Türkiyə nə üçün dilimizi anlamayıb gülür?

turkiye-ne-ucun-dilimizi-anlamayib-gulur
Oxunma sayı: 2788

Raminə Eyvazqızı

Qabaqcadan deyirəm ki, Türkiyə xalqını mən də çox istəyirəm, onların ayağına daş dəyməsini əsla istəmərəm, tək bayraq sevgilərinin paxıllığını isə həmişə çəkməkdəyəm. Sevginin qarşılıqlı olması bütün ikiayaqlılarda mütləqdir, başqa cür mümkün deyil, baxmayaraq ki, dördayaqlılar çox vaxt bu məsələdə kamil canlı olan bizləri üstələyirlər.

Biz Türkiyəyə həmişə can atmışıq. 90-cı illərdə yatmış sevgimiz oyanar-oyanmaz oranın saqqızını çeynəməkdən belə qürur duymuşuq. Xatırlayıram, jurnalist İbrahim Nəbioğlunun təqdimatında efir məkanımıza daxil olan “Zaman Tv”də bir neçə saatlıq verilişlər, filmləri səbirsizliklə gözləyərdik. Sibelcanların posterlərini almaq üçün pul toplayan oğlanlar vardı. Oranın üçüncü növ şokoladından dadmaq xoşbətlik idi. Yavaş-yavaş Türkiyə telekanallarının efir məkanımızdakı yayım vaxtı uzadıldı, hətta bir az sonra tam yayımı izləməklə sevinişdik. O vaxtlar, sevincimizin səbəbi təkcə bizim dövlət televiziyasından (AZTV) başqa seçimimizin olmaması deyildi, özəl kanalların mayası isə hələ yox idi. Təzə-təzə TRT 1, KanalD verilişlərini izləmək bizə qulaq və gözümüzün öyrəşdiyi ruscadan daha doğma gəlirdi. Və bizlər qısa müddətdə Türkiyə türkcəsini uşaqdan-böyüyə elə gözəl mənimsədik, çözdük ki, lüğət və tərcüməçiyə ehtiyac da qalmadı.

Bu doğmalıqdan, sevgidəndi. Günü bu gün də türkiyəli ilə söhbətdə avtomatik şəkildə türkcəmizi dəyişməyə vərdiş edirik. Məsələ ondadır ki, sağolsunlar, onlarla efir məkanımızdan tutmuş, mətbəximizə qədər çiyin-çiyinəyik. Demirəm ki, onların işləməsi üçün eninə- geninə şərait yaratmışıq, yerli insanımızdan beş qat qazancları olur. Baxmayaraq ki, eyni münasibət, imkanları qardaşımızdan görmürük. Olsun, yenə də doğmamızdırlar. Bəzən adama elə gəlir ki, biz onlarda qonaqıq. Türkiyəli həkimlər TV kanallarımızda rahat şəkildə türkcəsində danışırlar, aşbazları mətbəximizi öz məhsulları və xörəkləri ilə zənginləşdirməklə yanaşı, dillərində resepti elan edirlər, türkiyəli bərbərlər yenə də qadınlarımızı öz dilində dindirirlər.

Bu yaxında türkiyəli elm adamının seminarında oldum, iki saatlıq məruzəsi öz dilində oldu, bizimkilər onu anladı, amma necə oldusa verilən doğma dilimizdəki sualları o başa düşmədi. Axı niyə? 30 ilə yaxındır ki, iki qardaş ölkə kimi istiləşirik, amma biz türkiyəlinin nə dediyini əla başa düşürük, amma onlar hələ də dilimizi anlamırlar. Yeri gələndə dilimizi məsxərəyə qoyub gülürlər. Hərdən nümunələr gətirib şirinləşirlər də.

Bəli, məna fərqləri var, gülüş doğuran məqamları da var. Bu barədə qocaman publisist Firuz Əhmədlinin adını xatırlamadığım kitabı da var. Hətta bu sözlərin məna fərqi dövlət səviyyəsində də lətifələrə səbəb olub. Amma bu dilimizi öyrənməmək üçün türkiyəliyə bəhanə ola bilməz. Halbuki Türkiyənin Anadolu bölgəsinin (qərbi oğuz qrupu) insanları bizim sözlərin hardasa hamısını işlədir. Bəs türkiyəlinin hərdən dilimizə kəm gözlə baxmağının səbəbi nə ola bilər?

Sevgisinə inanırıq, etibarına güvənirik. Bəs nə mane olur? Tək bir məqamı qeyd edirəm. Bu vaxta qədər Türkiyənin yüzlərlə tv kanalından birində də bizim kinomuza rast gəlməmişəm. Onların filminə tərcüməsiz baxmaqdan zövq aldığımız halda, onlar bizi tərcümə etməyə belə maraq göstərmirlər. Musiqimizin vurğunudurlar, amma görkəmli müğənnilərin üzünü onların gözündə görməmişik əsla. Bu o deməkdir ki, onlar bizi onlar qədər təbliğ etmirlər. Türkiyə Teleradio Qurumunun (RTÜK) göstərişinə görə, əcnəbi, o cümlədən azərbaycanlı belə oranın TV-sındə Türkiyə türkcəsində danışmağa məcburdur. Bu doğma dilə sonsuz hörmətdir. Türkiyə dilini bizdən də çox sevir, lap əcəb edir. Bəs biz qardaşımızdan dil sevgisini niyə öyrənə bilmirik?