Turistlər Azərbaycanda bank vasitəsilə 91 milyon xərcləyib

turistler-azerbaycanda-bank-vasitesile-91-milyon-xercleyib
Oxunma sayı: 896

İyunun 12-də Azərbaycan Respublikası Turizm Şurasının dördüncü iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, iclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verib. 

Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırıb, ötən illər ərzində turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışıb.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə məlumat verib.  Bildirib ki, Turizm Şurasının yaradılmasında da əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir: 

Nazir qeyd edib ki, bir neçə gün öncə Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operator və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşü keçirildi. Görüşdə gəlmə turizmi sahəsində ixtisaslaşmış yerli tur operatorlar və turizm şirkətləri ilə birgə ölkə turizm ilə bağlı müzakirələr aparıldı, yeni turist marşrutlarının formalaşdırılması, ölkənin təbliğatı və turist məmnunluğunun artırılması ilə bağlı əməkdaşlıq imkanlarını nəzərdən keçirilib. 

Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycana gələn turistlərin sayı da ildən-ilə artır. Əgər ötən ilin 5 ayı ərzində ölkəmizə 768 min turist gəlmişdisə, bu il 956 min turist gəlib. Bu da ötən ilə nisbətən 188 min və ya 24.5 faiz artım deməkdir. Qeyd olunub ki, əgər ötən ilin ilk üç ayında xarici turistlər Azərbaycanda 40 milyon 629 min manat bank vasitəsi ilə ödəmələr etmişdilərsə, bu ilin eyni dövrün də isə məbləğ 91 milyon 134 min manat olub.