Türkan Şoray gəlir

turkan-soray-gelir
Oxunma sayı: 865

ANS PRESS-in məlumatına görə, məşhur aktrisa Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən istedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində baş tutacaq. Aktrisa Bakıya dəvət olunan tanınmış qonaqlardan biridir. Festivalın rəsmi internet saytında yazılanlara görə, uzun illər boyunca öz istedadı ilə yalnız kinosevərlərin deyil, hər kəsin sevgisini qazanmış tanınmış sənətkar Türkan Şoray 3 gün müddətində şəhərimizin qonağı olacaq.

Xəbərdə bildirilir ki, Türkan Şoray noyabr ayının 26-da toplantının rəsmi açılışında iştirak edəcək. Məhz elə həmin gün Türkan Şorayın iştirakı ilə kino sənəti sahəsində master-klass təşkil olunacaq. Master-klass zamanı gənclərlə görüşəcək. Türkan Şoray onlarla aktyorluq sənətinin sirlərini və özünün professional biliklərini paylaşacaq. Master-klassdan əlavə Türkan Şorayın yeni filminin nümayişi və müəllifi olduğu kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, noyabrın 26-30-da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda İstedadlı və Yaradıcı Gənclərin II Respublika Toplantısı keçiriləcək. Toplantı yaradıcı gənclərin problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi məqsədi ilə keçirilir. İlk dəfə 2007-ci ildə keçirilmiş toplantı yaradıcı gənclər üçün onların problemlərinin müzakirəsi, müxtəlif təkliflər ilə çıxış etmək və qərar qəbuletmə prosesində iştirak üçün platforma rolunu oynayıb. Bu platformanın davamı olan II Respublika Toplantısının ilk toplantıdan fərqli olaraq tamamilə yeni formatda keçirilməsi nəzərdə tutulub. Tədbirin proqramına əsasən, toplantı çərçivəsində plenar iclaslar, yerli və dünyaşöhrətli sənətkarların iştirakı ilə master-klasslar, müxtəlif yaradıcılıq istiqamətləri üzrə festival, müsabiqə, sərgi, moda nümayişi, konsert proqramları təşkil ediləcək.