TQDK-dan Türkiyənin Ali Hərbi Məktəbinə qəbul

tqdk-dan-turkiyenin-ali-herbi-mektebine-qebul-
Oxunma sayı: 638

Məktəbə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də xərclik ilə təmin olunurlar. Müsabiqədə TQDK tərəfindən Azərbaycan və rus bölmələrində bütün qruplar üzrə test üsulu ilə keçirilən qəbul imtahanında 250 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Onlar 16-20 yaşlı Azərbaycan vətəndaşları (yalnız oğlanlar) olmalıdırlar.

Müsabiqə nəticəsində seçilmiş 50 nəfər namizəd Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunurlar. Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş 30 nəfər namizəd Türkiyənin Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 10 nəfər namizəd Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Məktəbi müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.

Eldar Tanrıverdiyev