Türkiyə müharibəyə hazırlaşır?

turkiye-muharibeye-hazirlasir
Oxunma sayı: 2142


 Dövlət başçısının sözlərinə görə, Türkiyə müharibə istəmir və Ankara regionda sabitliyin saxlanmasına çalışır, lakin buna baxmayaraq, ölkə müharibəyə hazır olmalıdır. A.Gül ölkənin Silahlı Qüvvələrinin gücləndiyini qeyd edərək bunun zərurət olduğunu bildirib.
Prezident habelə məhz Türkiyənin ilk dəfə yerli qırıcılar, yalnız bundan sonra yerli mülki təyyarələr istehsal etdiyini bildirib (trend.az).

Bu arada “Trend”in “Hurriyet Daily News” qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da “Əl-Qaidə”nin fəaliyyətinin Türkiyənin təhlükəsizliyini təhdid etdiyini deyib. O qeyd edib ki, Türkiyənin terror qruplaşmalarını dəstəkləməsi barədə bəyanatlar həqiqətəuyğun deyil.

“Keçmişdə Türkiyə ”Əl-Qaidə"nin fəaliyyəti nəticəsində zərər çəkib. Hazırda müxtəlif qabaqlayıcı tədbirlər terrorçularla mübarizəyə yönəldilib",- deyə ölkənin XIN rəhbəri bildirib.
Onun sözlərinə görə, Suriyadakı terrorçu qruplaşmalar xarici həmkarları ilə ünsiyyət zamanı daim müzakirə mövzusu olub və əlavə edib ki, bir çox ölkələr ekstremizmlə mübarizəyə ruh yüksəkliyi ilə gəliblər.
Türkiyə prezidenti və xarici işlər nazirinin eyni vaxtda belə bir bəyanatla çıxış etməsi təsadüfidirmi? 
Qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi təcavüz Türkiyənin də üzvü olduğu NATO-nun fəallaşmasına səbəb olub. Belə olan halda Türkiyə rəhbərliyinin bu cür bəyanatlarla çıxış etməsinin əsas səbəbi nədir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə rəhbərliyinin müharibə hazırlığı xəbərdarlığının Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olmadığını deyir. Çünki Rusiya ilə Türkiyə arasında münasibətlər normaldır. Baxmayaraq ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanın Krımı işğalını pisləyir.

Ekspertin fikrincə, xəbərdarlıq məhz Suriyadan gələn təhlükə ilə bağlıdır. Əgər Abdulla Gül və xarici işlər naziri Əhməd Davudoğlu eyni zamanda belə açıqlama veriblərsə, deməli, onların əlində bu dəqiqə kəşfiyyat məlumatları var: “Görünür, Suriyada bəzi terrorçu qruplar, o cümlədən ”Əl-Qaidə" Türkiyə əleyhinə nəsə planlaşdırıblar. Bir dəfə Türkiyə belə bir hadisə ilə üzləşmişdi. Bir gündə Istanbulun müxtəlif yerlərində partlayışlar törədilmişdi. Xeyli insan qətlə yetirildi. Görünür, Türkiyə rəsmilərinin əlində bu növ kəşfiyyat məlumatları var. Indidən əhalini xəbərdar edirlər ki, hazırlıqlı olsunlar". 

Azadliq.info