“TURAN Aşiqləri” kitabı çapdan çıxdı

turan-asiqleri-kitabi-capdan-cixdi
Oxunma sayı: 656

2011-ci il Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 130, Turan amalı ilə yaşayıb mücadilə aparmış mütəfəkkir, şair, sosioloq Ziya Göyalpın 135, Osmanlı imperatorluğunun sonuncu hərbi naziri, Turan idealı uğrunda mücahid və şəhid olan Ənvər Paşanın 130, 93 il əvvəl Azərbaycanın rus-ingilis-erməni işğalından qurtuluşunu gerçəkləşdirən sərkərdə, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın 122-ci doğum ilidir.

"Media forum" saytı xəbər verir ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan “TURAN Aşiqləri”nin dörd bölümündə ayrı-ayrılıqda bu şəxsiyyətlərin ömür yolları, fəaliyyətləri, ideyaları, Azərbaycana, türk dünyasına sevgiləri, türk xalqlarının birliyi, gələcəyi uğrunda mücadiləsi əksini tapıb.

Müəllif kitabda belə bir fikri əsaslandırmağa çalışıb ki, Azərbaycanın coğrafi-siyasi subyekt, müstəqil dövlət olaraq bu gün müasir dünya xəritəsində öz yerini tutmasında hər üç paşanın və onların fikir, məfkurə babası olan Ziya Göyalpın xidmətləri olub.

Hacı Nərimanoğlu “TURAN Aşiqləri”nin ön sözündə qeyd edir ki, Türkiyə Cümhuriyyətinin 88-ci və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümündə həyatları Türkiyə və Azərbaycanın, türk ulusunun azadlığı, istiqlalı, birliyi uğrunda çarpışmalarda keçən insanların mübarizə dolu ömür yollarına kitab həsr edilməsi tamamilə təbiidir. Müəllif vurğulayır ki, “TURAN Aşiqləri” kitabı Türkiyə-Azərbaycan qardaşlığını bu günkündən daha üstün görmək arzusu ilə yazılıb.

“TURAN Aşiqləri” kitabı “YEK Production” şirkətinin mətbəəsində çap edilib.