Türk idmançıları Qənirə Paşayeva ilə görüşüblər

turk-idmancilari-qenire-pasayeva-ile-gorusubler-
Oxunma sayı: 635

Q. Paşayeva Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütövlükdə Türk Dünyası üçün önəm daşıdığını vurğulayaraq, iki qardaş ölkənin tərəqqisinin digər türksoylu xalqlar, respublikalar və əslində bütün region üçün faydalı olduğuna dair fikirlərini bölüşüb. Diqqəti Azərbaycan torpaqlarının işğalı faktına, bu faktın bütün Türk Dünyasını narahat etməli olan bir məsələ kimi xarakterizəsinə yönəldən Qənirə Paşayeva onlara Azərbaycan həqiqətləri ilə bağlı daha geniş bilgilər verib və fikir mübadiləsi aparılıb.

Görüş və geniş fikir mübadiləsi üçün millət vəkili Qənirə Paşayevaya təşəkkür edən Sayokan Dünya Federasiyasının rəhbəri Yabğu Nihat İgid, DSF-ın prezidenti Doç. Dr. Unal Ozdemir, DSF-ın vitse-prezidenti Yrd. Doç. Dr. Mücahit Coşqun isə bildiriblər ki, onlar Azərbaycanı öz vətənləri bilirlər və dost, qardaş Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişlənməsinə sevinirlər. “Türk birliyinin güclənməsində idmanın da rolu çox böyükdür”, - deyən qonaqlar Sayokan Türk Döyüş növünün Türk dövlətlərində və toplumlarında inkişafının vacibliyini diqqətə çatdırıb və bu istiqamətdə Türk dövlətlərində beynəlxalq səviyyədə yarışların, tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Türk xalqlarının idman növü olan Sayokan Türk Döyüş növünün son illərdə inkişafından məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu sadəcə bir idman növü deyil, onun böyük fəlsəfəsi var və gənclərimizin onu öyrənməsi və sahib çıxması olduqca vacib və əhəmiyyətlidir. Federasiya rəhbərlərinə bu istiqamətdə fədakar əməklərinə görə təşəkkür edən millət vəkili Qənirə Paşayeva Sayokan Türk Döyüş növünün son zamanlar Azərbaycanda da yayılmasından və inkişafından sevindiyini və bu istiqamətdə işlərin daha da sürətlənməsinin vacibliyini vurğulayıb. Q. Paşayeva bildirib ki, bir millət vəkili olaraq o da bu istiqamətdə əlindən gələn dəstəyi göstərməyə çalışacaq.
Görüşün sonunda millət vəkili qonaqlara Azərbaycan həqiqətlərini özündə əks etdirən kitablar və materiallar hədiyyə edib.

Nigar Məmmədli