“Tramp dedi ki, daha müsəlmanlara öyüd-nəsihət verməyəcək”

tramp-dedi-ki-daha-muselmanlara-oyud-nesihet-vermeyecek
Oxunma sayı: 643

"Mən bu yaxınlarda Səudiyyə Ərəbistanında Ərəb-İslam-Amerika Zirvə görüşünü xüsusi qeyd etmək istəyirəm. Azərbaycan bu Zirvədə yüksək səviyyədə iştirak edib. Hesab edirəm ki, bu Zirvənin çox böyük mənası var".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri 28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda prezident İlham Əliyev deyib.

O bildirib ki, ilk növbədə, müsəlman aləmi həmrəylik nümayiş etdirib və təqdirəlayiq haldır ki, Amerika Prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə edib:

"Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, bütün müsəlman aləminə Amerika Prezidenti tərəfindən göstərilən böyük hörmətin əlamətidir. Yəni, bu səfərin və Zirvə görüşünün təşkilinin özü artıq böyük hadisədir və orada Amerika Prezidenti tərəfindən səslənən fikirlər əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o demişdir ki, Amerika Birləşmiş Ştatları bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Bu, çox ciddi bəyanatdır və deyə bilərəm ki, Zirvə görüşünün demək olar bütün iştirakçıları bu bəyanatları yüksək qiymətləndiriblər, o cümlədən Azərbaycan. Çünki biz hamımız yaxşı bilirik ki, Azərbaycan xarici müdaxilə nəticəsində ən çox atəş altında olan ölkələrdən biridir".