Türkiyə vəziyyəti “rusca” etdi...

turkiye-veziyyeti-rusca-etdi
Oxunma sayı: 4269

Nadir Qocabəyli

Əziz türk qardaşlar, məsələ burasındadır ki, ən əvvəl mən Türkiyənin rus uçağını onun hava sərhədini pozması bəhanəsiylə bu şəkildə vurmasını bir türk olaraq özümə yaraşdırmadım. Nə deyirsiniz-deyin, istəyirsiniz məni söyün, asın, kəsin, amma yaraşdırmadım. Tutaq ki, lap bu rus təyyarəsi sərhəd zonasıyla uçarkən bilmədən bir-iki metr yolundan çıxıb, ya da şıltaqlıq, yaxud qanmazlıq edib, məgər buna görə qonşu-qonşuya qarşı ən sərt addımı atar? Özü də münasibətlərin xeyli yaxşı olduğu, siyasi, iqtisadi, mədəni əlaqələrin, qarşılıqlı ticarətin, turizmin və sairənin günü-gündən inkişaf etdiyi bir məqamda. Məgər bu məsələni yoluna qoymağın başqa üsulu yox idi? Əminəm ki, var idi. Amma Türkiyə özünü qonşu uşağının topunu deşən pis qonşu kimi apardı və ən pisi də odur ki, bunu kimlərəsə xoş gəlmək üçün etdi...

Rusiya ilə Türkiyə nəyi bölə bilmirlər axı? Məgər hər ikisi bir ağızdan terrora qarşı mübarizə apardığını, bir-biriylə əməkdaşlıq etməli olduğunu bəyan etməyib? Məgər Türkiyə partladılan rus sərmişin təyyarəsinə görə, Rusiyaya başsağlığı vermədi? Məgər Parisdə törədilən terror hadisələri həm Rusiya, həm Türkiyə tərəfindən pislənmədi? Məgər 20-lərin Antaliyada keçirilən sammitində terrora qarşı birgə mübarizə aparmaqla bağlı razılığa gəlinmədi? Əsədin hakimiyyətdə qalıb-qalmamasını müzakirə etmək razılaşdırılmadı?

Beləydisə, bəs birdən-birə nə oldu? Niyə Türkiyə bir anın içində hər şeyin içinə “zad” qoydu?
Əvvəlcə türk qardaşlarımız Suriyanın Türkmən dağı deyilən ərazisində rusların türkmənləri bombalaması haqda xəbərlər və şəkillər yaydılar. Mən bu xəbərlərin və şəkillərin həqiqəti əks etdirməsinə zərrə qədər inanmadım. Çünki sadə məntiq var, qardaş. Axı ruslar dinc türkmənləri niyə bombalasın? Bunda məqsəd nə ola bilər? Ruslar bölgəyə Suriya hökümətinin dəvəti ilə Bəşər Əsədi devirmək istəyən silahlılara, konkret olaraq İŞID-a qarşı mübarizədə ona kömək etmək üçün gediblər, dinc türkmənləri öldürmək üçün yox. Digər tərəfdən, tutaq ki, rusların bolgədə hansısa hərbi əməliyyatlar aparması, Əsədi müdafiə etməsi sənə ləzzət eləmir. Bunu dəfələrlə dolayısı ilə ifadə də etmisən. Amma bir rus təyyarəsini vurub, tez qaçıb NATO-ya sığınmaqla bu problem həll olundumu? Türkmənlər qurtuldumu? Əksinə, durum daha da pisləşdi. Bir gün keçməmiş Suriya ərazisində 20 TIR yandırıldı, 2 rus pilotun əvəzinə, 7 sürücü öldürüldü. Gəlin, davam edək, biz də 7 sürücünün qisasını alaq, əvəzində 14 rus öldürək. Bu bizə lazımdırmı? Bunun sonu varmı?
Artıq Moskvada erməniləri aktivləşdirməklə bağlı çağırışlar səslənir. Millətçi Jirinovskidən tutmuş liberal Navalnıya qədər hamı türklərin dərsini verməkdən danışır. Moskvada Türkiyə səfirliyinə hücum olub, səfirliyi daşa basıb şüşələrini qırıblar. Rusiyada çalışan on minlərlə türkiyəli türkün həyatına və sağlamlığına təhlükə yaranıb, biznesi, işgüzar fəaliyyəti təhlükə altına düşüb. Türkiyəyə uçuşlar dayandırılıb, Türkiyəyə milyardlarla dollar xeyir verən rus turistlərin səfərlərinə qadağa qoyulub və s. Hələ mən bunun Rusiyadakı azərbaycanlıların həyatına hansı təsirinin olacağını, Qarabağ cəbhəsində nələrə gətirib çıxaracağını, ermənilərin bu fürsətdən necə istifadə edəcəyini demirəm.

Nə var, nə var, sayın Ərdoğan həmin bu rus təyyarəsinin vurulduğu ərazidə İŞİD-dan çox ucuz qiymətə neft alır, gündə 1,5 milyon xeyir götürürmüş və Putin də buna mane olmaq istəyirmiş. Əvvəla, öz ölkəndə terrora qarşı mübarizə apardığın halda, niyə daha dəhşətli terrorçularla çirkin oyunlara girirsən? İkincisi, tutaq ki, lap hansısa məqsədlərə görə girmisən və yaxşı da pul qazanırsan, amma ruslar buna mane olur. Məgər bir rus uçağını vurmaqla bu maneəni aradan qaldıracağını düşünürsən? Əksinə, vəziyyəti daha pisləşdirdin və indi də deyirsən ki, biz münasibətlərin korlanmasını istəmirik.

Bir neçə kəlmə də rus təyyarəsinin vurulmasına sevinən azərbaycanlılar haqda. Bu hadisəyə sevinənlərin məsələyə eyforik münasibətindən dəhşətə gəlməmək mümkün deyil. Siyasət bir yana, insan ölümüylə müşayiət olunan bir hadisəyə necə bu dərəcədə, həm də açıq-aşkar sevinmək olar? İndi deyəcəksiniz ki, 20 Yanvar və Xocalı. Bəli, 20 Yanvar da, Xocalı da ağılsız siyasət, qərəzli təxribat sayəsində ortaya çıxdı. Eyni zamanda, bütün faciələr, bütün qətliamlar, bütün soyqırımlar insan aqressivliyinin, kinin, qəzəbin, nifrətin məhsulu deyilmi? Axı bizim ruslarla bağlı xatirələrimiz təkcə 20 Yanvar və Xocalıyla bağlı deyil! Həm də bu faciələrə görə bütün ruslarlı suçlamaq nə dərəcədə doğrudur? Cinayətkarlar, qəddar adamlar bütün millətlərdə var və təəssüf ki, bu cür insanların əlinə bəzən hakimiyyət də keçir. İndi buna görə bütöv xalqları qaralamaq nə dərəcədə doğru yanaşmadır? Məgər indi bütün türklər, bütün Türkiyə rus təyyarəsinin vurulmasını alqışlayır?

Digər tərəfdən, Türkiyə ilə Rusiya arasında gərginlik olması Azərbaycanın bütün maraqlarına birbaşa zidd deyilmi? Biz bu məsələdə barışdırıcı mövqe tutmaqla yanaşı, həm də həqiqəti deməyə özümüzdə güc tapmalıyıq. Əgər türklər etnik qardaşlarımızdırsa, ruslar da daimi və böyük, son 200 ildə ortaq talelərimiz, dəyərlərimiz olan qonşularımızdır. Nəzərə almalıyıq ki, Rusiyada yaşayan 2 milyondan çox azərbaycanlı özlərini elə Türkiyədəki azərbaycanlılar qədər rahat hiss edir, normal əmək fəaliyyəti ilə məşğul olurlar. Eyni zamanda, Rusiya təkcə rusların daimi vətəni deyil, orada elə Türkiyədəki qədər türk də yaşayır.

Sonda bir məsələni qeyd etməkdə də yarar var: İŞİD və bənzər terror təşkilatlarının burada qol-qanad aça bilməməsində yerli hakimiyyət orqanlarımızla yanaşı Rusiyanın da ciddi rolu var. Terrorçularla neft alveri edənlərə, düşüncə baxımından onlara yaxın olanlara o qədər də güvənmək olmaz.