Xəbər verdiyimiz kimi, ötən gün Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda yekun nitq söyləyən prezident İlham Əliyev turizm sahəsindəki bir çox məqamı sərt tənqid edərək göstərişlərini verib. Bildirib ki, bu sahədə təkmilləşmə işlərinin aparılması vacibdir.
“Qafqazinfo” bu məqamda Azərbaycan Turizm Assosiasiyası (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırovdan münasibət öyrənib. Sədr bildirib ki, ölkə başçısının vurğuladığı məqamlarla bağlı onlara da müraciətlər daxil olur:
“Hava limanlarında yaşanan qanunsuzluqlardan biz də xəbərdarıq. Dəfələrlə çalışmışıq ki, problemlər həll olunsun, ancaq nail ola bilmirdik. Hazırda başqa problemlərimiz də var. İnşallah qısa müddətdə onlar da həll olunacaq. Ölkəyə gələn turistlər, xarici şirkət nümayəndələri bizə müraciət edərək hava limanında problem yaşadıqlarını deyirlər. Ümid edirəm ki, bu çıxış hər bir kəsə, hər bir quruma böyük bir dərs olacaq.
Prezidentin çıxışından sonra dəyişikliklərin olacağını gözləyirik”.
Günel Hacı