Türkiyə silahı

turkiye-silahi
Oxunma sayı: 2303

 Son həftə ərzində cəbhə xəttində gərginlik yenidən artdı. Bütün cəbhə boyu intensiv atışmalar müşahidə olundu. Artan gərginlik fonunda bəzi pərdəarxası məqamlar xüsusi diqqət və həssaslıq tələb edir. 

Əvvəla qeyd edim ki, ötən həftə baş verən atəşkəs pozuntularının ən ciddi məqamı ermənilərin əsas hədəfinin mülki əhali və yaşayış məntəqələrinin olması idi. 

Sözsüz ki, Tərtərdə toy mağarının atəşə tutulması, Tovuz və Qazaxda erməni atəşindən evlərin yanması gərginliyin əsas hədəfi barədə hər şeyi deyir. 

Əvvəlcə cəbhə xəttinin hamının bildiyi və çox mühüm bir özəlliyini yada salaq.

Məsələ ondadır ki, Araz qırağından, yəni Cəbrayıl rayonundan Goranboya qədər cəbhə xəttinin yalnız bir tərəfində yaşayış məntəqələri var. Füzuli, Ağdam, Tərtər, Goranboy rayonunda elə yaşayış məntəqələri var ki, cəbhə xəttinə bitişikdir. Qarşı tərəfdə isə ermənilərin yaşayış məntəqəsi və təbii ki, dinc əhalisi də yoxdur.

Cəbhənin Qazax, Tovuz, Gədəbəy istiqamətindən keçən hissəsində hər iki tərəfdə yaşayış məntəqələri var. Qazax və Tovuz istiqamətində bu yaşayış məntəqələri hər iki tərəfdən bilavasitə atəş xəttinə yaxındır.

Cəbhə xəttinin cənub və şimal istiqamətlərində belə fərqli situasiya əslində ermənilər üçün daha sərbəst manevr imkanları açır. Arxasında yaşayış məntəqəsi və mülki əhali olmayan erməni silahlı birləşmələri daha sərbəst hərəkət edir. 

Gərginliyin artması zamanı ermənilərin mülki əhalini atəşə tutduğu istiqamət Tərtər istiqaməti idi. O istiqamət ki, orada qarşı tərəfdə mülki əhali yoxdur.

Lakin ermənilər baş verənlərə başqa prizmadan yanaşmağa çalışır və bununla da diqqəti bu məqamdan yayındırmaq istəyir - Qarabağ cəbhəsi və Azərbaycan-Ermənistan sərhədi deyilən məfhumları ortaya atmaqla. Əlbəttə, bu, ermənilərin Dağlıq Qarabağı tərəf kimi göstərmək üçün quraşdırdıqları informasiya kombinasiyasıdır. Xoşagəlməz hal odur ki, Azərbaycanın bəzi KİV-ləri də bilməyərəkdən bu kombinasiyanın formalaşmasında müəyyən rol oynayır – Qarabağ cəbhəsi və Azərbaycan-Ermənistan sərhədləri məfhumlarını işlətməklə. 

Bu ayırma əslində erməni tərəfinə iki mühüm məsələdə lazımdır. 

Birinci – Ermənilər Dağlıq Qarabağı tərəf kimi təqdim etmək istəyir. 

İkincisi – Erməni tərəfi cəbhənin Tovuz və Qazax istiqamətlərini Azərbaycan-Ermənistan sərhədi kimi təqdim etməklə məhz bu ərazidə baş verənlərə daha çox diqqət ayrılmasını istəyir. Çünki yuxarıda deyildiyi kimi, Füzuli, Ağdam, Tərtər və Goranboyda mülki əhali ancaq Azərbaycan tərəfdə var. Qarşı tərəf isə bu məsələdə sərbəstdir və istədiyi vaxt mülki əhalini atəşə tuta bilir. Tovuz, Qazax istiqamətində isə belə cəhdlərə adekvat cavab verilir.

Son atəşkəs pozuntularında diqqət çəkən başqa bir mühüm məqam da var. Türkiyənin terrorla sözün birbaşa mənasında təkbətək qaldığı vaxtda erməni təbliğat maşını Dağlıq Qarabağ istiqamətində Türkiyə istehsalı olan reaktiv artilleriya qurğularından istifadə olunduğu xəbərini yaydı. Bu reaktiv mərmilərin dağıdıcı gücü kifayət qədər yüksəkdir. Lakin erməni tərəfi belə bir sübut ortaya qoymadı. Hətta əgər həmin mərmilər boş, kimsəsiz sahəyə düşmüş olsa belə onun özündən sonra qoya biləcəyi çalanın şəkli belə təqdim olunmadı. 

Qarabağda Türkiyə istehsalı olan reaktiv artilleriyadan istifadə barədə informasiya ermənilərin beynəlxalq vay-şivən kampaniyasından başqa bir şey deyildi. Bu məsələdə də çox təəssüflə qeyd olunmalı məqam bəzi Azərbaycan KİV-lərinin türk raketləri barədə xəbəri heç bir şərhsiz tirajlaması idi.

Yaranmış son situasiyada mühüm hesab oluna biləcək bir məqam da var. Artıq Ermənistanda bu məsələ daha ciddi müzakirələrə səbəb olur. 

Təsadüfi deyil ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Movses Akopyan da jurnalistlərlə söhbətində Türkiyənin Azərbaycana silah yardımını xüsusi vurğulamaqla informasiya həmləsində növbəti manevr edib.  Və həm də bu məsələdə təkcə Ermənistan rəsmisi yox, həm də ictimai fəalları sosial şəbəkələrdə Türkiyə raketləri məsələsini gündəmdə saxlamağa çalışır. Nə qədər qəribə də olsa, sosial şəbəkələrdə polemika apardığım, türk raketlərindən danışan erməni fəallarından heç biri söylədiklərini sübut edə biləcək heç bir fakt göstərə bilməyib. 

Heç kimə sirr deyil ki, Azərbaycan sülh danışıqları ilə paralel Ermənistanın iqtisadi təcrid siyasətini də maksimum imkanlarla həyata keçirir. Mərhum prezident Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi-diplomatik kombinasiya Ermənistanda ağır durum və yaranmış iqtisadi çöküşün əsas səbəbi kimi qarşı tərəfi ciddi narahat edir. 

Artıq bu situasiyanın fəsadları erməni cəmiyyətində ciddi ictimai müzakirələrə səbəb olur. Erməni diasporası bu siyasi kombinasiyanın fəsadlarını aradan qaldırmaq üçün beynəlxalq müzakirələrdə də bu problemi qabardır. Erməni tərəfi iqtisadi təcridin təkcə Ermənistan üçün deyil, bütünlükdə bölgə üçün fəsadlı olacağını əsaslandırmağa çalışır. Deməli, sözügedən siyasi-diplomatik kombinasiya öz nəticələrini verməkdədir. 

İndi Ermənistan Azərbaycanın Türkiyə ilə birləşərək blokada tətbiq etdiyini və bunun bölgə üçün fəsadlı olduğunu sübut etməyə çalışır. 

Və nəhayət artıq neçə illərdir müşahidə etdiyimiz reallıq. Son günlər müxtəlif beynəlxalq mərkəzlərdən Azərbaycanın ünvanına təzyiqlər və təhdidlər eşidilir. Doğrudur, insan haqları, söz azadlığı ilə bağlı təhdidlərin Qarabağ münaqişəsinə dəxli olduğunu da düşünmək olar, amma bu təhdidlərlə eyni vaxtda ermənilərin cəbhə xəttindəki provokasiyaları təsadüf deyil. 

Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsində yaranmış situasiya ciddi keçid mərhələsini şərtləndirə bilər. Bu situasiyada Azərbaycanın üstünlüyü Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi təcrid kombinasiyası və hərbi imkanlarının artıq olmasıdır. Azərbaycanın sabit və aydın mövqeyi var. Ermənistan isə yaranmış vəziyyətdə duruş gətirmək üçün müxtəlif provokasiyalara əl atmaq məcburiyyətindədir. Təbii ki, belə provokasiyalardan “ən sınanmışı” atəşkəsin pozulmasıdır. Azərbaycanı ittiham etmək üçün isə Türkiyə istehsalı olan reaktiv raketlər əla bəhanədir. 

“Qafqazinfo”