“Turan”ın redaktoru Ermənistanda akkreditasiyadan niyə keçib?

turanin-redaktoru-ermenistanda-akkreditasiyadan-niye-kecib
Oxunma sayı: 1621

“Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev Ermənistan XİN tərəfindən akkreditasiyadan keçib.

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan brifinqdə bildirib.

O, redaktorun Ermənistana yalnız jurnalistik fəaliyyəti üçün getdiyini söyləyib: “Xarici İşlər Nazirliyi ondan Ermənistanda jurnalist fəaliyyətini həyata keçirmək üçün icazə tələbi alıb. Jurnalistika ilə bağlı müvafiq prosedurlardan keçdikdən sonra müxbirin müraciəti təmin edildi”.

Musavat.com xəbər verir ki, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bununla bağlı əməkdaşımıza açıqlama verib.

M.Əliyev bildirib ki, agentliyin redaktoru Şahin Hacıyev Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri ilə görüşüb: “Şahin Hacıyev onlardan bir sıra məsələlərlə bağlı müsahibələr alıb. Bunlar Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ mövzusu və Ermənistandakı vəziyyətlə bağlı olub. Silsilə müsahibələr olub və bu müsahibələr, reportajlar turan.az saytında yayımlanacaq”.

Müsahibimizin sözlərinə görə, bu rəsmi görüşlərin baş tutması üçün müvəqqəti akkreditasiya şərt olub. M.Əliyevin dediyinə görə, akkreditasiya müvəqqəti, 2-3 günlük olub: “Bu sistem əksər ölkələrdə, Azərbaycanda da belədir. Xarici jurnalistlərə ölkəmizdə rəsmi orqanlarla çalışmaq üçün müvəqqəti akkreditasiya verilir. Sabah “Yeni Müsavat”ın da əməkdaşı Ermənistana rəsmi müsahibələr üçün getsə, o da akkreditasiyadan keçiriləcək”.

M.Əliyev bildirdi ki, Ş.Hacıyev artıq Bakıya qayıdır. Onun fikrincə, bu səfər və akkreditasiya faktı “Turan”a qarşı istifadə oluna bilməz: “Çünki biz bu səfər barədə Azərbaycanın Prezident Aparatını, Xarici İşlər Nazirliyini, Sərhəd Xidmətini məlumatlandırmışıq. Müvəqqəti, üçgünlük akkreditasiya isə bu prosedurun təbii mərhələsidir”.