Turistə “atmaq” nə verir?

turiste-atmaq-ne-verir
Oxunma sayı: 1361

Azər Qismət

Bilirsinizmi, dünyadakı məşhur iki arvadbaz Kazanova və Don Juan arasında fərq nədən ibarət olub? Qadınlar Kazanova ilə görüşdən sonra yenidən onu arzulayarmışlar. Don Juanla bir görüşdən sonra isə qadınlar daha onunla görüşməzmişlər. Ona nifrət edib uzaq qaçarmışlar. Çünki Don Juan qadına əşya kimi yanaşarmış. 

Son illər dövlətimiz turizmin inkişafı üçün səylərini daha da artırıb, vaxtilə bərbad vəziyyətdə qalan sanatoriya və pansionatlar dünya standartları səviyyəsində yenidən bərpa olunur, dünyanın brend otel şəbəkələri tikilib istifadəyə verilir. Hətta ölkəmizin turizm imkanları barədə Evronews, CNN, BBC kanallarında videoçarxlar nümayiş etdirilir. Hələ Azərbaycanın turizm potensialı barədə son 3 ilə qədər belə təbliğat aparılmayıb. Bütün bunlar çox yaxşıdır. Çünki dünyada elə ölkələr var ki, təkcə turizm hesabına ölkə büdcəsinə yüz milyonlarla vəsait daxil olur. Yüksək xidməti görən turist növbəti ildə də gəlməyə çalışır. İnsan yaşadığı xoş anları həmişə təkrarlamağı xoşlayır. Axı, elə dünyada yaşayırıq ki, xoş anlar heç də tez-tez olmur. Beləliklə, dövlət üzərinə düşən işləri görür. Bəs, otellərimiz və adamlarımız turizmin inkişafı üçün dövlətin çağırışına hay verirmi? Çox təəssüf ki, xeyr.
Əksər otellərimiz və elə adamlarımız da turistləri potensial qaz gözündə görürlər. Bizdə belə bir təəssürat formalaşıb ki, “turist” - cibində pulu çox olan adam deməkdir. İstər inkişaf etmiş ölkədən gələndə də belə düşünürük, istər Afrikadan gələn barədə də belə fikirlər beynimizə hakim kəsilir.

Bu günlərdə otellərimizin birindəki qiymət preyskurantı sosial şəbəkələrdə yayıldı və şok effekti yaratdı. Adi suyun qiyməti 3, Cipsinin qiyməti 7 manat. Bu qiymətlərdən sonra həmin turistin bir də ölkəmizə gələcəyinə şübhə edirəm. Otel bu cür qiymət siyasəti ilə turisti qaçırır. Bəs, belə yüksək qiymətin yerinə onlara nə təklif edirik? Dağ, kanat və bulaq suyu. Təkcə Avropanı götürsək axı, bütün bunlar İsveçrədə də var. Öz aramızdır, İsveçrədə pul xərcləyən turist bunu ürəkaçıqlığı ilə ödəyir. Fəxr edəndə də deyir ki, İsveçrədə dincəlmişəm. Azərbaycan yenicə turizmi inkişaf etdirir, məntiqlə hər şey ucuz olmalıdır.

Turistə belə atmaq nədən irəli gəlir? Əgər oteli lazımsız yoxlamalarla sıxışdıran olsa, vergilər yüklənsə nədəsə haqq qazandırmaq olar. Axı, dövlət başçısının birbaşa ğöstərişinə əsasən sahibkarlıq subyektlərində lazımsız yoxlanışlarına çoxdan son qoyulub, vergi də azaldılıb. Bəs, hansı səbəbdən adi su 3, Cipsi 7 manat olmalıdır.
Adi elementar bir məsələ ondadır ki, əgər turist Azərbaycana gəlibsə, deməli o ərəb şeyxi deyil. O puluna uyğun ölkəyə gəlib. Biz Yaponiya və Avstraliyaya gedən turistlərlə Azərbaycana gələn turistlərin imkanlarını səhv salırıq. Biz unuduruq ki, naftalan vannası qəbul etməyə gələn Rusiyanın kasıb bölgələrindən gələnlərdir. Avropadan gələnlər olsa da, daimi müştərilərimiz vaxtilə oynaq ağrılarına görə müalicə alan kolxozçuların nəvə və nəticələridir. Onlar xəstəliklərinə əlac üçün pensiyalarını toplayıb bura üz tuturlar. Və ongünlük müalicə kursu üçün onların qarşısına neçə min dollarlıq qiymət cədvəli qoymaq, əlbəttə düzgün deyil.

Maraqlı cəhət bundan ibarətdir ki, sadə adamlarımız da turistləri kifayət qədər aldatmağa çalışırlar. Novruz bayramı günlərində metronun “Əhmədli” stansiyasında taksiyə əyləşib Hövsana sürməyi xahiş edən turisti sürücümüz “Sahil” stansiyasının yanından fırladıb aparmaqla, uzağı 5 manatlıq yola 20 manat pul alıb.
Biz turisti sevməliyik. Onları qorumalıyıq. Qoy, yenə gəlsinlər. Pul xərcləsinlər. Amma daha ceyran belinə qalxan pulla yox.