Türkiyədən qonaqlar gəlir

turkiyeden-qonaqlar-gelir
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, bu gün Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QİƏT PA) Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasya Qeyri-hökumət Təşkilatları Əməkdaşlıq Dərnəyinin sədri İsmail Safi və Avrasya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri, “EkoAVRASYA” dərgisinin sahibi Hikmət Eren “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə Azərbaycana səfərə gəlir.

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva bildirib ki, 13-16 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq Türkiyəli qonaqlar sabah “Avrasya Strateji Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində keçiriləcək “Azərbaycan – Türkiyə münasibətlərinin bu günü və gələcəyi: QHT və beyin mərkəzlərinin bu münasibətlərin inkişafında yeri və rolu” adlı elmi-praktik konfransda, həmçinin Xocavənd rayonunda “Qondarma erməni soyqırımı yalanları və Azərbaycan həqiqətləri” adlı konfranslarda iştirak və çıxış edəcəklər.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QİƏT PA) Türkiyə nümayəndə heyətinin rəhbəri, TBMM-nin üzvü İsmail Safi və Avrasya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Erenin Azərbaycanın dövlət və qeyri-hökumət qurumları və KİV ilə görüşləri də nəzərdə tutulub.