Türkiyə, Gürcüstan sevgisi də bir yerə qədərdi...

turkiye-gurcustan-sevgisi-de-bir-yere-qederdi
Oxunma sayı: 4875

Günel Hacı

Keçən dəfə xaricdə yaşayan dostum azərbaycanlıları ölkədən kənara çıxmamaqda günahlandırırdı. İnandırım sizi, bir il ərzində geyimimdən, gəzməyimdən (yəməyimdən desəm, dostlarım inanmaz onsuz) kəsib pul yığmışam. İndi də üçü beşə, beşi üçə yapışdırıb topladığım o pulla bir-birimizə baxa-baxa qalmışıq. İşdi birdən devalvasiya olsa, baxacaq pulum da olmayacaq. Ona görə də neçə aydır çalışıram ki, bir yer tapıb tez bilet alım. Amma gəl ki, məni bəyənəni mən bəyənmirəm, mənim bəyəndiyim də məni bəyənmir.

“Google Maps”də dünyanı Acundan 2 dəfə çox dövrə vurmuşam, istədiyim ölkələri, küçələri qarış-qarış gəzmişəm.

Müdirin gözündən uzaq, “Pegasus” , “Wizz Air” hava yolu şirkətlərinin saytına “Qafqazinfo”dan çox baxmışam, ölkələrdə qalınacaq ən sərfəli hostelləri belə bron etmişəm, gəl gör ki, hələ də gedəsi bir yer tapmamışam.
Uçuş tarixlərini seçirəm, viza üçün gec olur, vizanı seçirəm, məzuniyyətim bitir. Viza istənməyən ölkələrə də yanıma yandaş tapmıram. Yoxsa məndən olsa, Uqanda, Zambiya, Baham adaları daha maraqlıdır, nəinki Paris, London. Tək getsəm sonumun Magellana bənzəməsindən qorxuram (red: ilk dəfə dünya səyahətini gerçəkləşdirmiş səyyah Flippin adalarında yerlilər tərəfindən öldürülüb).

Bilmirəm naşükürlükdəndir, ya necə? Türkiyə, Gürcüstan sevgisi də bir yerə qədərdir. Sözün düzü, mənə ən maraqlı olan ölkə Özbəkistan, Qırğızıstan idi. Həmin ölkələrə getmək üçün ən sərfəli vasitə gəmidir, ona da Allahın Türkmənistanı viza istəyir. Yoxsa belə Səmərqəndə birbaşa gediş-gəliş üçün ən ucuz biletin qiyməti 1100 manat, yəni əlimdə olan pulla eynidir.

Heç olmasa, Azərbaycan Afrika qitəsində olsaydı, bizdən viza istəməyən ölkələrə ayda bir-iki dəfə gedib gələrdik. Məsələn, hazırda Tanzaniyaya sadəcə gedib-gəlmək xərci 1600 manatdan yüksəkdir. Belə baxanda həmin pula Qaxda özüm üçün ayrı bir ölkə yaradaram. Onsuz da rayonda hara baxsan, gürcüdür. Gürcülər də Avropa Birliyi görmüş, şengenə vəsiqə qazanmış millətdir.

Üçüncü devalvasiyanın qorxusu ilə yaşadığımız ölkədə əvvəldən təyyarə biletini də almaq olmur ki, səyahətə çıxan zaman pulun olmaz. Pulun qalsa da, möhtərəm səfirlik birdən viza verməyi gecikdirər. Əlində bileti ilə vizası alınmayan az adam görməmişəm. Kasıblığın bu cayıl vaxtında insan 1 manatının üstündə titrəyir, qaldı ki söhbət avro, dollardan gedə...

Dünən öyrəndim ki, Bakı Beynəlxalq Avtovağzalı Bolqarıstan səfirliyi ilə əməkdaşlıq etdiyi üçün səfirlikdən 3 gün ərzində viza almaq mümkündür. Avtobusla gediş haqqı 130 manat, yol isə təxmini 38 saatdır. İndi də son ümidləndiyim yer oradır. Düzdür, dəymədiyini düşünürəm, ancaq yenə bir ümid. Sözümün canı, siz elə bilməyin ki, bu ölkədən çıxmaq elə asandır. Venesiya, Vyana, Marsel xəyalları qurub çox güman Tiflis körpüsündə şəkil paylaşacam.

Qeyd: Neçə həftədir, xaric planım alınmır deyə depressiyaya düşürəm, dərd çəkirəm. Bir az əvvəl “baş redaktorlar harada istirahət edəcək” başlıqlı yazı ilə qarşılaşdım. Cavablardan belə başa düşdüm ki, ölkədən kənara çıxan olmayacaq. Dedim, onlar getmirsə, mən niyə belə dərd çəkirəm?..