Transformator faciələri...

transformator-facieleri
Oxunma sayı: 5770

Xuraman Hüseynzadə

Mərdi qova-qova namərd eləyirlər. Bu, kütlənin asanlıqla bacardığı bir işdi. Namərdi qova-qova mərd eləmək isə... çox çətindi. Namərddən mərd olmurmu? Kütlə bunu heç vaxt istəməz. Bu, onun psixologiyasına ziddi.

Bir neçə ay əvvəl oğlan öz sevgilisini qətlə yetirən zaman bir dükanda iki gənc satıcı xanımın söhbəti məni dəhşətə gətirdi. İkisi də oğlana haqq qazandırırdı. “Əcəb eləyib öldürüb, ona bu da azdı”-deyirdilər. Düşündüm: görəsən bunlar sabah necə həyat yoldaşı, necə ana olacaqlar? Ailəni necə idarə edəcək, övladlarına necə tərbiyə verəcəklər? Bu cür düşünən qadından cəmiyyət, övlad necə faydalana bilər?

Transformator olayında bunu yenə gördük. Hadisənin təfərrüatını bilən də, bilməyən də gənclərin ünvanına olmazın sözlər dedi. Qanunlardan qorxuları olmasa, adamları Əfqanıstandakı gənc Fərhundə kimi daşlayıb öldürərlər. Bu nə qəddarlıqdı, ilahi??? Ölkədə bunlar kimi əxlaqlı adamlar varkən, əxlaqsızlıqla, oğurluqla, narkotika istifadəsi, alışı-satışı və s. ilə məşğul olanlar kimlərdi bəs? Onlar bu ölkənin vətəndaşı deyillərmi? Kimin anası, bacısı, qardaşı, əmisi oğlu, dayısı qızı, anasının xalası oğludu bəs? Yəni hər insan öz eyibinə kor olsa bu qədər dedi-qodu, qeybət, böhtan yaranarmı? Yaranmaz vallah... Sublimasiya baş verər. Yüz illərdən bəri hərə öz eyibinə kor olmağı bacarsaydı, katarsis öz təsirini göstərmişdi. Heç o qətllər, intiharlar, transformator faciələri də olmazdı.

***

Nikolanın dəli olduğunu deyir kəndin camaatı. Nikola isə yol gözləyir. Gecə küçələrdə sərgərdan kimi dolaşır. İşıldaquşla dərdləşir. Gözlədiyinin qayıdacağını zənn eləyir.

Zvimf Yerə səfərindən sonra Marsa qayıdır. Yerdə özlərinə bənzəyən varlıqlardan danışır başçıya. Deyir ki, insanlar çox mehribandı, onlar gecələr də küçələrlə həmsöhbət olur,otla, gül-çiçəklə, işıldaquşla söhbət eləyir. Başçı ondan soruşur ki bir də Yerə qayıtmağı düşünürmü? Zvimf “bəlkə də bir gün”deyir. Nikola da həmin günü gözləyir... (Roce Lökürö “İşıldaquş”)

***

Hər adamın içində bir ümid var-kimi arzusuna çatacağını düşünür, kimi intihar edib bu həyatdan canını qurtaracağını. Bəs Don Kixot kimi saxta qəhrəmanlıqla məşğul olanlar,başqalarına böhtan atanlar, baş verənləri cahilcəsinə tirajlayanlar nəyə ümid bəsləyir? Nə qazanırlar?

Ən gözəl ümid yol gözləyən Nikolanın ümididi. Onu cəmiyyət dəli qələminə versə belə...