Türkiyə Rusiyanı bir daha vurarsa...

turkiye-rusiyani-bir-daha-vurarsa
Oxunma sayı: 5486

Şahin Cəfərli

Ukrayna böhranı başladıqdan bir qədər sonra Soros Qərb dövlətlərinə məsləhət görmüşdü ki, Ukraynaya yardım etmək lazmdır, amma bunu edərkən Rusiyanı çox küncə qısnamaq düzgün olmaz, çünki küncə qısılmış Putin özünü yaralı canlı kimi daha aqressiv apara bilər. (Aqoniya durumu.) Qərb Rusiyaya sanksiyalar tətbiq etsə də, dialoq kanallarını heç vaxt qapatmadı və indi də qapatmayıb. Lakin son günlər Putinin əvvəlcə Britaniya tərəfindən radioaktiv maddədən istifadə etməklə Londonun mərkəzində terror törətməkdə, az sonra isə ABŞ tərəfindən rəsmi şəkildə korrupsiyada ittiham olunaraq olan-qalan müsbət reputasiyasının da darmadağın edilməsi Kremldə deyəsən, küncə sıxılmışlıq duyğusu yaradıb və ağrılı (idiosinkrazik) reaksiyaya səbəb olub. Belə görünür ki, Putin qarşı cəbhədə zəif həlqə kimi Türkiyəni seçib. Bu, eyni zamanda, Türkiyənin Suriyada Rusiyanın siyasətinə əngəl törətməyə çalışan əsas regional güc olması və bölgədə iki dövlətin maraqlarının kəskin ziddiyyəti ilə də əlaqəlidir.

Söhbət ondan gedir ki, yanvarın 29-da Rusiya hərbi təyyarəsi yenidən Türkiyənin hava sərhədini pozub və hadisə Ankaranın eyni gün NATO-nun aparıcı üzvləri (ABŞ, Britaniya, Almaniya, Fransa) ilə məsləhətləşmələrindən sonra bu gün açıqlanıb. Pozucu təyyarə ötən dəfə “Su-24” bombardmançısı idi, bu dəfə isə həm bombardman, həm də hava döyüşü üçün nəzərdə tutulan çoxfunksiyalı “Su-34” olub. Yəni, Türkiyə aviasiyasının hər hansı həmləsinə bu təyyarənin müqavimət imkanları vardı. Olayın Suriya danışıqlarının başladığı gün baş verməsi diqqət çəkir, digər diqqətəlayiq amil isə son vaxtlar Əsəd ordusunun Rusiyanın havadan, İranın yerdən fəal dəstəyi ilə şimalda Türkiyə sərhədlərinə doğru irəliləməyə başlamasıdır. Məqsəd Türkiyə ilə bu zonadakı anti-Əsəd qüvvələri arasında bağlantını kəsməkdir. İranlılar iddia edir ki, Türkiyə öz ərazisindən Əsəd qüvvələrinə uzaqvuran artilleriya ilə zərbələr endirir. Türkiyənin son dönəmdə Amerikanı işin içinə daha çox çəkməyə və beləliklə, Rusiyanın aktivliyini məhdudlaşdırmağa çalışması da Moskvanı qıcıqlandıran amildir. (Baydenin Suriyada quru əməliyyatları keçirə biləcəklərini Ankarada bəyan etməsi. ) Lakin istənilən halda, növbəti sərhəd pozuntusu rasionallıqdan uzaq addımdır və rusların nəyə görə Türkiyənin NATO tərəfindən yalnız buraxılacağı fikrinə düşməsi anlaşılan deyil. Pozuntu faktını NATO da qeydə alıb və baş katib Stoltenberq operativ şəkildə Türkiyəni müdafiə edəcəklərini açıqlayıb. Məsələ onda deyil ki, NATO dövlətləri Türkiyəni sevir. Söhbət NATO-nun prestijindən gedir, ittifaqın öz üzvünü qorumaq iradəsinə sahib olub-olmaması onun nüfuzu və çəkindiriciliyi (caydırıcılık) baxımından çox önəmlidir. Düzdür, NATO ölkələri, xüsusən vidaya hazırlaşan pasifist Obama administrasiyası Rusiya ilə hərbi gərginlikdə maraqlı deyil, Vaşinqton Suriya bataqlığına indikindən daha artıq bulaşmağa həvəsli görünmür, amma bu, o demək deyil ki, Putinin Qərb blokunun parçalanmasına yönəlmiş şıltaqlıqlarına və o bölgədə dominant rol oynamağa çalışmasına dözüm göstəriləcək.

Türkiyə sərhəd pozuntusunun bir daha təkrarlanacağı halda, ötən ilin noyabrında olduğu kimi, təyyarəni vuracağına dair ən üst səviyyədə (Ərdoğan) xəbərdarlıqla çıxış edib. Rusiya tərəfi isə (Konaşenkov) öz qeyri-ciddi ilkin reaksiyası ilə Kremldəki mövcud siyasi iradənin zehniyyətini bir daha ortaya qoyub.