb cümləni göstərin.

A)O səbəbə qalın geyinmişdi ki, donmasın.

B)Ona görə gedə bilmirdim ki, vaxt tapmırdım.

C)Hümmət astadan nə dedisə, Murad bərkdən güldü.

D)Torpaq elə islanmışdı ki, ayaq basan topuğunacan gedirdi.

E)Çətin işin öhdəsindən o adamlar gələ bilər ki, iradəsi olsun. Düzgün cavab A bəndində verilib. Aydın olmur ki, məqalə müəllifi “çaşdırmaq” deyəndə nəyi nəzərdə tutur.

43-cü səhifədəki 16-cı test tapşırığı barəsində isə müəllifin söylədikləri yenə də həqiqəti əks etdirmir və yanlış fikirlərə əsaslanır. Tapşırığın şərti belədir: “Yazın o vaxtları idi ki, Abşeron bağlarında gilənar çiçəklərini tökür, nar ağacları təzəcə çiçək açırdı”cümləsinin sintaktik təhlili ilə bağlı səhv cavabı seçin. Müəllifin fikrincə, bu cümlə qarışıq tiplidir və dərslikdə öyrənilmir. Görünür, məqalə müəllifi dərsliklə yaxından tanış deyil, əks halda yuxarıda adı çəkilən dərsliyin 91, 92, 93-cü səhifələrindəki 173,174, 175 saylı çalışmalarla tanışlığı olardı.

Məqalə müəllifinin “irad” bildirdiyi test tapşırıqlarından bəziləri 2012-ci il tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə edilən suallarla bağlıdır. Müəllif D variantındakı 14 saylı tapşırıqda “yanlışlıq” görür. Tapşırıq belədir:

“Düzü, gözləməzdim heç sizdən bunu” (S.Vurğun) cümləsində modal sözün məna növünü göstərin.

A) bənzətmə B) nəticə C) təsdiq D) güman-şübhə E) fikrin mənbəyi

Müəllif yazır ki, “ Dərslikdə bu söz (düzü) əminlik bildirən modal sözlər qrupuna aiddir”. Xatırladaq ki, builki məzunlar VII sinifdə oxuyarkən B.Əhmədov, A.Axundov və B.Xəlilovun müəllifi olduğu “Azərbaycan dili” dərsliyindən istifadə etmişlər. Həmin dərslikdə yazılır: “Modal sözün mənaca növləri, əsasən, aşağıdakılardan ibarətdir:

1.Təsdiq bildirən modal sözlər: əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, düzü, düzdür”. (Əhmədov B., Axundov A., Xəlilov B. Azərbaycan dili. 6-7-ci siniflər üzrə dərslik, Bakı-2003, səh.235.) Dərslikdən də aydın görünür ki, tapşırıqda göstərilən “düzü” sözü təsdiq bildirən modal sözdür.

Məqalənin müəllifi özünün Azərbaycan dili ilə bağlı biliklərini şübhə altında qoyur, məsələyə qərəzli yanaşaraq yazır: “Cavablar məhz dərslik əsasında deyil, TQDK-nın vəsaiti əsasında hazırlanıb. Bu, ciddi qanun pozuntusudur. Görünür, TQDK bu yolla öz vəsaitlərini abituriyentlərə sırımaq istəyir”. Etikadan və ciddilikdən kənar fikirlərin müəllifi, görəsən, orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının hansı prinsiplər əsasında hazırlandığından məlumatlıdırmı? Ümumiyyətlə, orta məktəblərdə Azərbaycan dili fənnindən hansı dərsliklərdən və nə vaxt istifadə edildiyini bilirmi?

“İrad” bildirilən digər tapşırıq belədir:

Xəbərlə yanaşma əlaqəsində olur:

1.Tamamlıq

2.Yer zərfliyi

3.Tərzi hərəkət zərfliyi

4.Təyin

5.Mübtəda

A)3,5 B)3,4 C)4,5 D)1,3,4 E)1,2,3

Məqalə müəllifi yazır : “...təyinlə xəbərin yanaşma əlaqəsilə bağlandığı barədə “Yanaşma” bəhsində heç bir məlumat yoxdur”. Xatırladaq ki, tapşırıq ümumiləşdirmə tələb edir. Yanaşma əlaqəsi ilə bağlı bəhsdə metodiki olaraq pedaqoji ardıcıllıq prinsirinə görə bu əlaqənin əsas əlamətləri təqdim olunur. Yəni şagirdə aşılanır ki, yanaşma əlaqəsi nədir, onun hansı səciyyəvi cəhətləri vardır. “Təyin” bəhsində isə yazılır: “Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir” (Kazımov Q., Şahbazlı F., Mikayılova A. Azərbaycan dili, 8-ci sinif üçün dərslik, Bakı, “Aspoliqraf”, 2010, səh. 69.). Dərslikdə yenə aydın şəkildə yazılır: “Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir; məsələn: Cığırın solundakı qumsal cənub yamacları çılpaq idi. (M.İ.) Mənim rəfiqəm gənc və gözəl bir qız idi. ...

Bu misallardan birincisində təyin mübtədaya, ikincisində xəbərə... aiddir. (Kazımov Q., Şahbazlı F., Mikayılova A. Azərbaycan dili, 8-ci sinif üçün dərslik, Bakı, “Aspoliqraf”, 2010, səh. 70.). Bütün bunlardan sonra müəllifin məqaləni hansı məntiqlə yazdığı qaranlıq qalır.

Başqa tapşırığa baxaq:

Ədat haqqındakı fikirlərdən biri səhvdir:

A) Bəzi ədatlar sözün son saitinin ahənginə uyğun olaraq 2 və 4 cür yazılır.

B) Ədatlar söz və cümlənin mənasını qüvvətləndirməyə xidmət edir.

C) Cümlənin ortasında gələn ədatın hər iki tərəfindən vergül qoyulur.

D) “Bəs” sual ədatıdır.

E) “Ki” ədatı həm qüvvətləndirmə, həm də sual bildirir.

Cümlənin ortasında gələn ədatların hər iki tərəfindən vergül qoyulması dərslikdə heç bir yerdə qeyd olunmayıb. Lakin müvafiq dərslikdə modal sözlərlə bağlı qeyd olunur: “Cümlənin ortasında olan modal sözün hər iki tərəfindən vergül qoyulur” (Əhmədov B., Axundov A. Xəlilov B. Azərbaycan dili. 7-ci siniflər üzrə dərslik, səh.237.)

Məqalə müəllifinin qüsurlu hesab etdiyi digər suallar da elmi-pedaqoji cəhətdən tam düzgündür və dərslik əsasında tərtib olunmuşdur. Sadəcə olaraq, biz bütün sualların təhlilini verməyə ehtiyac duymuruq. Hesab edirik ki, elə bu qədər test tapşırığının şərhi də müəllifin bilik və niyyətini ortaya çıxarmaq üçün yetərlidir.

Sonda bir daha onu qeyd edirik ki, TQDK abituriyentlər üçün nəşr etdirdiyi test və dərs vəsaitlərini daim diqqətdə saxlayır, onları yeni nəşr olunan dərsliklərə və digər elmi-pedaqoji nəşrlərə uyğunlaşdırmaq üçün çalışır. Bu iş cəmiyyətə açıq bir şəkildə həyata keçirilir və hər bir ixtisas müəlliminin TQDK-nın nəzdində fəaliyyət göstərən ayrı-ayrı fənlər üzrə elmi-metodiki seminarların müzakirələrində iştirak edib öz fikrini bildirməsi sərbəstdir, o cümlədən Nabatəli Qulamoğlunun da.