Türkiyədə Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə simpozium keçiriləcək

turkiyede-azerbaycan-universitetinin-hemteskilatciligi-ile-simpozium-kecirilecek
Oxunma sayı: 905

Türkiyədə Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə növbəti beynəlxalq tədbir keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Təsəvvüf Araşdırmaları Beynəlxalq Simpoziumu: Nəsimi-650” tədbirinin digər həmtəşkilatçıları Azərbaycan Təhsil Cəmiyyəti və Türkiyənin Nevşehir Hacı Bektaş Veli Universitetidir.

Simpozium sentyabrın 9-dan 11-dək Türkiyənin məşhur turizm mərkəzlərindən olan Kapadokiyada keçiriləcək. 

Tədbir Azərbaycan Universitetində tədqiqatyönümlü ali təhsil müəssisəsi statusuna nail olunması və universitetin beynəlxalq elmi nüfuzunun artırılması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, eyni zamanda prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar universitetin tədbirlər planına uyğun olaraq təşkil olunur. 

Simpozium Türk dünyasında təsəvvüf fəlsəfəsi, təsəvvüfün tarixi, klassik ədəbi dil və bədii ədəbiyyatın inkişafında təsəvvüf şairlərinin yeri və rolunun müəyyənləşdirilməsi, ümumtürk elm aləmində təsəvvüf ədəbiyyatı ilə bağlı araşdırmalar aparan elm adamlarını bir yerə toplamaq, onların arasında elmi fikir mübadiləsini təmin etmək, yeni elmi tədqiqat və mübahisələrə zəmin yaratmaq, eyni zamanda təsəvvüflə bağlı elmi ədəbiyyatın keyfiyyətcə zənginləşməsini təmin etmək məqsədilə keçirilir.

Dil, ədəbiyyat, tarix, mədəniyyət, fəlsəfə, təhsil sahələrində Türk dünyasını maraqlandıran aktual məsələlərin müzakirə edilməsi, yeni elmi araşdırma istiqamətlərinin müəyyənləşdirilməsi, fikir mübadilələrinin aparılması və gələcəkdə Türk xalqları arasında keçiriləcək müştərək layihələrə zəmin hazırlanması kimi  müxtəlif istiqamətdə işlərin aparılması da beynəlxalq tədbirin məqsədləri sırasındadır. 

Daha ətraflı məlumat Azərbaycan Universitetinin saytında yerləşdirilib. Keçid aşağıdadır. 

http://au.edu.az/az/material/783/turkiyede-azerbaycan-universitetinin-hemteskilatciligi-ile-beynelxalq-simpozium-kecirilecek