TQDK məzunlara müraciət etdi

tqdk-mezunlara-muraciet-etdi
Oxunma sayı: 645

Komissiyanın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 11-ci sinif şagirdləri imtahana gələrkən özləri ilə "İmtahana buraxılış vərəqəsi", şəxsiyyət vəsiqəsini (16 yaşına çatmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi ilə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və şagirdin fotoşəkili yapışdırılmış arayışı) gətirməlidirlər.

9-cu sinif şagirdləri isə "İmtahana buraxılış vərəqəsini", şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkil yapışdırılmış arayışı gətirməlidirlər.

Buraxılış imtahanında iştirak edəcək əcnəbilər imtahana gələrkən "İmtahana buraxılış vərəqəsini", şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. 9-cu sinif şagirdləri qeyd olunan sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da təqdim etməlidirlər.

Qeyd edək ki, buraxılış imtahanlarının keçirilməsinə iyunun 2-dən başlanacaq. İyunun 2-də Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdi, iyunun 3-də 34277 IX sinif şagirdi buraxılış imtahanı verəcək. İyunun 2-də həm də Gəncə, Abşeron, Mingəcevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdləri Bakı şəhərinin məktəblərinin şagirdləri ilə imtahan verəcəklər.