Türkiyədə həbs olunanların Azərbaycandakı ortaqları – - Şok iddialar

turkiyede-hebs-olunanlarin-azerbaycandaki-ortaqlari-
Oxunma sayı: 6701


Son günlər Türkiyədə həyata keçirilən kütləvi həbslərlə bağlı “musavat.com” saytı “Türkiyədəki həbslər Azərbaycanı silkələməyə başladı” başlıqı yazı dərc edib. “Qafqazinfo” xəbər verirk i, yazıda sözügedən əməliyyatlarda həbs olunanların Azərbaycanla əlaqələrindən bəhs edilir və bir çox şəxslərin adları şəkilir. Həmin yazını olduğu kimi təqdim edirik:   

Dekabrın 17-də Türkiyə Mütəşəkkil Cinayətkarlıq və Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin İstanbul və Ankara şəhərlərində həyata keçirdiyi əməliyyatlarda həbs edilənlərin Azərbaycanla da əlaqəsinin olduğu barədə iddialar var. Təsadüfi deyil ki, bu cinayətlə bağlı artıq bir məmurumuz Qarsda həbsə alınıb.

Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun saxlanılması bomba effektli xəbər olsa da, nədənsə Azərbaycan rəsmiləri bu barədə danışmağı xoşlamır. Lakin Bakıda həyəcan və gərginliyin olması gələn xəbərlər arasındadır. M.Seyidovun konkret olaraq hansı rüşvət əməliyyatlarında iştirakı hələ tam dəqiqləşməsə də, əsas iddialar onun Türkiyədə həbs edilən güneyli iş adamı Rza Zərrabla bağlı olduğuna dairdir. Çünki R.Zərrabın İran pullarının “yuyulması” əməliyyatında Azərbaycandakı bankların da   rol aldığı və həmin pulların leqallaşdırıldıqdan sonra Naxçıvanla sərhəddən Türkiyəyə daşındığı deyilir.

Xatırladaq ki, Mirməhəmməd Seyidov Türkiyə ilə Naxçıvanı bir-birinə birləşdirən “Dilucu Sərhəd Qapısı”nda həbs edilib. Onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Hakimiyyət daxilindən məlumatlı mənbənin bilgisinə görə, M.Seyidovun həbsi Azərbaycanın gömrük sistemini ciddi silkələyib. Yuxarıdan tapşırıq verilib ki, təcili gömrük məntəqələrində İran pullarının “yuyulmasına” aidiyyəti ola biləcək adamların təmizlənməsi əməliyyatına başlanılsın.

Azəriinfo.org saytı da “Yeni Müsavat” a daxil olan bu məlumatı təsdiqləyəcək xəbər yayıb. Saytın xəbərinə görə,  Naxçıvan Muxtar Respublikasının  Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik gözlənilir. Hətta Dövlət Gömrük Komitəsinin dəhlizlərində Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, general-leytenantı Asəf Məmmədovun tutduğu vəzifədən azad ediləcəyi barədə söhbətlər də dolaşır. Qeyd edək ki, 1992-ci ildən gömrük orqanlarında işləyən general Asəf Məmmədov müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ilin yanvarından isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. O, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun ən yaxın adamlarından biri hesab olunur. Görünür, Türkiyədəki əməliyyatda üç nazir oğlunun həbsi Azərbaycan da bəzilərinin gözünü qorxudub və onlar ətrafı təmizləməklə mümkün təhlükələrdən özlərini sığortalamaq istəyirlər.

Sədərək Gömrük İdarəsinin rəisinin həbsinin və gömrükdə təmizləmə əməliyyatına başlanılmasının Rza Zərrabla birbaşa əlaqəsi olduğuna dair iddialar isə son günlər daha da artıb.

Əvvəlcə Rza Zərrab haqda qısa arayışa diqqət edək. Türkiyə mənbələrinin məlumatlarına görə, Rza Zərrab 10 müxtəlif istiqamətdə fəaliyyət göstərən Royal Holdinqin sahibidir.

2008-ci il yanvarın 25-də əsası qoyulan şirkətin qurucuları Rza Zərrab, Əhəd Xabaztamımı, Apdullah Həppani, Humayun Zatpəvər və Turqut Həppanidir. Bu adamlar İran və ərəb əsillidirlər.

2012-ci ilin iyununda Bakıda bu adamlara birbaşa heç bir bağlılığı olmayan, amma adında R.Zərrabın brendi olan “Royalbank”ın gözlənilmədən lisenziyası ləğv edildi.

Tezliklə bankın lisenziyanın ləğvinin əsl səbəbləri üzə çıxdı. Məlum oldu ki, bank əslində İranın çirkli pullarının “yuyulması”nın güdazına gedib. Bu barədə hətta məşhur WikiLeaks saytının yaydığı məxfi materiallarda da bəhs olunurdu. Həmin məlumatda deyilirdi ki, “Royalbank” 100 min kart istehsal edib və həmin kartlar İran vətəndaşlarına verilib. Məsələdən xəbər tutan Qərb ölkələri dərhal bu barədə Azərbaycan hakimiyyətindən izahat tələb ediblər. Milli Təhlükəsizlik Nazirliyinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, “Royalbank” İrandakı çirkli pulların “yuyulmasında” əsas vasitədir. Digər tərəfdən, bu bankın rəhbərliyində təmsil olunan Əli Cam adlı İran vətəndaşının adının “digər dolaşıq işlərdə də” hallandığı bildirilirdi.

Türkiyədəki həbslərdən cəmi bir neçə gün öncə Azərbaycan hüquq-mühafizə orqanları Fuad Camın beynəlxalq axtarışa verilməsi barədə məlumat yayıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən il fəaliyyəti dayandırılmış “Royalbank”ın sədri 29 yaşlı Fuad Cam külli-miqdarda mənimsəmədə ittiham olunur. “Bir neçə ölkənin vətəndaşlığını daşıyan F.Camın hazırda ABŞ-da olduğu ehtimal olunur. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb və buna görə də barəsində məhkəmənin hökmü ilə dövlətlər arası axtarış elan edilib” deyə, məlumatda bildirilirdi. Rza Zərrabın ittiham dosyesi onu təsdiqləyir ki, İran pullarının “yuyulmasında” əsas fiqur o olub və əməliyyatın aparıldığı bütün ölkələrlə kuratorluğu da şəxsən özü edib.

İran pullarının təkcə Azərbaycanda deyil, digər dövlətlər də  yuyulması prosesi çox sadə olub. Pullar leqallaşdırıldıqdan sonra “gömrük yaşıl işıq yandırıb” və küllü-miqdarda vəsait heç bir maneə olmadan (hətta Türkiyə aeroportunda kisələrdə daşınıb) Türkiyəyə daşınıb.

Hələ bir müddət əvvəl ölkə mətbuatında Azərbaycanda gömrük sistemində hüdudsuz səlahiyyətlər verilən Əbülfəz Məlikovun iranlı bir şəriki haqda məlumatlara diqqət çəkək. Dərc olunan məlumatlarda bildirilirdi ki, Əhəd ağa adı ilə tanınan iranlı şəriki Əbülfəz Məlikovun qüdrətli monopolistə çevrilməsində əsas rol oynayıb. Bu məsələnin araşdırıcıları iddia edirdi ki, Azərbaycanda gömrük monopoliyasının əsas adamı da əslində Ə.Məlikov yox, iranlı Əhəd ağadır. Əhəd ağa isə “Royalbank” Müşahidə Şurasının sədri Əli Camın (axtarışa verilən Fuad Camın atası) yaxın qohumudur.

Sxem qismən aydındır: “Royalbank”, sərhəd və Əhəd. İndi daha bir mötəbər mənbə iddia edir ki, sözügedən Əhəd Rza Zərrabın şəriki olan iranlı iş adamı Əhəd Xabaztamımdır.

Sonuncu iddianın həqiqət payının nə qədər olduğunu da demək çətindir. Çünki indi Türkiyədəki həbslər təkcə qonşu ölkəni yox, Azərbaycan da ortalığı qarışdırıb.

“Yeni Müsavat”a bu məsələ ilə bağlı olduqca mötəbər mənbədən verilən bir xəbərdə isə iddia edilir ki, son illərdə İranın 87 milyard avroluq çirkli sərmayəsini yuyan Güney Azərbaycan əsilli Rza Zərrabın Azərbaycandakı kampanyonu deputat Cavanşir Paşazadədir. Hörmətli Şeyximiz Hacı Allahşükür Paşazadənin qardaşı olan C.Paşazadə İrandan gələn çirkli sərmayə yuyulması prosesinin ciddi fiquratı olmaqla yanaşı, həm də Rza Zərrabın yaxın dostudur. 

Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbov, “AzersunHoldinq” başqanı Abdolbori Gözzal da Rza Zərrabla münasibətləri olan isimlər sırasında yer alır. İddia olunur ki, onlar da bu parayuma işinin işindədirlər və bu prosesə dövlətin bir sıra qurumlarının vəzifəli məmurlarını da rüşvət qarşılığında qatıblar. Rza Zərrabın daha bir azərbaycanlı dostu da hazırda İstanbulda fəaliyyət göstərir. O, “Palmalı” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovdur. Türkiyə polisindəki qaynaqlardan biri müxbirimizə deyib ki, hazırda istintaq M.Mənsimovun Rza Zərrabla işgüzar münasibətlərini və böyük rüşvət prosesindəki rolunu araşdırır.

Rza Zərrabın özü barədə isə əlimizə yetişən məlumatlardan birində iddia olunur ki, 29 yaşlı gənc iş adamının əsil ailəsi var, Türkiyə müğənnisi Əbru Gündəşlə onun evliliyi onun hazırda suçlandığı böyük əməliyyatın gərəyidir.

Əlimizdə olan bilgilərin araşdırılması mərhələsindəyik, bu səbəbdən onu tam dərc etmirik.

Yazıda adları çəkilən hər kəsin cavab haqqını tanıyırıq.

Musavat.com