Turistlərin şortikinə baxanlar, süpürülməyən küçələr

turistlerin-sortikine-baxanlar-supurulmeyen-kuceler
Oxunma sayı: 2511

Azər Qismət

Beynəlxalq tədbirlər Bakını, Azərbaycanı daha da tanıdır. Şəhərə çıxıb xarici qonaqları görəndə adamın ürəyi açılır. Əgər bir turist gəlib burda bir manat verib su alırsa, niyə də gəlməsin. Söhbət sudan getmir, söhbət verdiyi xeyirdən gedir. Dama-dama da göl olur. Bundan ticarətçi də, sürücülər də, otellər də qazanır. Türkiyə kimi ölkə turistlərin hesabına milyardlar qazanır. Bizə nə gəlib ki, qazanmayaq?! Adam istəyir ki, heç bir turist narazı getməsin, gedib dostlarına da desin, onlar da gəlsinlər.

Mən sürücü tanıyıram ki, ərəb turistlərin hesabına köhnə “Çeşka”sını dəyişib sprinter aldı. Özü də həmin ərəblər gələndə yenə onu axtarırlar. Çünki mehribandır, turistləri aldatmır, təmiz sövdələşmə aparır. Mən kiçik yeməkxananı icarəyə götürəni tanıyıram ki, artıq özünə müstəqil şəkildə kafe açdı. Hələ deyir ki, belə getsə iki ilə böyük restoran açacağağam. Bunun nəyi pisdir ki?! Dünənə qədər 3 işçıyə pul verirdisə, indi 15 işçini dolandırır. 15 işçi də ailəsinə pul aparır, dünənə qədər gerçəkləşdirə bilmədiyi arzularını xırda-xırda həyata keçirir. Bütün bunların artması üçün turistlərə xidmət səviyyəsi də yüksək olmalıdır. Ancaq şəhərin gözəlləşməsinə baxmayaraq, görülən işlərdə bəzi çatışmazlıqlar var.

Birinci çatışmazlıq taksi sürücüləri ilə bağlıdır. Onlara neçə ildir ki, xarici dili öyrənməyə dair kurslar təşkil edilsə də, hələ də normal şəkildə ünsiyyət qura bilmirlər. “Evrovision” hamının yadındadır. İlk böyük beynəxlxalq tədbirin necə keçiriləcəyindən həyacan keçirərdik. Taksi sürücüləri təmiz geyinmiş, üzlərini təraş etmişdilər. Bu “Formula -1” günlərində isə çoxunun üst-başından cin hürkür, özü də saqqalı vəziyyətdə. Belə çxıır ki, beynəlxalq tədbirlərə göz alışanda, nəticəsi belə olur. Özü də nə qədər tapşırılsa da, yenə də turistlərlə gizli sövdələşməyə girirlər, sayğacı işə salmırlar, yaxın yolu qəsdən uzadırlar. Turist bir dəfə aldanacaq, iki dəfə aldanacaq, üçüncüdə müşahidə aparıb görəcək ki, sürücü ona kələk gəlir. Bu da ölkəmiz barədə pus təsəvvür formalaşdıracaq.

Turist burada özünə rahatlıq axtarır. Daha istəmir ki, onun şortikinə, tatularla dolu bədəninə baxıb gülünsün. Hələ də onlara baxışlar, ya xısın-xısın, ya açıq-aşkar gülüşlər davam edir. Hələ də şortikli əcnəbilərə gülüb bunun milli düşüncə ilə düz gəlmədiyini deyib gileylənənlər var. Halbuki, öz kişilərimiz də şortik geyinir və buna göz öyrəşib. Bir açıq-saçıq geyinən qadın turist görən kimi gözlərini martıtdayanlar da kifayət qədərdir. Turistin də gözü var və özünü narahat hiss edir. Bundan başqa, bəzilərimiz xarici ölkəyə gedirik və hansısa ünvanı axtaranda çətinlik çəkirik. Kimsə kömək edəndə sevinirik. Düzdür, çoxumuz indi bizə gələnlərə ünvanı tapmaqda kömək etməyə çalışırırq, ancaq adamlar da var ki, kömək etmirlər və turisti buraxırlar taleyin ümidinə. Belə olan surətdə, o, çətin bir də bura gəlsin.

Çatışmazlıqdan biri də təmizlik işləri ilə bağlıdır. Əvvəllər beynəlxalq tədbirlər həm də şəhərdə yaxşı mənada dəyişikliklərə gətirib çıxarırdı. Yadınıza gəlirsə, “Evrovision” ərəfəsində paytaxtda hansı dəyişikliklər baş verdi. Nəinki, konsert keçirilən ərazilərdə, eləcə də Əhmədli, Günəşli kimi yerlərdə təmizlik işləri aparıldı. Süpürgəçilər neçə növbə ilə çalışırdılar. Bir siqaret kötüyü, bir salafan torba görünən kimi tez təmizləyərdilər. Parklar, xiyabanlar gül-çiçəyə bürünmüşdü. Köhnə binaların qarşısı örtülürdü, yarımçıq qalan binaların içi olmasa da, fasadları başa çatdırılırdı. Hətta asfaltlar da tez vurulub qurtarırdı. Hər beynəlxalq tədbirə güclü hazırlıq işləri görülərdi.

Ancaq bu günlərdə şəhər yaxşı təmizlənmədi. Paytaxtın Səbail rayonu hissəsini çıxmaq şərtilə, digər rayonlarda yarımçıq qalan işlər başa çatdırılmadı. Metronun “28 may” stansiyası ərazisində siqaret kötüyündən, kağız-kuğuzdan yer yoxdur. Səhər təmizlənir, daha günorta və axşam əl vurulmur. Bu da təkrar etdiyimiz kimi beynəlxalq tədbirlərə gözümüzün alışmasından irəli gəlir və heç də arzuolunan hal deyil. Halbuki, bir turist o zibilləri telefona çəkib internetlə yayımlasa, bütün çəkdiyimiz əziyyət heçə gedəcək. Bakının təmizliyi barədəki sözlərimizin qara qəpiklik xeyri olmayacaq.

Şair belə yerdə necə deyib, sözümün yalanı, baxtımın gümanı.