Türkiyədə 939 nəfər həbs olundu

turkiyede-939-nefer-hebs-olundu
Oxunma sayı: 1142


İstanbulda polislə etirazçılar arasında 24 saat davam edən toqquşmalardan sonra, minlərlə etirazçı Taksim meydanına toplaşıb. “Gezi parkı”nda ağacların kəsilməsinə qarşı çıxan böyük insan kütlələrinin meydana axışması ilə polis geri çəkilib. Minlərlə insan axşam saatlarından Taksimdə tam nəzarəti ələ alaraq, “qələbə”lərini bayram edib. 

Etirzçılar musiqi müşayiəti altında rəqs edərək, baş nazir Rəcəp Tayyib Ərdoğan hökumətinə qarşı iradlarını səsləndirib. Şənbə günü Türkiyə hökumət başçısı etirazçıları aksiyaya son qoymağa çağırıb. Mövqeyində dəyişməz qalan Ərdoğan polisin gec-tez etirazçıları dağıdacağını diqqətə çatdırıb. Polisin etirazçılara qarşı gözyaşardıcı qazdan ifrat dərəcədə istifadəsinə gəlincə, baş nazir məsələnin araşdırılacağını bildirib. 

Taksimdəki “Gezi parkı” ilə bağlı hadisələrə etiraz etmək məqsədilə İzmir şəhərində də nümayiş keçirilib. Basmane meydanına toplaşan yüzlərlə etirazçı ilə polis arasında toqquşma baş verib. Hadisə yerində olan sakinlər və kütləvi-informasiya vasitələrinin nümayəndələri istifadə olunan gözyaşardıcı qazdan zərər çəkib. İzmirdə 120-dən çox nümayişçi həbs edilib.

Paytaxt Ankarada da analoji aksiyalar keçirilib. Burada nümayişçilər 6 səyyar satış maşınını, 4 bələdiyyə maşınını və 2 avtomobili yandırıblar. Polisin müdaxiləsi ilə aksiya dağıldılsa da, şəhərdə iğtişaşlar davam edir.

Etiraz aksiyaları Kocaeli, Zonquldak, Əskişehir, Aydın və Burdur şəhərlərində də keçirilib. 

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, “Gezi Parkı”nın söküləcəyi xəbərlərindən sonra başlanan etirazlarda ümumilikdə 939 nəfər saxlanılıb, 26 polis əməkdaşı və 53 mülki şəxs xəsarət alıb./anspress/